Onlayn ictimai-siyasi qəzet
Sabah oktyabrın 31-də Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Musavat.com xəbər verir ki, məlum insidentlə bağlı bir deyil, iki cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər 1 dəfə üzləşdiriliblər.
Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.
Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti hələ də reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra” hospitalının yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib. Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:
“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra” hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.
Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra” hospitalının həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”
Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi - “MedEra” hospitalının əməkdaşı Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ