İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova yaz sessiyasının son iclasında “növbədənkənar sessiyamız olacaq”-dedi  

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 31 may 2023-cü il tarixində keçirilən plenar iclasında çıxış edib.

Musavat.com bildirir ki, spiker yaz sessiyasının sonuncu iclasının olduğunu xatırladıb: “Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib. Mən bu barədə sərəncam imzalamışam və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq. İndi mən icazənizlə yaz sessiyasının yekunları barədə qısa məlumat vermək istəyirəm.

İlk öncə onu söyləyim ki, Milli Məclisin yaz sessiyasında 14 iclas keçirilmiş, 91 qanun qəbul edilmişdir. Başqa sözlə, 1 yeni qanun qəbul olunmuş, 72 qanunda dəyişiklik edilmiş, 18 beynəlxalq müqavilə təsdiq olunub”.

S.Qafarova bildirib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib”.

Spiker deyib ki, yaz sessiyasının ən önəmli hadisəsi xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclası olub:

“Xarici ölkələrin 27 parlament sədrinin və sədr müavininin, 57 parlament üzvünün, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçilərinin iclasda iştirak etməsi, ümumiyyətlə, xarici ölkələrin 228 nümayəndəsinin Bakıya gəlməsi Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin beynəlxalq miqyasda nə qədər yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirib”.

Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən xanım sədr qeyd edib ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərib: “Bununla əlaqədar mən parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulamaq istəyirəm. Hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.

Böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə lazım gəldikdə ictimai dinləmələr keçirilməsi praktikasından istifadə edilmişdir. Belə ki, Milli Məclisin Gənclər və idman komitəsi “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda, İnsan hüquqları komitəsi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda, Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi ilə əlaqədar, habelə Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirmişlər”.

Spiker qeyd edib ki, qanunvericilik sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi xarici dövlətlər tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə etiraz əlaməti olaraq bəyanatlar da qəbul edib: “Parlamentin səlahiyyət dairəsinə daxil olan təyinat məsələləri həll edilib.
Ümumən Milli Məclisin 14 qərarı qəbul olunub. Hörmətli həmkarlar, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər də görülmüşdür. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabat, məruzə və məlumatları dinlənilmişdir”.

S.Qafarova bildirib ki, yaz sessiyası ərzində parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib: “Onu da qeyd edim ki, bu sessiyada, yəni keçən 4 ayda Milli Məclisin 85 deputatı 33 ölkəyə 213 səfər həyata keçirmiş, üzv olduğumuz beynəlxalq təşkilatların hamısının toplantılarında iştirak və çıxış edib. Millət vəkillərimiz Türkiyədə keçirilən prezident və parlament seçkilərini, habelə Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini müşahidə etmişlər. 41 ölkənin və 7 beynəlxalq təşkilatın 67 nümayəndə heyəti, ümumən 343 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.

Hörmətli həmkarlar, Milli Məclis sədrinin 5 ölkəyə rəsmi və 6 ölkəyə işgüzar səfərləri olmuşdur. Milli Məclisdə isə mən 17 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 1 ölkənin icra hakimiyyəti orqanının nümayəndəsi, 5 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm.
Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir. Hörmətli həmkarlar, qeyd edim ki, 3 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq haqqında saziş və anlaşma memorandumları da imzalanmışdır.

Onu da deyim ki, Azərbaycan Respublikasının Milli Məclisinin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası, Ərəb Parlamenti, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları da imzalamışdır.
Türk Dövlətlərinin Parlament Assambleyasında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə müşahidəçi statusu verilmiş, TÜRKPA isə Parlament Şəbəkəsində müşahidəçi statusu almaq üçün müraciət etmişdir.

Hörmətli həmkarlar, mayın 22-də Azərbaycan parlamenti böyük bir beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilmişdir. Toplantıda ATƏT-in üzvü olan 27 ölkənin və 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırıb. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm”.

Sədr Milli Məclisin yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra sessiya başa çatıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR