Onlayn ictimai-siyasi qəzet
Keçən əsrdə Türkiyədə Osman Sülün adında bir dələduz (Anadoluda onlara “dolandırıcı” kimi gözəl, türkcə isim qoymuşlar) yaşayıb. Sülünün həyatı o qədər maraqlıdır ki, Kamal Sunalın filmlərinə, Əziz Nesinin kitablarına süjet olmuşdur. O, avam adamları tapıb onlara ictimai əmlakları satmağıyla ünlüdür. Buraya İstanbuldakı Qalata qülləsi, şəhər meydanlarındakı böyük saatlar, gəmilər, tramvaylar və sairə daxildir.
Təbii ki, bu obyektləri alanlar sonra fırıldaq qurbanı olduqlarını başa düşürdülər. Ancaq avamlığın cəzası başqa nə ola bilər? Aldadılmaq. Üskük oynadanlar demişkən, bacarırsan aldanma. Osman bəy son dəfə 1980-ci illərdə İstanbul boğazı üzərindəki Qalata körpüsünü satmaq istəyərkən təsadüfən yaxalanmışdır.
Bugünlərdə xəbər lentində gördüyüm əhvalat Osman bəy irsinin ölkəmizdə uğurla davam etdiyini bir daha isbata yetirmişdir. Necə olsa hamımız türkük.
Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları, Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini V.Hüseynov və qurumun məsləhətçisi H.Vəlizadə haqqında cinayət işi açılıb. Onlar bəzi hospital, xəstəxana və restoranların önündəki yolları sözün əsl mənasında satmaqda ittiham edilir.
Məsələn, “Nyu Med” klinikasının önündə parklanma yeri üçün 5 min manat rüşvət alıblar. “Kuzə” restoranının müdirindən yenə parklanma üçün 6 min 500 manat çırpışdırılıb. Ən maraqlısı isə “Avrasiya hospital” klinikasının əhvalatıdır. Sitat: “İstintaq materiallarına görə, ”Avrasiya hospital"ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi isə orada sıxlığın azalmasını istəyib. Təqsirləndirilən şəxslər hərəkətin tənzimlənməsi üçün klinika rəhbərliyindən 7 min manat pul istəyib, yekun razılaşma ilə ondan 5 min manat alıblar. Bundan sonra həmin ünvanda “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb - avtomobillər üçün hərəkət birtərəfli olub". Sitatın sonu.
Vallah, çox əladır. Pulunu ver, yolu al. Rüşvət ödə, körpünü satsınlar. Körpü demişkən, əhvalat əslində bizim milli dəyərlərə, soykökümüzə, mentalitet və folklora söykənir, oradan qidalanır. Yadınıza düşmədimi? O zaman yazıram: “Kitabi Dədə Qorqud” dastanındakı “Duxa qoca oğlu Dəli Domrulun boyu” əhvalatı. Orada Domrul müəllim quru çay üzərindən körpü salır, keçəndən 33, keçməyəndən 40 axça (qızıl) toplayır. Hamı da bundan it kimi qorxur, məcbur olub pulu verirlər.
İndi hörmətli BNA əməkdaşları Bakıda Dəli Domrul irsinin layiqli davamçılarıdır. Bəs bunları niyə tutublar? Milli dəyərlərimizə uyğun davrananları tutmaq yox, dəyərləndirmək lazımdır. Medal verməliydik, ən azı.
Ancaq vəziyyət əslində çox qəlizdir. Küçənin yiyəsi yoxdursa, niyə satmayasan? Bələdiyyə yox, hüquq qanan yox. Kəndxudanı gör, kəndi çap - bu da dədələrimizin sözüdür. Hələ düşünürəm BNA zəhmətkeşləri yolu ucuz satıblar. (Bax: Dəli Domrulun axçaları).
Yeri gəlmişkən, 2022-ci ildə Bakıda Kinematoqrafçılar İttifaqı da binasının qabağında ağacları kəsib parklanma yeri qayırmışdı, pul yığırdı. Sonra göy guruldadı, şimşək çaxdı, ittifaqı tutub o biri ittifaqa caladılar. Güman edirəm indi parkinq yeri mərkəzləşmiş qaydada satılır.
İşin qəribəliyi isə başqadır. BNA keçən ilin aprelində rəsmi qərarla ləğv olunub, əmlakı-zadı guya yeni yaradılan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilməliydi. Lakin bir ilə yaxın vaxt keçir, BNA sanki yerində qalır. Saytı-zadı da var. AYNA da var, bu da.
Əlbəttə, yol satanlar nə qədər çox olsa xeyirdir. Bir-birimizin yolunu-yolağasını sata-sata varlanacağıq. İnşallah.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm bu gün hansı küçəni sata bilmisiniz.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ