İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Ukraynanın ölkəmizdəki səfiri ilə görüşdü

İyunun 27-də Milli Məclisin sədri Sahibə Qafarova Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyevlə görüşüb.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Səfiri Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onu bu vəzifəyə təyin edilməsinə görə təbrik edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti, ölkələrimizin müstəqilliklərini bərpa etməsindən ötən dövrdə müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, mədəni, mənəvi bağların əhəmiyyətindən danışılıb. Söhbət zamanı dövlət başçılarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində görüşləri barədə danışılıb. Bildirilib ki, iki ölkə arasında mövcud olan dostluq münasibətləri bir çox sahələrdə müşahidə edilir.

Qeyd edilib ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Eyni zamanda, parlament səviyyəsində də bu əməkdaşlıq mövcuddur. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində keçirdikləri görüşlər, beynəlxalq təşkilatlarda əməkdaşlıqları mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, həm Azərbaycan, həm də Ukrayna qanunverici orqanlarında qarşılıqlı parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.

Görüşdə mədəniyyət və digər sahələrdə də əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, indiyədək Azərbaycan və Ukrayna arasında imzalanmış çoxsaylı sənədlərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı səfir Yuriy Husyev Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycana təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) Ukraynanın fəal dəstək göstərməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair də geniş fikir mübadiləsi aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR