Onlayn ictimai-siyasi qəzet
"Banqladeşdə fövqəladə vəziyyət elan olunduqdan, parlament buraxıldıqdan, komendant saatının tətbiqindən, internetin kəsilməsindən, o cümlədən baş nazirin istefasından sonra da vəziyyət normallaşmayıb. Paytaxt Dəkkədə qarşıdurmalarda ölənlərin sayı 100 nəfəri keçib, onlarla polis həlak olub. Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda savaşan veteranların qohumlarına verilməsinə dair məhkəmə qərarı olub".
Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırma Mərkəzinin təhlilində deyilir.
Qeyd olunur ki, Banqladeş prezidenti Şahabuddin Çuppu vəziyyəti sabitləşdirmək üçün keçmiş baş nazir və müxalifətin lideri Xalid Ziyanın ev dustaqlığından azad edilməsi barədə göstəriş verib:
"Dövlət başçısı eyni zamanda etiraz iştirakçılarının da həbsdən azad edilməsinə qərar verib. Banqaleş faktiki keçid dövrünə keçib.
Banqladeşdəki vəziyyət bir çox ölkəni narahat edib. London Banqladeşdə zorakılığın miqyasından şoka düşdüyünü açıqlayıb. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Banqladeşdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib və zorakılığa son qoymaq üçün hər kəsin birlikdə işləməli olduğunu söyləyib. Bundan əlavə, o, həmçinin Banqladeşdəki son hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatının rəhbərliyinin bu ölkədəki hadisələrlə bağlı müstəqil təhqiqat aparılmasına çağırıb.
Qərb ölkələrindən məhz Böyük Britaniyanın Banqladeşdəki hadisələrdən narahat olması səbəbsiz deyil. Banqladeş Böyük Britaniyanın müstəmləkəsi olub. Qonşu Hindistan da vəziyyətdən narahatdır. Hindistanın baş naziri Narendra Modi Banqladeşin hərbi rəhbərliyi ilə əlaqə saxlayıb, sabitliyin bərpasına çağırıb. Asiyanın istənilən ölkəsində sabitliyin pozulmasının bölgəyə mənfi fəsadları olacaq. Bölgə ölkələrinin fərqli maraqları gərginliyi daha da artıra bilər. Buna görə də Banqladeşdə sabitliyin qısa müddətdə bərpası vacib sayılır".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ