İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta içkilər öldürə bilər - onları necə ayırd etmək olar?

“Marka məhsulları, xüsusilə Rusiya istehsalı olan məhsullar diqqətlə yoxlanmalıdır, çünki saxtalaşdırılır”

Azərbaycan saxta məhsulların tüğyan etdiyi ölkələrdən biridir. Xüsusilə son illərdə saxta içkilər hazırlayanlar çoxalıb. Hətta saxta içkilərdən ölüm halları da dəfələrlə qeydə alınıb. Çünki bu spirtli içkilər əsasən texniki spirtlərdən hazırlanır. 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Məlumatda deyilir ki, saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Cəfər Cəfərovun qabaqcadan əlbir olduğu Səxavət Məmmədovla Azərbaycan Respublikasında istehsalı nəzərdə tutulmuş alkoqollu içkilərin 26 min ədəd saxta aksiz markalarını digər şəxslərə satmaqla qanunsuz olaraq saxta aksiz markalarının dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Cəfər Cəfərov və Səxavət Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci (Saxta aksiz markalarının dövriyyəsi) maddəsi ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar AQTA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Adətən belə məhsulların qablaşdırılmasında və markalanmasında uyğunsuzluqlar müəyyən edilir, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim olunmur.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilərlər. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər. Əhalidən xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.

AbzasMedia - Vəkil Avropa Məhkəməsinə göndərilən şikayətlərin yenə  "itirildiyini" deyir

Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat” a bildirdi ki, bir neçə il öncə saxta içkilərlə bağlı ölüm halları qeydə alındı. Daha çox bahalı, tanınmış restoranlarda baş verdiyi üçün bu kifayət qədər təəccüb yaratmışdı.  Hüquqşünas qeyd etdi ki, mətbuatın kifayət qədər işıqlandırmasına baxmayaraq, təəssüf ki, hələ də problem həllini tapmayıb: “Böyük market şəbəkələrində çox rast gəlinməsə də, kiçik marketlərdə, dükanlarda saxta içkilər satılır. Bu sahəyə nəzarət çox zəifdir. Bayramlar öncəsi tələbat artır. Kütləvi tələbat yarananda ucuz məhsullara meyllilik artır. Aidiyyəti qurumlar yalnız faciə baş verdikdə əl-ayağa düşürlər. Hesab edirəm ki, bu düzgün deyil. Mütəmadi reydlər keçirilməlidir və bu reydlərdə ixtisaslaşmış qurumlar iştirak etməlidir. Qaimələr yoxlanmalıdır. Hazırda qaimə sənədləşdirməsindən az istifadə olunur. Ən yaxşı yol içkilərin laboratoriyalarda yoxlanmasıdır. Çox zaman şüşələrin görünüşü aldadıcı olur, məhsul isə keyfiyyətsiz olur. Bir çox ölkədə saxta içkidən kütləvi zəhərlənmələr olub. Rusiyada bu daimi bəladır. Yerli istehsalçılar əlçatan qiymətinə içkilər hazırlayırlar. Hesab edirəm ki, zavod istehsalı içkilərin səhhətə ziyan vermək ehtimalı azdır. Bir çox halda marka məhsulları, xüsusilə Rusiya istehsalı olan məhsullar xüsusilə diqqətlə yoxlanmalıdır, çünki saxtalaşdırılır. 

Onu da qeyd etmək lazımdır ki, ticarət mərkəzində külli miqdarda satışda olan məhsulları biz görürüksə, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də görməlidir. Ya problemin qarşısını almağa gücləri çatmır, ya da aşkar etməkdə maraqlı deyillər. İlk növbədə yoxlama zavodun özündən başlamalıdır".

Hüquqşünas saxta içki istehsal etməyin və satışının yaratdığı hüquqi məsuliyyət barədə bunları dedi: “Hüquq-mühafizə orqanları da lazımi qiymətləndirməni həyata keçirməlidir. Saxta içki istehsal edənlər anlamalıdırlar ki, qazanc üçün kiminsə sağlamlığına, həyatına risk yaratmaq olmaz. Bu, çox ciddi məsuliyyət yaradır. Müştərini aldatmağa görə ticarət obyekti məsuliyyət daşıyır. Məhsula görə dəymiş zərərin, xəsarətin dərəcəsindən asılı olaraq  Cinayət və ya İnzibati Xətalar Məcəlləsinə görə 3 ildən 12 ilə qədər cəza tədbirləri nəzərdə tutulur. Müvafiq orqanlar, məsələn, AQTA, saxta içki aşkar edibsə, həmin "partiya" dərhal satışdan çıxarılmalıdır. Əgər qurban yoxdursa, sayından və kütləsindən asılı olaraq 10 ilə qədər cəza verilə bilər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR