Onlayn ictimai-siyasi qəzet
Musavat.com rus dilində dərc olunan Minval.az saytının yazarı Nuraninin maraqlı məqaləsini Azərbaycan dilinə çevirərək öz oxucularına təqdim edir.
***
29 dekabr - Salome Zurabişvilinin prezidentlik səlahiyyətlərinin başa çatacağı gün yaxınlaşdıqca, bir sual daha çox aktuallıq qazanır: “Gedərgi madam prezident nə edəcək?” Zurabişvili artıq öz rezidensiyasını tərk etməyəcəyini bəyan edib. Bunun əksinə, Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze bildirib ki, Zurabişvilinin rezidensiyanı vaxtında tərk etməsində heç bir problem olmayacaq.
Amma bu arada, bir müddət əvvəl Avropa Parlamentində çıxış etmək üçün Avropa turuna çıxan madam Zurabişvili Polşanın TVP World telekanalına verdiyi müsahibədə maraqlı bəyanatla çıxış edib. O, Belarus müxalifət lideri Svetlana Tixanovskaya kimi ayrı-ayrı dövlətlərin tanıdığı “sürgündə siyasətçi” olmaq istəmədiyini bildirib:
“Gürcüstanı tərk etmək məsələsi müzakirə mövzusu deyil. Mən oradayam və başqa yerdə olmaq istəmirəm… Mənim Tixanovskaya və ya sürgündə tanınan Venesuela prezidentləri kimi olacağıma dair fərziyyələr var. Hətta Saxarov mükafatının mənə verilməsi barədə danışıldığını da eşitdim. Mən belə bir şey istəmirəm.”
Minval.az daha əvvəl də Zurabişvilidən “Gürcü Tixanovskaya” düzəltmək cəhdlərindən yazıb. Lakin müsahibədən göründüyü kimi, gedərgi prezident üçün belə bir ssenari qəbuledilməzdir. Bu, təəccüblü deyil. Belarus haqqında “Biz Tixanovskayanı legitim prezident hesab edirik” bəyanatları ilk baxışda səs-küylü görünə bilər, amma belə şəxsləri çox tez unudurlar. Tixanovskaya kimi simalar sonradan beynəlxalq forumlarda arxa planda qalır və ya sosial şəbəkələrdə fəallıq göstərməklə kifayətlənirlər. Görünür, Salome Zurabişvili daha çoxunu istəyir və Qərbdəki himayədarlarına belə bir mesaj göndərir: “Gürcüstanda dəstək verin!”
Reallıq və inqilabların taleyi
Amma unutmayaq ki, istənilən inqilabın taleyi, onun “rənginə” və “məxmərliyinə” baxmayaraq, ölkə daxilində həll olunur. Buna görə də Zurabişvilinin siyasi gələcəyini də Gürcüstan vətəndaşları, yoxsa Avropa Parlamenti üzvləri müəyyən edəcək.
Lakin Gürcüstandakı hadisələr Zurabişvilinin ümidlərini doğrultmur. Etirazlar artıq sönüb. Müxalifət aksiyalarını davam etdirsə də, onların sayı və gərginliyi seçkilərdən sonra Tbilisi küçələrində baş verən ilk hadisələrlə müqayisə olunmur. Ən yaxşı dövrlərində belə, müxalifət hakimiyyətə ciddi təzyiq göstərmək üçün kifayət qədər tərəfdarını küçələrə çıxara bilmirdi. Bu da göstərir ki, Zurabişvilinin “küçə müharibəsi” uğursuzluğa düçar olub.
Qərbdən gözləntilər və reallıq
Zurabişvili indi Qərb himayədarlarından hansı dəstəyi gözləyir? O, Avropa Parlamenti üzvlərinin gəlib müxalifəti “həvəsləndirəcəyini” düşünür? Yoxsa onlar onunla birlikdə rezidensiyaya sığınıb, məcburi çıxarılmağa qarşı mübarizə aparacaqlar? Bu, daha çox sovet dövrünün gürcü filmlərindən bir tragikomediya ssenarisinə bənzəyir, nəinki real siyasətə.
Bəlkə də Zurabişvili daha da irəli gedərək, Fransa Prezidenti Emmanuel Makronun onu dəstəkləyəcəyinə, hətta İvanişviliyə bir neçə dəfə zəng etməklə kifayətlənməyəcəyinə və Tbilisiyə xüsusi desant göndərəcəyinə ümid edir? Beləliklə, Zurabişvili Svetlana Tixanovskaya rolunu qəbul etmədikdə, özünü Bəbrək Karməl rolunda görə bilər. Məlum olduğu kimi, Kərməl SSRİ-nin Əfqanıstana müdaxiləsinin ilk saatlarında hakimiyyətə gətirilmişdi.
Amma etiraf edək ki, Makronun belə əməliyyatlar üçün gücü və resursları olsaydı, o, bunu Afrikada, öz keçmiş koloniyalarında həyata keçirərdi. Lakin Fransa mövqelərini hətta orada da itirir. Bundan əlavə, yalnız prezident sarayında əməliyyat keçirməklə kifayətlənmək mümkün deyil. Gürcüstanda tammiqyaslı bir müdaxilə lazım gələcək. Kim ciddi şəkildə düşünür ki, Qərb buna gedəcək?
Zurabişvilinin ətrafı unudur ki, “şüvüllərdən istifadə edərək hakimiyyətə gəlmək mümkündür, lakin onlarda uzun müddət oturmaq çətindir”. Xüsusilə əgər bu, xarici “şüvüllərdirsə”.
Gələcək ssenarilər
Daxildə dəstək olmadan Zurabişvili üçün yeganə seçim ya “Tixanovskaya statusunu” qəbul etmək, ya da böyük siyasətdən tamamilə uzaqlaşmaq olacaq. Və bu, onun üçün ən yaxşı ssenari ola bilər. Avropa Şurası Baş katibinin Tbilisiyə səfərinin nəticələrinə əsasən demək olar ki, Avropa strukturları Gürcüstanla münasibətləri tamamilə qırmağa hazır deyil. Əksinə, Brüssel və Strasburq yeni Gürcüstan hakimiyyətindən hətta kiçik bir güzəşt əldə etmək üçün əməkdaşlıq etməyə razıdır – məsələn, QHT-lərin şəffaflığı haqqında qanunda kiçik dəyişikliklər kimi.
Çünki Qərb ölkələri üçün Gürcüstanda möhkəm mövqe saxlamaq, “prestij xal” qazanmaqdan daha vacibdir.
Yazının orijinalı bu linkdə: https://minval.az/news/124438504
Musavat.com
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ