Onlayn ictimai-siyasi qəzet
Dövlət müəssissələrində işə qəbul olmaq istəyənlərin qarşısında böyük bir maneə dayanır. Belə bir şərt var ki, əgər işə qəbul olmaq istəyirsənsə, mütləqdir ki, magistr pilləsi üzrə diplomun olsun. Elə bu səbəbdən bakalavr təhsilini tamamlayan tələbələrin əksəriyyəti magistr təhsili almaq üçün xaricə, hətta Avropanın 3-cü dərəcəli ölkələrinə yollanır. Gənclərin xaricə üz tutmasında digər bir amil isə ölkədə magistr üzrə qəbulun şərtlərinin bir qədər mürəkkəb olmasıdır. Beləliklə, ölkədən külli miqdarda valtuya axını da xarici ölkələrə sərf olunur. Eyni zamanda bacarıqlı gənclərin çoxunu da elə bu zaman itirmiş oluruq.
Bəs çıxış yolu nədir?
Məsələ haqda “Yeni Sabah”a danışan təhsil eksperti Cahid İmanlı bildirib ki, çox insan xaricə üz tutan gənclərin savadsız olduğunu vurğulayır:
“Çox təəssüf ki, bu gün Azərbaycan təhsilində bakalavr və magistr üzrə xaricdə təhsil deyəndə ağla savadsız, oxumayan, yerli təhsildə uğur qazanmayan şəxslər gəlir. Yəni doğrudan da xaricdə təhsilə üz tutanların çoxu imtahansız, sadəcə atestat və bakalavr diplomu ilə qəbul olurlar. Şübhəsiz, həmin tələbələrin magistr təhsilini həyata keçirən xarici ali təhsil müəssisələrində hansı keyfiyyətdə dərs alması da sual altında qalır. Digər tərəfdən, kifayət qədər yüksək savadlı, potensiallı tələbələr də xaricdə magistr təhsilinə üz tuturlar və onların əhəmiyyətli bir qismi də elə xaricdə özlərinə iş qurur, həmin ölkələrdə yasayırlar. Bu da birbaşa Azərbaycanın akademik kadr potensialına ciddi zərbə vurur”.
Ekspert belə bir təkliflə çıxış edib:
“Əslində isə düzgün yol odur ki, tələbə ilk növbədə Azərbaycanda magistraturaya qəbul olunsun, mübadilə ilə dövlət maliyyəsi və ya şəxsi maliyyə ilə xaricdə magistr təhsilinə cəlb edilsin. Bunun üçün həm magsitraturaya qəbulun əlçatanlığı təmin edilməli, həm də bütün istiqamətlərdə magistr dərəcəsinin "hüquqları" artırılmalıdır. Dövlət orqanlarındakı magistr tələbi ilə yanaşı digər sahələrdə də iş təminatında və xüsusən də əməkhaqqı baxımından magistrlər üçün əlavə üstün şərait nəzərdə tutulmalıdır”.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ