İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərq müharibələrinin amerikalı generalından iddia: “Krım azad ediləcək...”

General Ben Hodces hesab edir ki, ilin sonuna rus ordusu Ukraynadan çıxarılır, gələn ilin əvvəli Krım azad olunur - şərh

“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

“Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib. Hərbi gedişatlardan kifayət qədər bilgili generallardan sayılan Hodces Ukraynanın Krımı işğaldan azad edəcəyinə əmin olduğunu söyləyib: “Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur”.

Generalın sözlərinə görə, Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır: “Qarşıdakı həftələrdə bizi çətin döyüşlər gözləyir. Rusiya qüvvələri daha da zəifləyəcək. Bununla belə, biz Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.

Amerikalı generalın proqnozları emosiya üzərində qurulmuş çıxış kimi görünə bilər. Çünki döyüşlərin bu gedişində qarşıdakı 3-4 ay ərzində rus ordusunun Ukrayna sərhədlərindən tam çıxacağı inandırıcı görünmür. Hazırda Ukrayna Xarkov və Xerson istiqamətində əks-hücumları gücləndirib ki, bu da rusları yormağa hesablanmış operativ-taktiki gedişə oxşayır. Bu minvalla rus ordusu tam taqətdən salına bilərmi? Generalın Krımın Ukraynanın nəzarətinə keçəcəyi iddiası realdırmı? Rusiya üçün “ölüm” hesab olunan bu məsələ baş tutacaqmı, yoxsa bu cür açıqlamalar Rusiyaya qarşı hibrid müharibənin bir elementidir? Rusiyanın tezliklə iflasa uğrayacağına şübhə ilə yanaşanlar çoxdur. Putin də eyham vurdu ki, müharibə hələ indi başlanır. O deməkdir ki, Ukrayna Suriyaya çevriləcək və böhran uzunmüddətli olacaq. Beləliklə, gedişat anti-Putin koalisiyasına sərf edir: yorucu və uzun döyüşlər davam edir, rus texnikası və canlı qüvvəsi vurulur, Rusiya müharibədən təngə gəlir, nə qədər ukraynalı öləcəyinin fərqinə varmadan Qərb bloku buradan qazancı çıxır. 

Faktiki olaraq, Ukrayna müharibəsinin 197 günü ərzində Rusiya 51 250 hərbçi itirib. Bundan əlavə, 2112 ədəd tank, 4 557 ədəd zirehli döyüş maşını, 1 126 ədəd artilleriya sistemi, 305 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 159 hava hücumundan müdafiə sistemi, 239 ədəd hərbi təyyarə, 210 ədəd helikopter, 3 344 ədəd avtomobil texnikası, 884 ədəd PUA, 214 qanadlı raket, 15 gəmi/qayıq, 110 xüsusi avadanlıq sıradan çıxıb. Ukrayna qoşunları Xerson-Dnepropetrovsk vilayətinin sərhədindən 5 kilometr aralıda yerləşən Vısokopolye və Novovoznesenskoye ərazisinə doğru irəliləyib. Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Xerson vilayətində Suxoy Stavka (Xerson şəhərindən təxminən 65 km şimal-şərqdə) bölgəsində irəliləyiş əldə etdiyini səhvən təsdiqləyib. Belə ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, onların zərbələri Ukrayna qüvvələrinin Beloqorka, Suxoy Stavka və Andreyevkadakı qruplaşmasına yönəlib. Və bu, Ukrayna qoşunlarının İnqulets çayının cənubunda mövqelər tutduqlarını göstərir. Ukrayna Ordusunun məqsədi İzyum şəhəri istiqamətində hərəkət edərək, böyük strateji əhəmiyyətə malik olan bu şəhəri ələ keçirməkdir. Əgər bu alınsa, rus ordusunun logistikasına və silah-sursat təminatına böyük zərbə vurulacaq. Çünki bölgədəki əsas magistral yollar məhz İzyumda kəsişir. Ümumiyyətlə, hazırda Xarkov istiqamətində baş verənlər belə təəsürat yaradır ki, Ukrayna Ordusu cənubda - Xerson vilayətində hücuma hazırlaşdığını bəyan etsə də əsas zərbəni gözlənilmədən Xarkovda endirməyə başlayıb. Yaxud da bu, eyni zamanda iki istiqamətdə hücum edərək, qarşı tərəfi çətin duruma salmaq planının tərkib hissəsidir.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Qərbi iki yerə bölüb: “ABŞ, Böyük Britaniya, Polşa və Baltik ölkələri Rusiyaya qarşı sərt siyasətin davamını istəyərkən Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər müharibənin istənilən şəkildə bitməsini və Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar. Bu ölkələri çətin keçəcək qış da qorxudur, Rusiya qazına ümidlərini üzməyiblər. İşğalçı Rusiyanın da ümidi Avropadakı keçmiş dostlarınadır. Ukrayna isə yalnız ordusuna və həqiqi dostlarına ümid etmək məcburiyyətindədir. Rusiya prezidenti Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumundakı çıxışından gəldiyim qənaət budur ki,  Kreml sahibi Ukraynada işğalçı müharibəni dayandırmaq barədə əsla düşünmür, tam əksinə, "biz hələ yeni başlamışıq"  prinsipindən çıxış edir. Kreml sahibinin çıxışından o da aydın oldu ki, anlaşmalara rəğmən, bundan sonra Avropaya qaz verməyəcək və bu siyasi qərardır. Putin demək istəyir ki, “Siz Rusiyanı işğalçı adlandıraraq ölkəmə, şəxsimə və ətrafıma qarşı müxtəlif sanksiyalar tətbiq edirsinizsə, mən Sizə niyə qaz verib evlərinizi qızdırmalıyam?” Qarşıdurma növbəti mərhələsinə qədəm qoyub". Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, Ukrayna ordusu Xarkov vilayətində də hücuma başlayıb: “İzyum və Balakleya şəhərləri istiqamətində irəliləyişlər var. Ukrayna komandanlığı əməliyyatları mümkün olduğu qədər informasiya səssizliyi şəraitində aparır və nəticələr barədə rəsmi açıqlama yaymır. Çoxsaylı mənbələrdən öyrəndiklərimə əsasən deyə bilərəm ki, Xerson vilayətindəki əməliyyatlar da, Rusiya rəhbərliyi demişkən, plan üzrə gedir. Burada məqsəd işğaldakı əraziləri kənd-kənd azad etməkdən daha çox Dneprin sağ sahilindəki (Xerson şəhəri də bura aiddir) Rusiya ordu qruplaşmasının logistikasını məhv etmək və beləliklə, onları təchizat imkanlarından məhrum qoymaqdır. Böyük ölçüdə bu vəzifəyə nail olunub. Arada ruslar ponton körpülər, barjalar vasitəsilə sağ sahilə müəyyən miqdarda silah-sursat, qida keçirə bilir, amma Ukrayna ordusu həmin vasitələri dərhal atəş altına alır. Ukrayna ordusunun lokal hücumları isə həmin qruplaşma üzərində ciddi təzyiq yaratmağa, onları davamlı canlı qüvvə, hərbi texnika, sursat itkilərinə məruz qoyub, daha tez tükəndirməyə yönəlib. Dneprin sağ sahil hissəsinin işğaldan azad olunacağı gün uzaqda deyil”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR