İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüsum şapalağına qarşı boykot təpiyi – ABŞ-Avropa savaşının ön cəbhəsinə fransızlar çıxır

Hələ eks-prezident Şarl de Qollun vaxtından Fransada başlanan anti-amerikanizm dalğası son aylarda daha bariz şəkil alıb. Son günlərdə bir neçə sosial şəbəkədə qruplar Donald Trampın hərəkətlərinə etiraz olaraq Amerika mallarını almamağa razı olanlardan imza toplayır.

Bu, ilk növbədə, aprelin 2-dən etibarən Aİ-də istehsal olunan məhsullara rüsumların artırılmasına aiddir. Tramp belə bir anonsla çıxış edib və bunun bütün Avropanın, eləcə də Fransanın iqtisadiyyatına mənfi təsir göstərəcəyi bildirilir.

Sosioloji məlumatlara görə, Amerika mallarını boykot etmək ideyası kütləvi şəkildə dəstəklənir. Ancaq praktikada bunu həyata keçirmək çətin olacaq. Avropada ABŞ istehsalı olan məhsullar həddən artıq çoxdur; onlar avropalı alıcıların həyatına çox möhkəm yerləşiblər.

Fransada tele-radio xəbərlərində diqqət çəkən personajlardan biri 33 yaşlı fermer Eduard Russet Amerika mallarını almamağa çağıran petisiyanı ilk qeydə alan adamdır. Russet müsahibələrində izah edir ki, əvvəlcə o, sırf siyasi motivləri rəhbər tutur, Tramp administrasiyasının Ukrayna ilə bağlı kursunu bəyənmirmiş. Lakin çox keçmədən o, petisiyanı imzalayan fransızların siyasətdən daha çox iqtisadiyyatla maraqlandığına əmin olub.

Belə anlaşılır ki, ABŞ və Fransa tezliklə ticarət müharibəsinə girəcəklər. Aprelin əvvəlində Ağ Ev Avropa mallarına, xüsusən də polad və alüminiuma tarifləri artıracaq. Buna cavab olaraq Avropa Birliyi ABŞ-də istehsal olunan məhsullarla bağlı simmetrik tədbir elan edib. Trampın sevimli spirtli içkisi olan burbonun da rüsumları artırılır. Bu detal Trampa o qədər toxunub ki, o, Aİ-dən gələn bütün alkoqolların rüsumlarını 200% artıracaq. Edilən təhdidlər reallaşarsa, fransız şərabçıları qiymətli bazarı itirəcəklər. Russet kimi üzüm yetişdirən minlərlə fermer bundan təsirlənəcək. Artıq çətin günlər yaşayan şərab sənayesi isə böhrana girmək riski daşıyır.

Fransa mediası yazır ki, Avropa Komissiyası çaşqın durumdadır. O, Ağ Evə uyğunlaşmalıdır. “Bloomberg” xəbər verir ki, Ursula von der Leyen və köməkçiləri kompromislər barədə danışıqlara hazırdırlar. Trampla kompromis kimi avropalılar bir sıra standartları aşağı sala və əlavə olaraq Amerika iqtisadiyyatına sərmayə qoya bilərlər. Amerikalıların hərəkətlərinə necə cavab verməklə bağlı Avropa İttifaqı daxilində birlik yoxdur. Məsələn, Dublində Brüsselin coşqunluğunu azaltmağa çalışırlar. İrlandlar Avropa komissarlarının siyasi istəklərinə görə Amerika spirtli içkilər bazarını itirmək istəmirlər. İtalyanlar da oxşar mövqedən çıxış edirlər və ölkənin baş naziri Corciya Meloni Vaşinqtonla Brüssel arasında manevr siyasətini davam etdirir. Ancaq kompromis tapılsa belə, Aİ-ABŞ münasibətləri yenə də ciddi zərbə alacaq.

Bildirilir ki, vəziyyəti amerikalıların müttəfiqlərinə iqtisadi iddialar irəli sürməsi forması daha da gərginləşdirir. Nəinki Trampın komandasından olan insanlar, xüsusən də onun milyarder müşaviri İlon Mask birbaşa və ya dolayı yolla Avropa ölkələrinin siyasi işlərinə qarışaraq, avropalıların kimə səs verməli və ya verməməli olduqlarını, hökumətlərinin hansı siyasət yürütməli olduğunu diktə edir. ABŞ səfirliyi “ənənəvi Amerika dəyərlərini” qorumağa yönəlmiş “bütün federal ayrı-seçkiliyə qarşı qanunlara” əməl etməsələr, ABŞ hökuməti ilə iş görən fransız şirkətləri ilə müqavilələri ləğv etməklə hədələyib. Təfsir üçün yer buraxan bu ifadə amerikalı diplomatların onlarla şirkətə göndərdiyi sənəddə yer alıb. Beş gün ərzində hesabat tələb edən oxşar məktublar ABŞ səfirlikləri tərəfindən Aİ-nin bir sıra digər ölkələrindəki şirkətlərə də göndərilib. Onların arasında hətta Avropa Birliyinin baş qərargahının yerləşdiyi Belçika da var. Fransanın Xarici Ticarət Nazirliyi ABŞ-yə etirazını bildirib.

Qismən də olsa, Amerika mallarının boykot edilməsi artıq bir ölkədə, Kanadada baş verib. Tramp bu dövləti ABŞ-nin 51-ci ştatına çevirmək istədiyini bildirmişdi. Əvəvlcə hamı bunu bir “kalssik Tramp zarafatı” saysa da, sonra aydın olmuşd ki, o, zarafat etmir.

İndi fransızlar da kanadalılara qoşulmağa başlayırlar. Hər on fransızdan altısı boykot tərəfdarıdır. “Liberation” qəzetinin sifarişi ilə keçirilən sorğuya görə, fransızların üçdə biri artıq Amerika mallarını almamağa çalışır.

Britaniya mediası qeyd edir ki, “Coca-Cola”, “McDonald's”, “Tesla”, Starbucks, KFC və X sosial şəbəkəsi kimi şirkətlər və brendlər xüsusilə hədəfdədir. Başqa bir sorğu göstərib ki, fransızları ABŞ-da oxumaq, işləmək və yaşamaq perspektivi daha az cəlb edir. Gənclər Amerika mallarını valideynlərindən daha az rədd etsələr də, ABŞ-nin yaşamaq istədikləri yer kimi görmürlər, Birləşmiş Ştatlarda məyus olduqlarını nümayiş etdirirlər.

Eyni zamanda, Amerika mallarının boykot edilməsi hələ o qədər geniş yayılmayıb ki, ABŞ iqtisadiyyatına təsir edən faktora çevrilsin. Məsələ təkcə onda deyil ki, fransızlar bu kampaniyanı yenicə başlayıblar. Sadəcə, bəyanatlar və hərəkətlər arasında həmişə böyük fərq olur. Məişət texnikası, smartfon, idman ayaqqabısı və geyim kimi avropalılara tanış olan Amerika istehsalı olan istehlak mallarından vaz keçmək o qədər asan deyil.

Ancaq Çin, Hindistan, Yaponiya, Cənubi Koreya kimi ölkələr Amerika mallarının yerini doldurmaq sahəsində tezliklə ciddi alternativlər təqdim edə bilərlər. O zaman Tramp və komandası təsirin əks-təsirə bərabər olduğunu anlayacaq.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR