Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, TürkPA-nın Assambleya Şurasının 13-cü iclasında quruma sədrlik Türkiyədən Azərbaycana keçib. Azərbaycan Resppublikası Milli Məclisinin sədri Sahibə Qafarova sözügedən iclasda çıxış edib. Musavat.com Milli Məclisə istinadən çıxışın tam mətnini tədim edir:
“Hörmətli həmkarlar, Hörmətli Assambleya Şurasının üzvləri. TÜRKPA-nın fəaliyyətdə olan sədrliyini qürur hissi ilə təhvil alıram. TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətinə, türk dünyasında parlament diplomatiyası və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə hörmətli cənab sədr Numan Kurtulmuş başda olmaqla Türkiyə Böyük Millət Məclisinə minnətdarlığımı bildirirəm. Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımı tədbirlərin həyata keçirilməsinə çalışacaq. Hörmətli həmkarlar, Əziz dostlar, Məmnunluqla bildirirəm ki, Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyət göstərdiyi 15 ildən artıq dövrdə dördüncü dəfədir, Assambleyanın əsas tədbirləri Bakıda keçirilir. Mən təşkilatımızın üzvü olan qardaş ölkələrin parlament təmsilçilərinə – sizin hər birinizə “doğma vətəninizə xoş gəlmisiniz!” deyirəm. Ümid edirəm ki, bu gün aparacağımız müzakirələr qarşıya qoyulan hədəflərə nail olmağımıza kömək göstərəcəkdir”.
S.Qafarovanın sözlərinə görə, sevindirici haldır ki, türk əməkdaşlıq qurumlarımız xalqlarımızın fikir və əməl birliyinin möhkəmləndirilməsi istiqamətində inamla fəaliyyət göstərirlər: “Azərbaycan Respublikası ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri yüksək qiymətləndirir. Biz hesab edirik ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın və dövlətlərimizin ümumi məqsədlər ətrafında daha da sıx birləşməsində TÜRKPA və digər inteqrasiya qurumlarımız mühüm rol oynayır. Qeyd edim ki, Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Bununla əlaqədar mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamını xatırlatmaq istərdim. Hörmətli həmkarlar, Artıq dünəndən TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində tədbirlərimiz başlayıb. Bu gün həm Şura iclasını, həm də plenar iclası keçiriləcək. Hər ikisinin gündəliyi, düşünürəm ki, kifayət qədər zəngindir. TÜRKPA-nın həm ötən dövrdəki fəaliyyətini nəzərdən keçirəcəyik, həm də gələcək planlarımızı müzakirə edəcək və mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə ki, bütün bunlar bir məqsədə xidmət edir: qardaş ölkə parlamentlərimizin çoxtərəfli əməkdaşlığının mühüm mexanizmi, ortaq təşkilatımız olan Türk Dövlətləri Parlament Assambleyasının institusional cəhətdən daha da inkişaf etdirilməsi, yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və ümumi işimizin daha da gücləndirilməsidir. Hörmətli həmkarlar, Şura iclasında biz təşkilatın seçki müşahidə missiyalarının yekun hesabatının layihəsini də müzakirə edəcəyik. Fürsətdən istifadə edərək, türkiyəli və özbəkistanlı həmkarlarımızı uğurla keçirilmiş Prezident və parlament seçkiləri, Konstitusiya referendumu münasibəti ilə təbrik edirəm”.
Milli Məclisin sədri əlavə edib ki, cari ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Ölkəmiz üçün bu seçkilər böyük əhəmiyyət kəsb edirdi: “44 günlük Vətən Müharibəsində 30 illik işğal başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında isə Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdi. Bu, böyük bir dövrün başa çatması və ölkəmiz, xalqımız üçün yeni bir dövrün başlanması idi. İlk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirildi. Müstəqil Azərbaycanın tarixində bu ilk dəfə baş verdi. Bu seçkilərdə xalqımız artıq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verdi. Fürsətdən istifadə edərək, bu seçkilər zamanı bizim yanımızda olan qardaş ölkə parlamentlərinə, TÜRKPA katibliyinə öz təşəkkürümü bildirirəm. Hörmətli həmkarlar, Bir qədər sonra biz Parlament Assambleyasının 13-cü plenar iclasında da iştirak edəcəyik. Hesab edirəm ki, plenar iclas üçün seçilmiş mövzu çox aktualdır. Bildiyiniz kimi, noyabr ayında Bakı qlobal iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində ən böyük beynəlxalq tədbir olan COP29 Konfransına ev sahibliyi edəcək və bu istiqamətdə göstərilən beynəlxalq səylərin mərkəzi platformasına çevriləcəkdir. Mən düşünürəm ki, TÜRKPA-nın plenar iclasında “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” ilə bağlı aparacağımız müzakirələr və qəbul edəcəyimiz qərarlar iqlim dəyişmələrinə qarşı mübarizəyə, ölkələrimizin yaşıl enerji sahəsində əməkdaşlığına parlament dəstəyimizin ifadəsi olacaqdır. Hörmətli həmkarlar, Azərbaycan parlamenti Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir. Həmişə olduğu kimi, Milli Məclisin nümayəndə heyəti TÜRKPA-nın komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilən tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində yaxından iştirak edib. Qeyd etməliyəm ki, TÜRKPA çərçivəsində fəaliyyət göstərən komissiyalarımızın mövcud potensialından daha geniş şəkildə istifadə etməyimiz, birgə tədbirlərimizin və müzakirələrimizin intensivliyini artırmağımız ümumi işimiz baxımından faydalı olacaqdır. Bu çərçivədə, milli qanunvericiliklərin yaxınlaşdırılması və model qanunların hazırlanması da xüsusi aktuallıq kəsb edir.
Bugünkü plenar iclasımıza beş yeni model qanunun təqdim olunması da, bu mənada, məmnunluq doğurur. Hörmətli həmkarlar, Onu da vurğulayım ki, TÜRKPA-nın Bakıda yerləşən Katibliyinin fəaliyyəti parlamentimizin daim diqqətindədir. Biz Katibliyi bundan sonra da fəal surətdə dəstəkləyəcəyik. Məmnunluqla qeyd etmək istəyirəm ki, Baş katib cənab Mehmet Süreyya Erin rəhbərliyi ilə Katiblik Assambleyanın qərarlarını səmərəli surətdə həyata keçirən çevik və işlək mexanizm olduğunu öz fəaliyyəti ilə sübut edir. Əziz dostlar, Hörmətli həmkarlar, İnanıram ki, TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparacağımız fikir mübadiləsi, alacağımız qərarlar təşkilatımızın fəaliyyətinin daha da güclənməsinə dəyərli töhfə verəcək”.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ