Onlayn ictimai-siyasi qəzet
Nəzir Məmmədov əslən Masallının Yeni Zuvandlı kəndindəndir.
O, 1990-cı illərdə, dolanışığın çətin olduğu vaxtlarda ailəsi ilə birgə Sumqayıta köçüb. 3 qız, bir oğul atasıdır. Deyir ki, övladlarını evləndirib, yerbəyer edib. İndi şəkər xəstəsi olan xanımı ilə birgə Yaşıldərə adlanan ərazidə yaşayır.
56 yaşlı kişi ali təhsil almasa da, peşə məktəbini bitirib. Hazırda Sumqayıtda mənzil kommunal istismar sahəsində (JEK) çalışır. O, burada ot biçən maşınları təmir edir, qurumuş ağacları budayır. Lakin aldığı 378 manat əmək haqqının nə dərman, nə də ərzaq puluna çatdığını bildirir. Ona görə də Nəzir kişi günün ikinci yarısını zibilliklərdə keçirir – plastik qab, dəmir qırıntısı, pullu nə varsa, tapıb təhvil verir ki, evinə bir tikə çörək aparsın.
“90-cı illərdə qıtlıq olduğu üçün Sumqayıta köçdüm. Elə o vaxtdan bu əziyyəti çəkirəm. İlk vaxtlar qapı-pəncərə hazırlanması işi ilə məşğul idim. Sonra barmağım dəzgahın arasında qalıb zədələndiyi üçün oradan ayrıldım. İndi də xəstəliklərim çoxdur. 2008-ci ildə məni maşın vurdu, o vaxtdan ombamda yırtıq əmələ gəlib. Ayaqüstə çox dayana bilmirəm. Heç yükləri də qaldıra bilmirəm. Velosipedin köməkliyi ilə onları daşıyıram. İşə də elə onunla gedib gəlirəm”.
Nəzir deyir ki, evin əsas xərci onun çiyinlərindədir. Oğlu evlərdə fəhləlik edir, stabil gəliri yoxdur. Yataq xəstəsi olan həyat yoldaşı isə 220 manat sosial müavinət alır. Bu isə onun dərmanlarına xərclənir: “Bir gün qənd alırsan, səhəri gün yağ qurtarır. Ətin kilosu 18 manatdır. Mən isə “hell” qabını 70 qəpiyə satıram. O pulla bir çörək alıb evə aparıram. Mən də insanam, ürəyim xiyar, pomidor istəyir”.
Gözləri zəif görür, eynəksiz bir metr uzağı seçə bilmir. Deyir ki, “əgər pensiya alsaydım, bu işi niyə görürdüm axı?”: “Eynəksiz 1 metri də görmürəm. Əgər pensiya alsaydım, bu işi neyləyirdim. Mən haçana kimi zibil yığıb satacağam. Ondansa evimdə oturub pensiya alaram və xəstə yoldaşıma baxaram. Qardaş-bacıdan da gələn köməyim yoxdur.
Zibilliyə atılan şalvarların “zamokunu” kəsib çıxarıram, onlar da pula gedir. Mən də insanam, ürəyim xiyar, pomidor istəyir. Məcburam ki, nəsə alıb yeyəm də. Bir də görürsən ki, heç nə tapa bilmirəm, onda da başıma döyə-döyə qayıdıram. Baxın bu zibillikdəki çətirin dəmirini satanda kilosuna 10 qəpik verirlər. 10 qəpiyə nə düşür?”.
Adı “Nəzir” qoyulub ki, əli açıq, pay verən olsun. Amma həyat ona pay yox, dərd verib. Kənardan baxanda adi bir həyat kimi görünür. Amma bu, bir gerçəklikdir.
Şahanə Rəhimli
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ