İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya işləmək ta necə olur ki? - İddialar və gerçəklər

ABŞ prezidenti Donald Trampın vəzifəsini icra etdiyi bu 50 gündə göstərdiyi fəaliyyət, verdiyi qərarlar və açıqlamalar onun barəsində ciddi şayiələr doğurub. Amerikanın özündə belə senatorlar səviyyəsində bu şəxsin Rusiyanın agenti olmasına dair iddialar və suallar var.

Düzdür, heç kəsin əlində sənəd-sübut yoxdur, amma olması da mümkün deyil. “Rüşvətin sənədi olmaz” deyə məşhur ifadəni perefraz etsək, bu ranqda, səviyyədə adamların da konkret olaraq hansısa kəşfiyyat orqanının gizli əməkdaşı olmasına dair sənəd ola bilməz.

İndi Trampı müdafiə edənlərin bir çoxu bu iddianı absurd adlandırır, deyilənləri yalana çıxarmağa çalışır. Ancaq əsas məsələ Trampın doğrudan da Rusiyanın kəşfiyyat orqanları ilə əlaqəsinin olub-olmaması deyil, adamın fəaliyyətinin Rusiyanın mənafeyinə uyğun, ABŞ-nin maraqlarına zidd olmasıdır.

Trampın tənqidçiləri onun 50 günlük fəaliyyəti zamanı etdiklərini və etmək istədiklərini aşağıdakı kimi təsnif edirlər:

- Tramp bu 50 gündə ABŞ-nin iqtisadiyyatını çökdürmək istiqamətində addımlar atıb, sadiq müttəfiqləri ilə ticarət savaşına girib, gərginlik yaradıb;

- Trampın yeni dönəmində ABŞ-nin beynəlxalq aləmdə nüfuzu heç vaxt olmadığı qədər aşağı düşüb, ölkə etibarını sürətlə itirməkdədir;

- Tramp özündən əvvəlki prezidentlərin 80 il ərzində Avropa ilə (Aİ) qurmuş olduğu etibarlı müttəfiqlik münasibətlərin korlayıb;

- Tramp NATO-nu hərbi blok kimi zəiflətmək, dağıtmaq cəhdləri göstərir. Bu, Rusiyanın 75 illik “ülvi arzusu”dur. Kreml onun nə vaxtsa gerçəkləşəcəyini ağlına belə gətirməzdi;

- Tramp ABŞ-da konistusiya böhranı yaradan ilk prezidentdir. Onun verdiyi bir sıra qərarlar Ali Məhkəmə tərəfindən ləğv edilir;

- Trampın Ağ Evin saytnda özünü monarx qiyafəsində təqdim etməsi onun monarxiyaya, diktaturaya meylli biri olmasını göstərməklə yanaşı, ABŞ-nin dünyadakı reputasiyasına, “demokratiyanın beşiyi” imicinə zərbədir;

- Trampın vəzifəsinin icrasına başlayan kimi Kapitoli təpəsinə hücum edənləri bağışlaması, onun ABŞ demokratiyasına əl qaldırılmasını normal saymasının göstəricisidir;

- Tramp 3 ildən bəri Ukrayna bataqlığında eşələnən, müharibəni davam etdirmək üçün insan və digər resursları tükənməkdə olan Rusiyaya “xilasedici” kəmər atıb və bundan sonra rus hərb maşını gələcəyə ümidlə baxmağa başlayıb;

- Trampın ölkəsini BMT-dən çıxarmağa dair təşəbbüsündən sonra komandası müvafiq qanun hazırlayıb;

- Tramp dünya ölkələrinə humanitar yardımları dayandırıb və inkişaf etməkdə olan ölkələri yarıyolda buraxıb;

- Trampın iradəsi ilə ABŞ Konqresi tərəfindən maliyyələşdirlən və xaricdə fəaliyyət göstərən radioların bağlanması cəhdləri ardıcıl xarakter alıb;

- Tramp qanunvericiliyi pozan yüzlərlə fərmanı imzalamaqla ABŞ-nin təməl sistemini sarsıdan addımlar atmaqda davam edir;

- Trampın Kanadaya 51-ci ştat olmağı təklif etməsi, Qrenlandiyanı satın almaq istəməsi, Panama kanalını geri almaq fikrinə düşməsi ABŞ-nin “dünya ağalığı”na iddia etməsi anlamına gəlir və bütün dünyadan tənqid oxlarını Vaşinqtona yönəldir;

- Trampın fələstinliləri Qəzza zolağından köçürmək təklifi bütün müsəlman dünyasını ABŞ-nin üzərinə qaldırır;

- Trampın Ukarynanı təslimçi sülhə məcbur etməsi isə sırf Rusiyaya müharibə qələbəsi bəxş etmək, Avropanı, eləcə də çoxsaylı Asiya ölkələrini zərbə altına qoymaqdır.

- Trampın Amerikanın kəşfiyyat orqanlarında kütləvi ixtisarlar aparması İran, Rusiya, Çin və başqa ölkələrdən məlumat toplanması işini axsadır, mühüm kəşfiyyat strukturlarının fəaliyyətini iflic edir və ölkənin, bütövlükdə dünyanın təhlükəsizliyinə zərbə vurur.

Beynəlxalq ekspertler, müşahidəçilər, hətta adi insanlar bu adamın gündən-günə daha açıq şəkildə Rusiyanın ümdə maraqlarını təmin edən qərarlar verməsini heyrətlə izləyirlər.

Son 100 ildə hansısa ABŞ prezidenti Trampın etdiklərinin onda birini etsəydi, hətta ritorikasında onun yüzdə biri qədər Rusiyaya güzəştli mövqe tutsaydı, onu ya vurardılar, ya da impiçment edərdilər.
Yeri gəlmişkən, Rusiya (SSRİ) ilə anlaşamaya yaxınlaşan, 1962-ci ilin payızında gərginləşən “Karib böhranı” zamanı Kremllə qarşılıqlı güzəşt nəticəsində münaqişədən qaçan prezident Con Kennedinin qətlində bu faktorun rol oynadığına dair iddialar var. Hesab olunur ki, ABŞ “dərin dövləti” Kennedinin müəyyən mənada Moskvanın qabağından qaçmasını ona bağışlamayıb.

Ondan sonra ABŞ prezidentləri Rusiya ilə münasibətlərdə həmişə prinsipial və sərt xətt tərəfdarı olublar.
Ancaq dövran necə dəyişibsə, ABŞ prezidenti Rusiyanın tərəfdaşı, müttəfiqi kimi çıxış edir. Hətta belə ironik mülahizələr yaranıb ki, sabah ABŞ Rusiya tərəfdən Ukraynaya ikinci cəbhə açsa, təəccüblü olmaz. Əslində Trampın müşaviri İlon Maskın “Starlinki söndürsəm, Ukraynaya pis olar” hədəsi Ukraynaya ikinci cəbhə açmaq təhdidi kimi bir şeydir.

Tramp yeganə ABŞ prezidentidir ki, o, birinci dəfə, 2016-cı ilin noyabrında prezident seçiləndə RF-nin Dövlət Dumasında deputatları bu xəbəri ayaqüstə alqışlayıblar. Bu, rus neo-nasisti Vladirmi Jirinovskinin təşəbbüsü ilə olub. Jirinovski ona ünvanlandığı təbrik məktubunun mətninin parlament tribunasından oxuyub.

Bütün dünya bu gedişatı görür, düşünür, baş verənlərin motivini bir şeyə bağlamağa çalışır və ağıla gələn ilk versiya Trampın Rusiyaya işləməsi olur. Bu, açıq gözlə görünür, danılmaz faktdır, obyektiv gerçəklikdir, müəmma yalnız ondadır ki, Tramp bunu hansısa öhdəlik qarşısında edir, yoxsa ağlı belə kəsir, bunu III dünya müharibəsindən qaçmağın yeganə yolu kimi görür.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR