İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların ermənilərə baş qaxıncı – “Qarabağı alıb sizə vermişdik”

 

Budur, 1 aya yaxındır Rusiya siyasətinin öndə gedən isimləri erməni liderlərə baş qaxıncı etmək üçün yeni bir arqument tapıblar: “Azərbaycanın Qarabağ üzərində yurisdiksiyasını tanıyan biz deyilik, sizsiniz”; “Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Ermənistan bəyan edib, Rusiya yox”.

Bu fikri bir az yumşaq şəkildə prezident Vladimir Putin, bir qədər açıq formada xarici işlər naziri Sergey Lavrov, xeyli hiddətli biçimdə və bir neçə dəfə XİN-in sözçüsü Mariya Zaxarova, lap axırda isə qaba və açıq-saçıq halda eks-prezident, hazırda isə RF Təhlükəsizlik Şurası rəhbərinin müavini postunu tutan Dmitrli Medvedyev deyib.

Medvedyev hətta ampluasına sadiq qalaraq, “əqidəli alkoqolik”lərin etdiyi kimi edib, beynindəkini dilinə gətirib, baş nazir Paşinyanı günahlandıraraq deyib: “O, ölkəsinin ərazisinin bir hissəsindən imtina etdi”.

Bu, nə deməkdir? Dağlıq Qarabağ nə vaxtdan Ermənistanın ərazisinin bir hissəsi olmuşdu ki, indi rus siyasilər ermənilərə onu Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını baş töhməti edirlər?

Yəni Ermənistanın, yaxud hansısa bir 3-cü, 5-ci, 10-cu, 100-cü dövlətin Qarabağı Azərbaycan ərazisi kimi tanımamaq ixtiyarı, hüququ varmı? Hansı beynəlxalq təşkilatda Qarabağın dağlıq hissəsinin başqa dövlətə məxsus olduğu göstərilib. Bu hansı sənəddə təsbit olunub? Rus siyasilər bunu haradan, ən ümdəsi, niyə çıxarırlar?

Tutuquşu kimi bir-birinin ardınca təkrarlanan bu ifadə heç də yaxşı niyyətlərdən xəbər vermir.

Rusiyalı siyasi xadimlər, eləcə də patriot-propaqandistlər bu arqumenti ona görə ermənilərin baş qaxıncına çevirirlər ki, onlar pisləşən Rusiya-Ermənistan münasibətlərinin günahını özlərində görsünlər, 44 günlük müharibədə də, ondan sonra davam edən siyasi-diplomatik müstəvidəki mübarizədə də məğlubiyyətə uğramalarını öz səhvlərinə bağlasınlar.

Medvedyevin təhnizində bir alt mesaj da var. O dolayısı ilə bunu demək istəyir: “Biz Qarabağı Azərbaycandan aldıq, sizə verdik, 28-30 il sizin oldu, amma özünüzü yaxşı aparmadınız, üzümüzə ağ oldunuz, bizim sizə hədiyyə etdiyimiz ərazini qorumadınız, hələ sonra da onu təzədən Azərbaycana qaytarıb, onların olduğunu bildirdiniz”.

Mariya Zaxarovanın sitəminin açması isə təxminən belədir: “Sizə bu da azdır. Qarabağı Azərbaycanın ərazisi kimi tanıyanda, bizə şıllaq atanda, başınıza belə işlər gəlməliydi”.

Bu, diplomatiyanın plintus səviyyəsidir. Bir-birilə müəyyən münasibətləri olan dövlətlərin diplomatları, siyasiləri öz aralarındakı problemləri bu qədər açıq və qaba dillə ifadə etmirlər, beynəlxalq qanunlara zidd sayıla biləcək sözlər işlətmirlər.

Amma işə baxın ki, bir müddət baş nazir Putinin yanında prezident işləmiş, uzun müddət isə prezident Putinin yanında baş nazir olmuş şəxs Dağlıq Qarabağı Ermənistanın “ərazisinin bir hissəsi” elan edir. Düzdür, Medvedyevin son ilyarımda, xüsusilə də Ukraynada aparılan müharibə ilə bağlı o qədər çox sayqılamaları olub ki, bu dediklərinə fikir verməmək də olardı. Ancaq məsələ ondadır ki, bu fikir başqaları tərəfindən də təkrarlanır, tirajlanır. Demək, Kremldə əsas qənaət bundan ibarətdir.

Əslində isə rusiyalı siyasilərin hansı düşüncədə olduğu 30, 20, 10, 5 il bundan qabaq da bizə, azərbaycanlılara sirr deyildi. Biz açıq-aşkar görürdük, deyir, yazırdıq ki, Kreml Qarabağ münaqişəsinin uzun müddət dondurulmasında, donunun açılmasından sonra isə onun Ermənistana verilməsində maraqlıdır. Konfliktin həllinin bu qədər uzanması məhz bu niyyətə xidmət edirdi. ATƏT-in Minsk qrupunun digər həmsdərləri olan Fransa və ABŞ da bu niyyətdə idi. Onlar gözləyirdilər ki, aradan 40-50, lap 100 il keçəcək, problem öz-özünə həll olacaq, Azərbaycan Qarabağa iddia edəndə deyəcəklər, bu, 100 il əvvəlin söhbətidir, hər şey tarixdə qalıb, barışın, getsin.

Rusiyanın Qarabağı Ermənistana peşkəş etməsinin qarşılığında ruslar ermənilərdən yalnız bir-birilə bağlı olan iki şey umurdular: sədaqət və itaət. Fəqət ermənilərin ikinci tələbə üzləri nə qədər ağ olsa da, birinci tələbə sona qədər riayət edəcəkləri şübhəliydi. Onlardakı Bizans xarakteri özünü əvvəl-axır göstərməliydi, nəhayət, göstərdi.

İndi ruslar nə ermənilərin qucaq dəyişdirməsini bağışlaya bilirlər, nə də onlar yola gəlmək, yenidən “ana Rusiya”nın ağuşuna qayıtmaq istəyirlər. Hətta İrəvanda çevriliş olsa, Paşinyan devrilsə də, hakimiyyətə Kremlyönümlü birinin gələcəyinə təminat yoxdur. Daha pisi, tərəflər artıq bir-birinin etibarına bələd olublar, arada yaranmış psixoloji çatı yamamaq çox çətin olacaq. Xüsusilə də belə məsələlərdə kindar olan ermənilər 2020 və 2023-ün sentyabrını 2123-cü ilin noyabrında da unutmayacaqlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR