İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin Bakıya yarıməxfi səfəri - nə baş verir?

Politoloq: “Xüsusi xidmət rəhbərlərinin Azərbaycana və Ermənistana səfərləri regionla bağlı çox ciddi proseslərdən xəbər verir”

İyulun 19-da RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri baş tutub. Dövlət başçısı İlham Əliyev onu qəbul edib. Bundan başqa, Narışkin Azərbaycanlı həmkarı Orxan Sultanovla görüşüb, əməkdaşlıq haqqında müqavilə imzalayıb. Ən maraqlısı odur ki, Azərbaycanın rəsmi KİV-ləri bütün bunlar barədə məlumat yaymayıb.

“Turan” xəbər verir ki, iyulun 19-da  axşam saatlarında məlum olub ki, Narışkin Rusiyanın Bakıdakı səfirliyində qısa mətbuat konfransı keçirib. Tədbirə yalnız Rusiya KİV-lərinə - TASS və “Sputnik” agentliklərinə, həmçinin “MİR” telekanalına işləyən jurnalistlər dəvət olunub. Narışkin mətbuat konfransında deyib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mühüm amilidir.

“Rusiya Qarabağda müharibənin başa çatmasında əsas rolu oynayıb”, deyən Narışkin sülhməramlıların sülhün təmin edilməsində oynadığı böyük rolu qeyd edib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya Azərbaycanın və Ermənistanın tərəfdaşı olaraq sərhədin delimitasiyası və demarkasiyası, nəqliyyat məsələlərinin həlli və Bakı və İrəvan arasında həlledici sülh müqaviləsinin bağlanması məsələsində mühüm rol oynayır”, - deyə “Sputnik-Azərbaycan” Narışkindən sitat gətirir. Daha sonra Narışkin Rusiya və Azərbaycanın xarici kəşfiyyat xidmətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib. “Bu sənəd bizim əlaqələrimizə və qarşılıqlı əməkdaşlığımıza təkan verir. Söhbət ölkələrimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, terrorçuluğa və radikal ekstremizmə qarşı mübarizə üzrə birgə fəaliyyətdən, üçüncü ölkələrin ərazisində Rusiya və Azərbaycan vətəndaşlarının maraqlarının qorunmasından gedir”, deyən Narışkin iki ölkənin xüsusi xidmətləri arasında yaxşı əməkdaşlıq tarixinin mövcud olduğunu vurğulayıb. Qeyd edək ki, son günlər regionda xarici kəşfiyyatın fəallaşdığı müşahidə olunur. Belə ki, ötən həftə sonu-iyulun 15-də ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri Ulyams Börns Ermənistana gəlib və ölkə rəhbərliyi ilə müzakirələr aparıb. Bunun ardınca isə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin İrəvana gedib, oradan isə Bakıya gəlib. Aydındır ki, bu səfərlərin bir-biri ilə bağlılığı var. Bir-iki gün fərqi ilə əvvəlcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, sonra isə Rusiya Xarici Kəşfiyyat İdarəsi rəhbərlərinin İrəvana gəlməsi haqda belə versiyalar var ki, guya onlar İrəvanda Ukrayna ilə bağlı müzakirələr aparıblar. Ermənilər iddia edirlər ki, guya Ermənistan ABŞ-la Rusiya arasında Ukrayna mövzusunda vasitəçilik edir. Yəni məxfi danışıqlar üçün İrəvanı seçiblər.

Bəs əslində nə baş verir?

Sözügedən məsələni Bakı-xəbər.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bunun səbəbini belə izah etdi: “Ermənistana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədrinin səfəri, ardınca Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri Narışkinin səfəri xüsusi diqqət ediləsi məsələdir. Ermənistanın Türkiyə ilə danışıqları və müəyyən dərəcədə əldə edilmiş nəticələr, həmçinin bu ölkədə ABŞ biolaboratoriyalarının Rusiya tərəfindən bağlanılması tələbi Vaşinqtonun Ermənistana diqqətinin artmasına səbəb olub. Qeyd edim ki, bu gün regionda sülhün əldə edilməsi Ermənistanın siyasi iradəsindən asılı olan məsələdir. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarınadan əl çəkməyincə, regionda sülhün əldə edilməsi perspektivi yoxdur. Ermənistan üzərində ABŞ-Rusiya rəqabəti regionda ümumi təhlükəsizliyə təsir edir. 30 ildir ki, məhz Ermənistan amilinə görə regionda destabilizasiya hökm sürüb. Ermənistanın Rusiya təsirindən çıxarılması Türkiyə və Azərbaycanla sülhün əldə edilməsinə gətirib çıxaracaq. ABŞ MKİ sədrinin Ermənistan səfəri əsasən bir neçə amilə söykənə bilər. Birinci, ABŞ Ermənistanın Rusiyanın təsirindən çıxması üçün ilk növbədə Türkiyə ilə əlaqələrin normallaşmasına dəstək verir. Türkiyə ilə normallaşmaya görə Paşinyan iqtidarına qarşı sui-qəsd ola bilər. MKİ rəhbəri Rusiya tərəfindən olan təhlükələri Paşinyanın diqqətinə çatdırmaqla, ona tam təhlükəsizlik zəmanəti verə bilər. İkinci, ABŞ biolaboratoriyalarının Rusiyanın baxışına verilməməsi. Üçüncü, Ermənistan daxilində siyasi proseslərdə qeyri-müəyyənlik var. Müxalifət parlamenti boykot edir. Bu istiqamətdə Paşinyana tam dəstəyin göstərilməsi. Narışkin məhz ABŞ kəşfiyyat rəisinin səfərindən narahat olaraq Ermənistana gələrək dəqiqləşdirmələr aparır. Ermənistan Ukrayna üzrə vasitəçi ola bilməz. Bu, Ermənistanın çapı üçün deyil. Ortada Türkiyə var. Bundan əvvəl Azərbaycan var. Rusiyanın forpostu olan bir ölkə ilə ABŞ bu məsələni müzakirə etməz”.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a deyib ki, dünyada gedən proseslərin bizim regiona təsirləri böyükdür: “Böyük dövlətlərin əlində müxtəlif rıçaqlar var. Həmin rıçaqlardan biri də xüsusi xidmət orqanlarıdır. Xüsusi xidmət rəhbərlərinin Azərbaycana və Ermənistana səfərləri regionla bağlı çox ciddi proseslərin getməsindən xəbər verir. Azərbaycan meqalayihələrin, Avropa qaz təhlükəsizliyi ilə görüləcək işlərin mərkəzidir. Rusiya üçün də Azərbaycan və Ermənistan vacib ölkələrdir. Cənub istiqamətində Rusiya üçün hər iki dövlət çox böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi vasitəsilə yük daşımaları həyati vacib məsələyə çevrilir. Biz gördük ki, İran ərazisində çatışmayan dəmir yolu tikintisinin bir hissəsini də Rusiya öz üzərinə götürdü. Ermənistanda dəmir yollar bütünlüklə Rusiyaya məxsusdur. Rusiya regiondan getmək niyyətində deyil. Bu baxımdan böyük dövlətlərin Azərbaycan və Ermənistana marağı başadüşüləndir”.

Politoloq deyir ki, bu gün İran ətrafında da çox ciddi proseslər gedir: “ABŞ-ın İsraillə birgə fəaliyyəti ilə bağlı bəyanatlar eşitdik. Amerika Birləşmiş Ştatları və İsrailin müdafiə sektorları israillilərin və amerikalı hərbçilərin həyatını müdafiə edə biləcək yeni yüksək enerjili lazer silah sistemlərində əməkdaşlıq edəcəklər. Bu fikirlər ABŞ-İsrail Strateji Tərəfdaşlıq Birgə Bəyannaməsində də qeyd olunub.  İranla əməkdaşlıq edən Ermənistan ABŞ üçün maraq kəsb edir. İran turistləri Ermənistana səfərlər edirlər. ABŞ kəşfiyyat orqanları üçün İranın daxilindən həmin turistlər üzərindən məlumatlar toplamaq maraqlıdır. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri baxımından ölkəmizdə gerçəkləşməkdə olar meqalayihələrin təhlükəsizliyi məsələsi var. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün səylər var. ABŞ çalışır ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. İstər ABŞ, istərsə də Rusiya üçün regionun vacibliyi artır. Buna görə də həm Rusiyanın, həm də ABŞ-ın bütün sahələr üzrə aktivliyi artır. Xüsusi xidmət orqanları rəhbərlərinin Azərbaycanla Ermənistana səfərləri bu faktorlarla bağlıdır”.   

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR