İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədimizə qoşun yığanlara Bakının xəbərdarlığı

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına sərt etirazını bildirib - belə davam edərsə...

Avropa Birliyi Ermənistandakı missiyasını genişləndirib. Belə ki, müşahidəçilərin sayı 138-dən 209-a yüksəldilib. Qeyd edək ki, missiyanın regiona gəlişinə Azərbaycan razılıq verməyib və bu səbəbdən onun fəaliyyəti sırf Ermənistan üzərindən həyata keçirilir. 

Onu da qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iki gün əvvəlki görüşündə Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına sərt etirazını da bildirib: “Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına gəlincə, vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur. Ermənistanı o cümlədən Avropa İttifaqı vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Avropa İttifaqının "tərəfsiz vasitəçi" kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda "Şərq Tərəfdaşlığı"nın elan edilmiş məqsədlərinə uyğun ola bilməz". 

Ceyhun Bayramov serbiyalı nazirlə görüşdü - GlobalInfo.az

 Ceyhun Bayramov

Xatırladaq ki, Avropa İttifaqının missiyasının tərkibində xeyli sayda Fransa təmsilçisi yer alıb. Bu gün Ermənistanı birtərəfli qaydada silahlandıran ölkə də məhz Fransadır. Ceyhun Bayramov da bu fonda vurğulayır ki, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatlar sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir. 

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının sayının artırılması fonunda qurum Ermənistana hərbi-texniki missiya göndərməyə də hazırlaşır. 

Şübhəsiz ki, Avropa İttifaqının Ermənistandakı patrul və indi də texniki missiyası Rusiyanın bu ölkədəki hərbi mövqeyini zəiflətməyə yönəldilib. Amma eyni zamanda bu hal regionda sakit mühitin formalaşmasına da imkan vermir. Elə bu da Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə xələl gətirir. Burada nəzərə alınmalıdır ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası indiyədək həyata keçirilməyib. Bu səbəbdən də Avropa İttifaqının Ermənistanda müşahidə missiyasının sayını artırması beynəlxalq hüququn normalarına ziddir. O da sirr deyil ki, Fransa öz hərbçilərini regionda yerləşdirmək niyyətini həyata keçirmək məqsədilə monitorinq missiyasından istifadə edir. 

Fikrət Yusifov: "O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir  təşkilatçıdır" » Newscenter.az

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Avropa Birliyinin Azərbaycanın uğurunu hələ də həzm edə bilmədiyini qeyd etdi: “Avropa Birliyinin və onun əsas dayaqlarından biri olan Fransanın Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişədəki mövqeyi, 30 il bundan əvvəl necə idisə, bu gün də elədir. Xristian həmrəyliyindən süzülüb gələn İkili standartlar dəyişmir və onların nə vaxtsa dəyişəcəyi gözlənilən deyil. Biz heç kimə güvənmirik. Avropa Birliyinin və onun əsas ayaqlarından biri olan Fransanın bu basqılarına qarşı öz mübarizəmizi aparıb sonda da qalib gələcəyik. Biz necə qalib gəlməyin nümunəsini son 3 ildə artıq iki dəfə göstərmişik. Sərhədlərin rəsmi tanınması baş vermədən bizimlə heç kim sərhəd barəsində danışa bilməz. Avropa Birliyi bu gün Ermənistana göndərdiyi müşahidə missiyasının üzvlərinin sayını 71 nəfər artırmaqla nəyə nail ola bilər ki? Heç nəyə! Avropa Birliyinin və Fransanın bugünkü davranışları Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq cəhdləridir. Onlar duru suda üzə bilmirlər. Bulanıq suda isə istədiklərini asanlıqla əldə edirlər. XIX əsrin imperiya təfəkkürü ilə davrananlar bilməlidir ki, bu yolla Cənubi Qafqazın söz sahibi olan Azərbaycanı özlərindən uzaqlaşdırırlar. Biz yaxşı bilirik ki, AB-nin bir böyük "dərdi" də Azərbaycanın regionda Türkiyə ilə bir arada olmasıdır. Türk dünyasının dirçəlişi bunlar üçün Rusiya problemindən betər ağrılıdır. Bir sözlə, Avropa Birliyinin bu ikili standartlara söykənən məkrli davranışlarının kökündə çox çirkin oyunlar dayanır. Ancaq bütün bunlar əbəsdir. Bu buz artıq yerindən tərpənib. Bu lokomotiv artıq öz yolunda sürət yığmaqdadır. Dünyanın başqa bölgələrində özünə yer axtaran Avropa Birliyi bu gün Ukrayna müharibəsinin sonunun nə ilə bitəcəyini düşünsəydi, bu onun üçün daha faydalı olardı. Gələn il ABŞ-da prezident seçkisi keçiriləcək və böyük ehtimalla Donald Tramp yenidən bu seçkinin qalibi olacaq. ABŞ bu seçkilərdən sonra Ukraynaya hərbi və maddi yardımları birmənalı olaraq dayandıracaq. Bax, Avropa Birliyi indidən Rusiya ilə üz-üzə qalıb nə edəcəklərini düşünsə, bu onlar üçün çox faydalı olar".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlər gedən bir vaxtda, əsirlərin dəyişdirilməsi prosesində hər iki dövlət qarşılıqlı etimad yaradacaq bəyanatlar verərkən, xüsusilə bu məsələdə Azərbaycan tərəfindən jest olunduğu bir ortamda Avropa İttifaqının Ermənistandakı mülki missiyasının sayının artırılması başadüşülən deyil: “Bu missiyanın əsas işi guya Azərbaycanla Ermənistan arasında olan sərhəd boyu monitorinq aparmaq, sülhün qorunmasına nəzarət etməkdir. Əslində isə bu missiyanın mövcudluğu sülhün imzalanmasına mane olan əsas amillərdən biri ola bilər. Belə ki, Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı iddiası yoxdur. Bizim əsas təklifimiz hər iki tərəfin suveren hüquqlarına təminat verəcək 5 şərt daxilində sülh müqaviləsinin imzalanmasıdır. Ümumiyyətlə, danışıqların maksimim şəkildə iki dövlət arasında vasitəçilərsiz, kənar müdaxilə olmadan keçirilməsinin daha effektli ola biləcəyini də bildirmişik. Son vaxtlar baş nazirin müavinlərinin sərhədlərin müəyyən olunması ilə bağlı keçirdiyi görüşlər, Azərbaycan Prezidenti Administrasiyasının Ermənistan Baş naziri Aparatı ilə birgə bəyanatları buna bir sübutdur. Məsələ missiyanın sayının 138-dən 209-a qaldırılması deyil. Say 500 olsa belə bizim üçün bir problem yoxdur. Amma özünü vasitəçi kimi tərəfsiz göstərmək istəyirsənsə, bu sahədə atılacaq istənilən addımı Azərbaycanla da razılaşdırmalısan ki, üzdə olsa belə tərəfsizliyini göstərə biləsən. Əks halda, konkret tərəf kimi görünürlər və o zaman missiyanın sayının neçə olması bizi o qədər də narahat etməyəcək. Çünki qarşımızda tərəfsiz vasitəçi yox, Ermənistanın müttəfiqi olan təşkilatı görəcəyik və buna görə də addımlarımızı müəyyən edə bilərik. O səbəbdən hər iki ölkənin sülh müqaviləsini imzalamağa bu qədər yaxın olduğu bir vaxtda belə addımları təxribat kimi də dəyərləndirə bilərik. Ən əsası bu kimi addımlar sülh müqaviləsinin imzalanmasını uzada bilər. Bu müqavilənin bağlanması isə Azərbaycandan daha çox Ermənistana hava-su kimi lazımdır. Əgər kimlərsə deyir ki, bu missiyanın mövcudluğu Rusiyaya qarşıdır və bizimlə bir əlaqəsi yoxdur, o zaman həmin missiyanın əsas fəaliyyət dairəsi niyə Azərbaycanla sərhəddədir? Yaxud niyə həmin missiyanın məqsədi kimi Ermənistanı xarici müdaxilədən qorumaq göstərilir? Məsələ Rusiyanın regiondan, Ermənistandan çıxarılmasıdırsa, əksinə, bu addım rus qoşunlarının orada qalma müddətini uzadacaq fəsadlar törədə bilər. Azərbaycanla sülh müqaviləsi imzalanarsa, tərəflər arasında qarşılıqlı etimad artarsa, o zaman Ermənistan rus hərbi bazalarının çıxarılmasına daha tez nail ola bilər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR