İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Heydər Əliyev siyasətə bu binadan başlayıb”

Milli Məclisin növbəti iclası keçirilir.

Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova giriş nitqində bildirib ki, iclas çox əlamətdar günə təsadüf edir.

S.Qafarova mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü olduğunu söyləyib, mərhum prezidentin Azərbaycana rəhbərlik etdiyi, həmçinin Milli Məclisə sədrlik etdiyi dönəmlərdən bəhs edib.

Spiker həmçinin 10 mayda Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünün olduğunu vurğulayaraq, Fondun imza atdığı tarixi uğurlardan bəhs edib:

“Heydər Əliyev düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidi doğruldan şəxsiyyət olub. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib. Ümummilli liderin başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın ən ümdə problemini həll etməyə imkan verib. 44 günlük Vətən müharibəsində qələbə təmin edilib. Ötən ilin sentyabr ayında aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyimiz bərpa edilib. Biz bir məqamı da hər zaman vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev siyasətə bu binadan başlayıb”.

Daha sonra spiker bildirib ki, mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur:

“Fondun yaradılması milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Bu gün milyonların sevgisini qazanmış Fondun nailiyyətlərinin təməlində Fondun rəhbəri Mehriban xanım Əliyevanın böyük zəhməti və fədakarlığı dayanır. Onun humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir.

Fondun fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, 30 illik işğal dövründə dağıdılmış abidələrimizin bərpa edilməsi də əsas istiqamətlərdən biridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz işlər görüb. Fondun bir çox ölkələrdə şöbələri fəaliyyət göstərir. Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur”.

Parlament sədri Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə Fondun Prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevaya təbrik məktubu göndərilməsini təklif edib. Deputatlar bu təklifə alqışlarla dəstək ifadə ediblər.

Daha sonra deputat Soltan Məmmədov Heydər Əliyev Fondunun ötən 20 illik fəaliyyətilə bağlı ətraflı məlumat verib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR