İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabunçunun quş satanları: Daxmada qalıram, 30 manat yer pulu verirəm – VİDEOREPORTAJ

Elmira Həsənova Gədəbəy rayonunun Şınıx kənd sakinidir. Onun 58 yaşı var. İki qız, bir oğul anasıdır. O, Gədəbəydə təsərrüfatla məşğul olur, həyətində qaz, ördək, hinduşka saxlayır. Elə dolanışığı da bu təsərrüfatdan çıxır.

Belə ki, o həyətində böyütdüyü quşları Bakının Sabunçu bazarında satmaqla çörək pulunu qazanır. Deyir ki, rayondan paytaxta üz tutmasına ehtiyac onu vadar edir.

QUSCU.jpeg (122 KB)

Nə təqaüd alır, nə də sosial yardım. Üstəlik, Bakıda 15 gün müddətinə kirayə tutduğu evə 100 manat ödəyir:

“Keçən il bu vaxtı alıcı əlindən oturmaq mümkün deyildi. Kasıblıq öz sözünü deyir. Əlacım olsa, quşları satmazdım. Qızlarımın uşaqlarına yedizdirərdim. Özüm də şəhid bacısıyam, bir yerdə işləmirəm. 58 yaşım var, bir yerdən bir manat almıram. Bu il dolu düşdü, heç kartof da yığa bilmədik. Yağıntı çox oldu.

Bu quşlar öz malımızdır, Gədəbəydən gətirib satırıq. Tələbat yoxdur, alıcı azdır. Ördək, qaz, hinduşa, çolpa gətirib satıram. Qazı 25-30 manata satıram. Hinduşkanın kilosunu 15 manata verirəm”.

Həmsöhbətimiz bildirir ki, soyuq havalarda bazarda satıcılıq etmək çox çətindir. Hər hansısa gəlir yeri olsaydı, uzaq məsafə qət edib paytaxta gəlməzdi:

“150 manat pensiya alsaydım, xan kimi dolanardım, tək adamam. Hər gün 10 manat, bazar günü isə 30 manat yer pulu verirəm. Pensiya alsaydım, burada nə işim var idi”.

Mirzə İsmayılov isə Əli Bayramlı sakinidir, 59 yaşı var.

O da bu bazarın quş satanlarındandır. Deyir ki, satdığı hinduşka və qazı Sabirabadda şəxsi təsərrüfat sahiblərindən alıb, Sabunçu bazarında satışa çıxarır.

Mirzə dayı da digər satıcılar kimi alıcı azlığından şikayətlənir. Deyir ki, 10 nəfərlik ailəsini buradan qazandığı pulla dolandırır:

“Qazın birini 30 manata, ördəkləri isə 12-13 manata satıram. Camaatda pul yoxdur, camaat pis vəziyyətdədir. Mal da azdır. Ona görə gətirən yoxdur.

Burada daxmada qalıram. Kirayə pul çatdırmaram. Malı 10 manata alıb üstünə 2 manat qoyuruq. Qabaq ay ərzində 200-300 çıxarırdım. Çətindir, zəmanə ilə ayaqlaşırsan da. Əvəllər sürücü olmuşam. Haradasa 8 ildir ki, ailəni bu yolla dolandırıram”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR