İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədimizdə TƏXRİBAT PLANI - Bu dəfə "nemeslər"...

Bu dəfə hərbi attaşelər Azərbaycan mövqelərində kəşfiyyat müşahidələri aparıblar və Aİ-nin avantürasına qoşulublar; Ermənistan yenə zorakılıq ssenarisini seçərsə, məsuliyyəti həm də himayədarlarının üzərinə düşəcək...

Avropa İttifaqı Azərbaycanla sərhəddə təxribat fəaliyyətini davam etdirir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu dəfə Almaniyanın Gürcüstan və Ermənistandakı hərbi attaşesi polkovnik-leytenant Andreas Sebald və Almaniyanın Tiflisdəki səfirliyinin hərbi attaşe idarəsinin rəhbəri Ziqfrid Ştaydl Azərbaycan mövqelərində kəşfiyyat müşahidələri aparıblar. 

Xəbəri Minval.az yayıb və qeyd olunur ki, səfirliklərdəki hərbi attaşelər çox vaxt hərbi kəşfiyyatçı olurlar. Bəs Almaniya hərbi kəşfiyyatına Azərbaycanla şərti sərhəddə bu cür təxribat cəhdləri nə üçün lazımdır? Diplomatlar adətən gərginliyi azaltmalıdır, lakin Almaniyanın timsalında biz bunun tam əksini görürük. 

Ümumiyyətlə, Aİ-nin “müşahidə missiyası” adı altında apardığı kəşfiyyat fəaliyyətinə rəsmi Bakı hər zaman etiraz edir və bu missiyanın Praqada razılaşdırılmış çərçivədən çoxdan kənara çıxdığı bəyan olunur. Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib. İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzvü dövlətlərin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyətinin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşahidə olundu. Bu da öz növbəsində Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi. 

Daha sonra növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Aİ Ermənistana iki illik missiya göndərməyi qərara aldı. İki il müddətinə missiya gətirilmə planı 2025-ci ilə qədərki dövrü əhatə edir. Gələn il həm də Ermənistanda kritik seçki ərəfəsidir. Aİ bu missiya vasitəsilə Paşinyanın hakimiyyətdə qalmasına xidmət edə bilər. Ancaq İrəvan strateqləri yaxşı olardı ki, Ukraynadakı vəziyyəti diqqətlə izləsinlər və Almaniyanın xarici işlər naziri Annalena Berbokun son bəyanatını oxusunlar. Həmin şəxs deyirdi: "Bəli, alman qoşunları Ukraynaya göndərilə bilər, ancaq müharibə bitdikdən sonra və müşahidəçi qismində". İrəvanın Almaniyanın köməyinə arxalanaraq onsuz da bir neçə dəfə döyüş meydanında uduzduğu Azərbaycanla vəziyyəti gərginləşdirməsinə dəyərmi, bu haqda çox düşünməlidir. Əgər Ermənistan yenə də zorakılıq ssenarisini seçərsə, bunun məsuliyyəti təkcə İrəvanın deyil, həm də onun dostları və himayədarlarının üzərinə düşəcək... 

Çingiz Qənizadə təltif edildi - FOTO - GlobalInfo.az

Çingiz Qənizadə

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin sözlərinə görə, Almaniya bu addımlarında Avropa İttifaqını təmsil edir. Hüquq müdafiəçisi Almaniya və Fransanın Aİ-də dominant ölkələr olduğunu qeyd edərək, sərhəddə “binokl diplomatiyasını” şərik həyata keçirdiklərini düşünür. COP29-da alman nazir Berbokun iştirak etdiyini xatırladan Ç.Qənizadə hesab edir ki, məsələyə Berlinin yox, Brüsselin baxış bucağından yanaşmaq lazımdır. Onun fikrincə, son zamanlar bu destruktiv hərəkətlər sürətlənib və Polşa prezidenti Dudanın Arazdəyənə gəlişi də Aİ-nin yürütdüyü siyasətin tərkib hissəsi idi: “Yəni biz ayrı-ayrılıqda baxanda görə bilərik ki, Azərbaycan Polşa ilə strateji tərəfdaşdır, Almaniya ilə yaxşı əməkdaşlıq əlaqələri var, hətta kanslerin təşəbbüsü ilə Prezident İlham Əliyevlə Paşinyanın görüşü olub, amma bu münasibətləri bir kənara qoyaraq, gördüyünüz kimi, Avropa İttifaqının sifarişlərini yerinə yetirirlər. Yəni həm Polşa lideri, həm Almaniya bu addımları atanda Azərbaycanla əlaqələri nəzərə almadan gərginliyə səbəb yaradırlar. Görünür ki, ölkələr arasında olan əməkdaşlıqdan daha çox Avropa İttifaqının tapşırıqlarını icra etməyi üstün tuturlar”.

Ç.Qənizadə bu yerdə delimitasiya prosesinin sürətlənməsini qaçılmaz sayır. Onun fikrincə, sərhədlərin dəqiqləşməsi Aİ kəşfiyyatçılarının regionu tərk etməsinə səbəb ola bilər: “Paşinyan etiraf etdi ki, Azərbaycana bu təklif verilib. Bu açıqlamadan sonra Duda sərhədə gəldi, sonra almanlar hərəkətləndilər. Onların ayağının buradan kəsilməsi sərhədləri müəyyənləşdirməkdən keçir. Əgər sərhədlər dəqiqləşsə, Paşinyan sözünə əməl etməli Azərbaycanla həmsərhəd hissədən Avropa İttifaqının bu missiyası getməlidir. Düzdür, onlar müxtəlif bəhanələr gətirib bölgədə qalmağa çalışacaqlar. Çünki Qərb bu missiyanı həm də Rusiyaya görə yerləşdirib. Amma delimitasiya prosesi arqumentlərimizi daha da gücləndirəcək. Buna qədər isə onların bölgədə müxtəlif təxribatçı hərəkətlərinə şahid olacağıq. Hazırda onlar missiyanı genişləndirir və qalma müddətini uzatmağa çalışır. Ona görə də Ermənistana diplomatik təzyiqləri artırmalıyıq ki, sərhədlərin delimitasiyası sürətlənsin”.

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

 Fuad Əliyev

Siyasi təhlilçi Fuad Əliyev “müşahidə missiyası”nın əndazəni aşmağa başladığını hesab edir. Onun dediyinə görə, mövqelərimizə müşahidələr sərhəddəki kövrək sabitliyə xələl gətirir: “Nəyi müşahidə edirlər? Döyüş yox, atəşkəs pozulmur, hər hansı eskalasiya gözlənilmir. O zaman hərbi attaşelər nəyə baxırlar? Maraqlıdır ki, hesabatlarını da açıqlamırlar. Azərbaycan bilmək istəyir ki, son müşahidələri zamanı nələr qeydə alınıb. Bu missiya bölgəyə yerləşdirilib ki, guya sərhəddəki vəziyyəti müşahidə etsinlər. Onlar olduğu müddətdə erməni ordusu bir neçə dəfə atəşkəsi pozub, lokal əməliyyatlar olub, bəs niyə bunu qeyd etməyiblər? Bunun davamı kimi Almaniyanın hətta Tiflisdəki hərbi attaşesi də sərhədimizə gəlirsə, açıq şəkildə təxribata yol verilir. Onlar müşahidələrinin hesabatını verməlidirlər”. F.Əliyev təəssüf edir ki, Almaniya da Aİ-nin bu avatürasına qoşulub. Onun fikrincə, Azərbaycan Brüssel qarşısında tələblər qoymalı və bu məsələni artıq daha yüksək səviyyədə gündəmə gətirməlidir. 

Emil SALAMOĞLU, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR