Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Görünür, Orta Asiya respublikaları Aİ və Yunanıstanla münaqişəyə girməmək, münasibətləri zədələməmək üçün Kipr məsələsində ehtiyatlı davranır”
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin başçılarının 10-cu sammitinə dəvət edilməyib.
Məsələ ilə əlaqədar “Bakı-Xəbər”ə açıqlama verən Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəsi Ufuk Turqaner buna belə münasibət bildirdi: “Əfsuslar olsun ki, ŞKTR Astanaya dəvət edilmədi. Ancaq həmin tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTR-in böyük türk ailəsinin ayrılmaz bir hissəsi olduğunu qeyd etdi. Həmçinin oradan dəstək istədi. Bundan sonrakı tədbirdə ŞKTR-i görmək istədiyini qeyd etdi. Bizim tədbirə dəvət olunmamağımız ölkəmizə tətbiq olunan ədalətsiz təcrid siyasətinə bir örnəkdir. Ona görə də birlikdə buna qarşı olmalıyıq. Baxın, ŞKTR prezidenti Ersin Tatarın Azərbaycana səfəri oldu. Prezident İlham Əliyev onu qəbul etdi. Baxın nə gözəl örnəkdir! Prezident Ersin Tatar Azərbaycanda çox yüksək səviyyədə qarşılandı. Ona görə də biz bunu bütün Türk dünyasından gözləyirik. Çünki ŞKTR-in dünyada varlığını əngəlləmək istəyənlər var. O üzdən, türkdilli dövlətlər buna qarşı olmalıdır”.
Avropa Birliyi quruma üzv olan yunan Kiprinə görə niyə digər türk dövlətlərinə təzyiq edir? Söhbət hansı təzyiq mexanizmlərindən gedir?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov ŞKTR-in bu tədbirə dəvət olunmamasından təəssüflənsə də, növbəti tədbirlər üçün ümidli danışdı: “Qərbin ikili standartları bir qayda olaraq Türk və İslam dünyası üçündür. Qərbə lazım olanda o, bütün standartları ayaqlar altına alıb, başqa dövlətlərin daxili işlərinə kobud müdaxilə edə bilir. Bəzən həmin dövlətləri sıxışdırıb özünə tabe etdirmək məqsədilə xüsusi terrorçu təşkilatlar yaradıb onları məmnuniyyətlə dəstəkləyir və maliyyələşdirirlər. Son onilliklər ərzində dünyanın ayrı-ayrı bölgələrində Qərbin bu və buna bənzər oyunlarına dair çoxsaylı nümunələr gətirmək mümkündür. Elə götürək qardaş Türkiyəni. Türkiyə beynəlxalq müstəvidə müstəqil siyasət yürütməyə başlayan andan - xüsusilə də Rəcəb Tayyib Ərdoğan hakimiyyəti dönəmində ona qarşı hər formada basqılar edilir.
Qərb dövlətləri vaxtilə Osmanlı İmperiyasını da çökdürmək məqsədilə bir araya gəldilər. Dünyada türkün hegemonluğuna son qoymaq Qərbin yüz illər boyu ən böyük istəyi idi. Onlar birləşərək bu imperiyanı yıxa bilsələr də, türk qanı bahasına öz dövlətini qoruyub saxlaya bildi. Osmanlı dövlətinin nəzarətində olan 5 milyon 200 min kvadrat kilometr ərazi 6,6 dəfə kiçilərək cəmisi 783,4 min kvadrat kilometr qaldı. Lakin Türkiyə türk xalqının əzmkarlığı ilə bir neçə on il ərzində yenidən yüksəlməyə başladı. Bu gün Türkiyə siyasi nüfuzu, iqtisadi gücü və hərbi qüdrəti ilə yerləşdiyi böyük bölgədə istənilən məsələni həll etməyə qadirdir. Əsas olan isə budur ki, türkün ədalət meyarı istənilən məsələnin həllində öndədir. Bu yanaşım isə Qərbin ikiüzlü və ikili standartlara söykənən siyasəti ilə üst-üstə düşmür. Odur ki, Qərblə Türkiyə arasında daima gərginlik yaşanır. Qərbin əsas məqsədi Türkiyəni “sözə baxan” bir dövlət kimi görməkdir. Lakin bu sözəbaxanlığın arxasında Qərbin çirkin oyunları dayandığından bölgədə istənilən məsələnin həllində Türkiyə ilə bir qayda olaraq fikir ayrılığı yaşanır.
Şimali Kipr Türk Respublikası da zamanında orada yaşayan türklərə qarşı edilən haqsızlıq nəticəsində yaranmış türk dövlətidir. Bu dövlətin varlığını başqa nümunələrlə müqayisə etmək düzgün deyil. Öncə onu deyək ki, Kiprin özü vaxtilə bütövlükdə türk torpaqları kimi Osmanlı İmperiyasına məxsus olub.
Bu gün Türk Dünyası Birliyinin yaradılması yolunda Türk dövlətlərinin atdıqları addımlar fonunda Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına üzv ölkələrin başçılarının 10-cu sammitinə dəvət edilməməsi təəssüf doğurur. Təbii ki, Türk dünyasının Türkiyə və Azərbaycandan başqa dövlətlərinin, xüsusilə Orta Asiya türk dövlətlərinin Avropa Birliyinin basqıları nəticəsində Şimali Kipr Türk Respublikasına qarşı bu münasibəti qəbuledilməzdir. Birlik olan yerdə heç bir kənar təsir hər hansı bir nəticə əldə etməyə yetməz.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Bakıya səfər etmiş Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etməsi digər türk dövlət başçıları üçün bir örnəkdir. Qərb lazım bildikdə istədiyi dövləti yüksəldir və ya istəmədiyi bir dövlətə qarşı bunun əksini tətbiq edirsə, türk dövlətləri nədən Şimali Kipr Türk Respublikasına qarşı belə münasibət sərgiləməlidir? Hesab edirəm ki, bu sammitdə Türkiyə Prezidenti Ərdoğanın çağırışları və Prezident İlham Əliyevin səyləri ilə Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına üzv ölkələrin başçılarının növbəti tədbirlərinə dəvət alacaq və zamanı çatdıqda Şimali Kipr Türk Respublikası bu təşkilatın tam hüquqlu üzvü olacaq".
Kənan Rövşənoğlu
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Kipr mövzusunu çox həssas sayır: “Azərbaycan da uzun illər Şimali Kipr mövzusunda ehtiyatlılıq nümayiş etdirdi. Çünki bizim də Qarabağ problemimiz var idi və bu tip ərazi mübahisələri ilə əlaqəli olan problemlərdə Azərbaycan hakimiyyəti də ehtiyatlı mövqe nümayiş etdirirdi. Bu, hesab edirəm ki, normal prosesdir. Çünki bu cür mübahisəli mövzularda qərarlar bir qayda olaraq tərs effekt verir. Orta Asiya respublikaları, görünür, Aİ və Yunanıstanla münaqişəyə girməmək, münasibətləri zədələməmək üçün Kipr məsələsində ehtiyatlı davranır. Dediyim kimi, bu anlaşılandır. Çünki Yunanıstan kiçik ölkə olsa da, nüfuzlu və təsiri olan dövlətlərdəndir, Kipr mövzusu isə həssas mövzudur və bu səbəbdən də artıq 50 il olacaq ki, bu problemin həlli yollarını tapmaq olmur”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ