İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan “artsax”ın “möhrünü” harada gizlədib?

Ləğv edilmiş xunta rejiminin sonuncu başçısının sərsəm iddiaları Ermənistanın özünü də fəlakətlər burulğanında boğa bilər

2024-cü ilin yanvar ayının 1-də Qarabağdakı separatçıların tör-töküntüləri tamamilə fəaliyyətini dayandırmalıdır. Bu barədə qərar sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra qəbul edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl erməni mətbuatında Qarabağdakı keçmiş xunta rejiminin və separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın qondarma qurumu buraxması barədə qərarı ləğv etdiyi xəbərləri yayılıb. Ermənistanın “Joğovurd” qəzeti Şahramanyanın “artsax”ın buraxılması barədə qərarı ləğv edən yeni sənəd imzaladığını, lakin hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığını yazıb.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının deputatı Artur Hovhannisyan Şahramanyanın absurd “qərarına” sərt reaksiya verib. O, ölkələrində  yalnız Ermənistan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib. 

Şahramanyan özü də hələ ki dövriyyəyə buraxılmış sərsəm iddia barədə danışmağa tərəddüd edir. Ola bilsin ki, xunta rejiminin ağ bayraqlı keçmiş başçısı nəbz yoxlaması məqsədilə xəbərin dövriyyədə olmasını daha münasib edib və gedişatdan asılı olaraq hansısa mövqe bildirəcək. Şahramanyana və onun başçılıq etdiyi separatçı tör-töküntülərə qarşı Ermənistanda da münasibət birmənalı deyil. Ayrı-ayrı erməni deputatlar belə Şahramanyanın Ermənistanda hər hansı “fərman” vermək səlahiyyətinin və ixtiyarının olmadığını kifayət qədər sərt şəkildə ifadə etməkdədirlər. Belələri anlayırlar ki, belə sərsəm iddialar Ermənistanın başında çatlaya bilər. Ancaq ümumilikdə, yanvarın 1-i yaxınlaşdıqca, separatçıların aktivləşdiyi müşahidə edilir. Bəs separatçıların bu addımları nəyəsə səbəb ola bilərmi?

Deputat Arzu Nağıyev təltif edildi | 1news.az | Xəbərlər

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, sülh sazişi ilə bağlı məsələlərin gündəmdə olduğu hazırkı dövrdə Qarabağdakı keçmiş qondarma rejimin nümayəndəsinin belə çıxışı bir neçə variantı diqqət mərkəzinə gətirir: “Birincisi, bu, Rusiyanın növbəti gedişi ola bilər. İkincisi, bu bəyanat Paşinyan hakimiyyətinin Azərbaycana qarşı növbəti məkrli oyunu da ola bilər. Nəhayət,  verilən açıqlamanı Ermənistan daxilində Paşinyan hakimiyyətinə müxalif olan qüvvələrin siyasi hücumu kimi də qiymətləndirmək olar”. A.Nağıyev qeyd etdi ki, hər üç halda verilən bəyanat rəsmi İrəvanın Azərbaycanla olan sülh gündəliyinə təhlükə yaradır: “Digər məsələ məhz ilin axırına kimi ayrılan vəsaitlərin xərclənməsindən gedirsə, qondarma strukturlar üçün maliyyə mənbəyini necə əldə edə bilər? Deməli, məqsəd həm də bu vəsaitləri əldə etmək cəhdidir. Ermənistan hakimiyyəti elə bir gücə malik deyil ki, əlavə bir qurumu saxlasın. Qarabağdan köçüb gələnlərə vəsaiti çox çətinliklə çatdıra bilirlər. Bir sözlə, verilən bəyanat absurddur və heç bir əsası da yoxdur”.

f7cbfd74-7d7e-48a4-b212-6f37e0ae2bf6.jpeg (101 KB)

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov dedi ki, separatçıların yaratdıqları oyuncaq qurumların zatən heç biri legitim deyildi və onların qəbul etdikləri saxta aktların da Azərbaycan dövləti üçün heç bir hüquqi əhəmiyyəti yox idi: “Bu baxımdan sonuncu qondarma prezidentin "atsax" oyunları və verdiyi açıqlamalar hüquqi əhəmiyyət kəsb etmir. Separatçı qurum antiterror tədbirlərindən sonra özü-özünü buraxmışdı. İndi Ermənistana qaçan sonuncu separatçının sərsəm hərəkətləri yalnız sülh prosesinə mane ola bilər və Azərbaycan dövlətinin digər planlarına heç bir əngəl yaratmır". S.Məmmədov separatçıların absurd iddialarına cavabında qeyd etdi ki, artıq geridönüş mümkün deyil: “44 günlük müharibədə işğaldan azad edilmiş ərazilər kimi, Xankəndi və digər şəhər, qəsəbə və kəndlər də bərpa olunacaq, yerli idarəetmə formalaşacaq. Erməni mənşəli əhaliyə də, fikrimcə, konkret müddətlər müəyyən edilməlidir. O şəxslər ki, 1992-ci il yanvar ayının 1-nə qədər ərazilərdə yaşamışdı, həmçinin onların övladları vətəndaşlığını müəyyən olunan vaxt ərzində ya bərpa etməlidir, ya da müəyyən olunmuş müddət bitdikdən sonra bərpa məsələləri dayandırlmalıdır. Erməni mənşəli əhali seçimi özləri edib, yaxud onları separatçılar buna təhrik eləyiblər. Şahramanyanın hərəkətlərinə rəsmi İrəvanın reaksiyaları riyakarlığa oxşayır. Riyakarlıq olmasa belə, bu onların daxildə həll etməli olduqları məsələdir. Onların aktivləşməsinin arxasında həm Ermənistandaxili qüvvələr, həm də xarici qüvvələr dayanır. Onlar hətta növbəti ilin əvvəlində buraxıldıqlarını bir daha təsdiq etsələr də sonradan yenə nəsə növbəti sərsəm hərəkətlər edəcəkləri istisna deyil. Məqsəd sülh proseslərini pozmaqdır”.

ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Qarabağdan köçən bir qrup separatçının yenidən İrəvanda tədbirlər təşkil etməsi, Şahramanyanın “artsax”ın buraxılması ilə bağlı fərmanının ləğv edildiyi barədə spekulyasiyaları ilk növbədə Ermənistan hakimiyyətinin apardığı siyasətə ziddir: “Ümumiyyətlə, Azərbaycan üçün Qarabağ məsələsi bitib. Qarabağ separatçısının da məlum "fərman"ı ilə yanvarın 1-də proses tam həll olunur. İndi onların ortaya çıxması Ermənistanın Azərbaycanla sülh müqaviləsi istiqamətində apardığı danışıqlar fonunda gündəliyə gəlir. Təbii ki, separatçılara dəstək verən erməni lobbisi və Fransadır. Çünki hər iki tərəf sülh müqaviləsində maraqlı deyil. Ermənistan hakimiyyət nümayəndələri və prezident Xaçaturyan da Qarabağ institutlarına ölkəsində yer olmadığını vurğulayıb. Artıq Ermənistan hakimiyyəti separatçılara vəsait ayırmır. Ermənistan hakimiyyəti üçün də bu məsələ bitib. Ona görə də Şahramanyanın “möhür”ü Ermənistan ərazisində heç bir hüquqi əsasa da malik deyil". M.Əsədullazadə qeyd etdi ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qərbi Azərbaycan məsələsini gündəmə gətirdiyini də unutmur: “Əgər Ermənistanda yenidən Qarabağ məsələsi gündəliyə gəlsə, Qərbi Azərbaycan Respublikası elan oluna bilər. Samvel Şahramanyan Ermənistan vətəndaşıdır. Hətta məcburi köçkün də deyillər və Ermənistanda siyasətlə məşğul olmasını ona qadağan ediblər. Bir qrup separatçının yenidən fəallaşması yalnız Ermənistan hakimiyyətinin apardığı siyasətə zərbə vurur”.

Ləğv edilmiş xunta rejiminin sonuncu başçısının sərsəm iddiaları Ermənistanın özünü də fəlakətlər burulğanında boğa bilər. Rəsmi İrəvanın sükutu və Samvel Şahramanyanın özünün də yayılan xəbərlərə reaksiya verməməsi suallar yaradır. Göründüyü kimi, ekspertlərin fikirlərində də müəyyən haçalanma var. Separatçıların sərsəm iddialarının arxasında Ermənistan hakimiyyətinin maraq və sifarişlərinin dayandığını vurğulayanlarla yanaşı, son iddiaların rəsmi İrəvanın siyasətinə qarşı olduğunu güman edənlər də var...

E.Paşasoy,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR