Onlayn ictimai-siyasi qəzet
"Telefonlar, sosial şəbəkələr və onlayn oyunlar şagirdlərin təhsil prosesinə ciddi maneələr yaratmaqdadır".
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edir ki, bu cür vasitələr şagirdlərin dərsə diqqətini yayındırır, tədris materiallarını qavrama qabiliyyətini azaldır və intellektual inkişafına mənfi təsir edir:
"Beynəlxalq tədqiqatlar göstərir ki, orta məktəb şagirdləri gün ərzində orta hesabla 4-6 saatını ekrana baxmaqla keçirir və bunun 60%-dən çoxu akademik məqsədlərlə bağlı deyil.
Dünya Bankının 2023-cü il təhsil hesabatına görə, mobil telefonların dərs prosesində istifadəsi şagirdlərin akademik göstəricilərinə orta hesabla 12-15% mənfi təsir göstərir. Fransa, Finlandiya və Niderland kimi ölkələrdə məktəblərdə telefon istifadəsinə qadağalar qoyulub və nəticədə şagirdlərin dərs zamanı diqqəti və akademik nailiyyətləri nəzərəçarpacaq dərəcədə artıb. Fransada 2018-ci ildən etibarən məktəblərdə telefonların istifadəsi qadağan edildikdən sonra şagirdlərin orta bal göstəriciləri 8-10% artıb.
Azərbaycan təhsil sistemində də bu problem aktualdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32-ci maddəsinə əsasən, təhsil müəssisələri şagirdlərin təhsil prosesinə mane olan amillərlə mübarizə aparmalıdır. Lakin hazırda məktəblərdə telefon istifadəsinə qarşı ciddi məhdudiyyətlər tətbiq olunmur, bu isə tədris keyfiyyətinə mənfi təsir edir. Təhsil müəssisələrində mobil cihazların istifadəsi yalnız tədris məqsədləri üçün tənzimlənməli, sosial şəbəkələr və oyunların təsirini azaltmaq üçün məktəblərdə nəzarət mexanizmləri gücləndirilməlidir.
Texnologiya təhsilin ayrılmaz hissəsinə çevrilsə də, onun nəzarətsiz istifadəsi şagirdlərin zehni inkişafını ləngidir, oxu və yazı vərdişlərini zəiflədir, diqqət dağınıqlığı və informasiya asılılığı yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, gündə 2 saatdan çox ekran qarşısında vaxt keçirmək uşaqların yaddaş və analiz qabiliyyətinə mənfi təsir göstərir.
Bu problemlə mübarizə üçün məktəblərdə telefon istifadəsinə nəzarət mexanizmləri tətbiq edilməli, dərs saatları ərzində ekran vaxtı məhdudlaşdırılmalı, valideynlər və müəllimlər şagirdlərə texnologiyanın düzgün istifadəsini öyrətməlidir. Əgər vaxtında tədbir görülməsə, yeni nəsil texnologiyadan yararlanan deyil, ona məhkum olan bir cəmiyyətə çevrilə bilər. Təhsil sistemi texnologiyanın idarəedilən istifadəsinə yönəlməlidir, çünki gələcək texnoloji bacarıqlara əsaslansa da, balanslı və şüurlu istifadənin olmaması cəmiyyətin intellektual potensialına ciddi zərbə vuracaq".
Xalidə Gəray
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ