İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamil Ayrım: “Qərbi Azərbaycan əhalisi öz torpaqlarına qaytarılmalıdır”

Milli Məclisdə, “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım vacib mövzulara toxunub.

Musavat.com-un məlumata görə, Şamil Ayrım öncə Türkiyə-Azərbaycan qardaşlığından danışıb.

Bildirib ki, Türkiyə və Azərbaycan millət vəkilləri olaraq qardaşlıq bağlarımızı gücləndirmək üçün buradayıq:

“Xalqlarımız hər zaman bir-birinin yanında olub. Başda Qarabağ Zəfəri olmaqla, hər bir sahədə bu həmrəyliyi görmək mümkündür. 1918-ci ildə Nuru Paşanın qardaşları ilə birlikdə Bakını xilas etdiyi kimi, bu mübarizədə Türkiyə hər zaman Azərbaycanımızın yanında olub. Eləcə də Qarabağ savaşında Türkiyə Azərbaycanla həmrəy olub. Öz dövlətlərinin torpaqlarını qanla sulayan şəhidlərimizə Allah rəhmət etsin. Şükürlər olsun ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.

Şamil Ayrım qeyd edib ki, çox xoşbəxtik ki, bu gün müstəqil Azərbaycan Respublikasında bir yerdəyik:

“Sabah Xankəndini, Xocalını görəcəyik. Orada ermənilərin törətdiyi qətliamı yad edəcəyik və bunları heç vaxt yaddan çıxarmayacağıq. Sabah eyni zamanda Qarabağda aparılan bərpa-quruculuq işləri ilə tanış olacağıq. Ermənilər tərəfindən minalanmış ərazilər artıq minalardan təmizlənir”.

TBMM millət vəkili xatırladıb ki, 24 saatlıq antiterror tədbirlərində bir erməninin belə burnu qanamadı:

“Prezident İlham Əliyev bizim qanunlarla yaşamaq istəyən hər kəsin burada qala biləcəyini bəyan etdi”.

Şamil Ayrım Qərbi Azərbaycan məsələsinə diqqət çəkərək çağırış edib:

“Qərbi Azərbaycandakı qardaşlarımız 1988-ci ildə öz evlərindən qovulub. Bu vətəndaşlarımız beynəlxalq qanunvericiliklə öz torpaqlarına qaytarılmalıdır. Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılmasından ermənilər narahat olmamalıdır. Bu məsələ də bugünkü iclasın protokolunda qeyd olunsun”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR