İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel gedir: Brüssel formatı da çökürmü - rəy

Siyasi şərhçi: “Avropa öz təsisatları ilə böhran mərhələsinə girir, ona görə...”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk etməyi və Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. Mişelin Avropa İttifaqı Şurasının Prezidenti kimi mandatı 2024-cü ilin noyabrında başa çatmalı idi. Ancaq o, jurnalistlərə bildirib ki, Avropa İttifaqı Şurası və parlamentdəki işini eyni anda apara bilməz. Buna görə də iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir. 

Burada diqqətçəkən məqam onu əvəzləyəcək şəxslə bağlıdır. Qeyd edilir ki, Şarl Mişelin vəzifədən getməsindən sonra yeni sədr təyinatı barədə qısa zamanda razılıq əldə olunmasa, şuraya Macarıstanın baş naziri Viktor Orban rəhbərlik edəcək. “Poltico” qəzeti yazır ki, bu, Aİ liderlərindən tez bir zamanda Mişelin müvəqqəti əvəzlənməsi ilə bağlı razılığa gəlməyi tələb edəcək, əks halda, “Orban yaxın altı ayda Avropa Şurasında nəzarətsiz güc qazanacaq”. Mişelin dəyişdirilməsi ilə bağlı təcili qərar Aİ-nin iyunun 17-də və 27-28-də keçiriləcək sammitlərində qəbul edilməlidir. 

Yerli ekspertlərə görə isə Aİ Şurasına Viktor Orban sədrlik etsə, rəsmi Bakı yenidən Brüssel formatında keçiriləcək görüşlərə qatıla bilər. Macarıstan və Azərbaycan iki mühüm tərəfdaş, ortaq ölkələrdir. Baş nazir Viktor Orbanla Prezident İlham Əliyev arasında da dostluq münasibəti var.  Hətta Ermənistanla Azərbaycan arasında ilkin sülh sənədi məhz Brüsseldə imzalana bilər. Azərbaycanın Brüssel formatından imtina etməsinin ən böyük səbəbi Şarl Mişelin Fransa prezidenti Emmanuel Makronla birlikdə Azərbaycan əleyhinə sərgilədiyi mövqe və verdiyi bəyanatlar olub.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Avropa təsisatlarının hansısa rəhbərinin bir formatı ortadan qaldırma ehtimalı formatın başdan işlək olmamasından xəbər verir:  “Azərbaycanın bu formatla qarşılıqlı işləməsi, sadəcə olaraq, diplomatiyanı şaxələndirmək üçündür. Çünki Avropa təsisatları vahid dövlət deyil, ona görə daxilində xarici siyasətlə bağlı olaraq fərqli fikirlər var. Xüsusilə bizim münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı olaraq. Azərbaycan Türkiyə ilə qardaşdır və siyasi, hərbi müttəfiqdir. Şimalında Avropa və Amerikanın Ukrayna ilə bağlı ümidlərini puç edən, sanksiyalarda güclənən, öncə ifadə etdiyim kimi, Qərbi parçalayan Rusiya var. Cənubda zaman-zaman problemlər yaşadığımız, ancaq hazırda regional əməkdaşlığımızı rasional əsaslara keçirib bir sıra birgə layihəmiz olan İran var. Qərbdə bizim yatırımlarımızın birinci yerdə olduğu Gürcüstan var. Şərqdə get-gedə bizimlə yaxınlaşan Turan dövlətləri var. Avropa isə çox uzaqdadır. Avropanın regiona siyasi, iqtisadi, xüsusi ilə hərbi təsiri yoxdur. Avropanı burada ermənilərə silah və maşın verən Fransa təmsil edir”.

Ekspert əlavə edib ki, ümumiyyətlə, Yaxın Şərqdə qərəzli siyasət, Türkiyənin böyüməsinə qarşı PYD və digər qurumlarla əməkdaşlıq, müsəlmanların müqəddəratlarına qarşı mənəvi cinayətlər, son zamanlar ortaya çıxan ada qalmaqalları Qərbin formatlarına olan ümidi heçə endirmək üzrədir: “İndi Mişel getsə nə olar, qalsa nə olar. Şarl müəllimin qurumu hələ Rusiya ilə bağlı daxilində bilmir nə etsin. Şarl Mişelin qurumu və eləcə də onun ölkələri Fələstin məsələsindəki mövqelərinə görə minlərlə vətəndaşının etirazları ilə qarşılaşır. Dərin siyasət fəlsəfəçiləri artıq siqnallar verir ki, Avropa öz təsisatları ilə böhran mərhələsinə girir. LGBT-nin siyasi hakimiyyətə doğru uğurlu irəliləyişi və digər problemlər. Ona görə Mişel müəllimin bu bəyanatını mən şəxsən ”vay vay , səni o Allaha and verirəm getmə" şəklindəki kimi dəyərləndirmirəm. Getsin, yaxşı yol!" 

Qeyd edək ki, Avropa İttifaqı Şurasının rəhbərinin vaxtından əvvəl istefa verməsi üçün heç bir presedent olmayıb. Bu postun özü yalnız 2009-cu ildə yaradılıb və Mişeldən əvvəl o  yeri cəmi iki nəfər tutub - belçikalı Herman Van Rompey və polyak Donald Tusk, səlahiyyətlərinin sonuna qədər vəzifədə qalıblar. Avropa Komissiyasının üzvləri tez-tez özlərinə belə istefalara icazə verirlər, lakin Aİ-nin əsas strukturlarının rəhbərləri yox. 

Avropa Şurası və Aİ Şurası iki fərqli strukturdur, Aİ Şurası birbaşa Avropa Şurasına tabedir. Avropa Şurası Aİ sammitidir, cəmiyyətin bütün 27 ölkəsinin başçılarını birləşdirən orqandır. Avropa İttifaqı üçün strateji qərarlar qəbul edir. Bu strukturun sədri Avropa Komissiyası və Avropa Parlamentinin rəhbərləri ilə birlikdə beş illik müddətə təyin edilir. Ölüm, vaxtından əvvəl istefa və ya digər fəaliyyət qabiliyyətini itirmə hallarında, Avropa Şurasının lideri müvəqqəti namizədlə əvəz edilməlidir.

Təsadüfən Belçika 2024-cü ilin birinci yarısında, Macarıstan isə ilin ikinci yarısında Aİ Şurasına sədrlik edəcək. Sədrlik təqviminin bu hissəsi 10 ildən çox əvvəl təsdiq edilib və dərc edilib. Avropa Şurasının rəhbəri ilə Aİ Şurasına sədrlik edən ölkənin funksiyaları tamamilə fərqlidir. Üstəlik, onlar iyerarxik olaraq üst-üstə düşmür və praktikada Mişelin istefası Macarıstanın Aİ Şurasına sədrliyinə və onun baş nazirinə heç bir əlavə səlahiyyət verməyəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR