Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Bununla da işğaldan azad olunan ərazilərimizdə üçüncü beynəlxalq hava limanı fəaliyyətə başlayıb.
Bəs Laçın Hava Limanı hansı üstünlüklər vəd edir?
Musavat.com xəbər verir ki, millət vəkili, iqsadçı-alim Vüqar Bayramov məsələyə bu cür mövqe bildirib:
"Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə strateji əhəmiyyəti ilə yanaşı, eyni zaman iqtisadi üstünlüklərə də malik olacaq. Çünki Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib.
Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi.
Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan yaradır.
Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın Hava Limanının rentabelli işləməsinə şərait yaradacaq.
İstifadəyə verilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır".
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ