Onlayn ictimai-siyasi qəzet
Lavrovun müavini ilə Avropadakı rus diplomatların görüşü niyə məhz Azərbaycan paytaxtında baş tutdu - ilginc rəylər
Ötən həftəsonunun diqqətçəkən hadisələri sırasında Rusiyanın Avropa ölkələrindəki səfirlərinin Bakıdakı iki günlük görüşü oldu. “Yeni Müsavat” xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Şimali və Qərbi Avropadakı diplomatik nümayəndəliklərinin rəhbərləri Bakıda “mövcud təhdidlər və çağırışlar nəzərə alınmaqla, regiondakı vəziyyəti təhlil edərək Moskvanın Avropa dövlətləri ilə münasibətlərini” müzakirə ediblər.
“Avropa regionundakı vəziyyət müasir çağırışlar və təhdidlər kontekstində, eləcə də Rusiyaya qarşı başlayan hibrid müharibə kontekstində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin vəziyyəti ətraflı təhlil edilib. Müzakirə olunan məsələlərin geniş spektri üzrə gələcək üçün tövsiyələr formalaşdırılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilirdi.
Bakıda keçirilən görüşdə Qruşko və Rusiya diplomatik nümayəndəliklərinin rəhbərləri həmçinin səfirliklərin maddi-texniki və kadr təminatı baxımından işini də müzakirə ediblər. Qruşko və Rusiya səfirlərini Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov qəbul edib. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə olunub. “Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət müzakirə edilib”, - məlumatda deyilir.
C.Bayramov ikitərəfli əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Rusiyaya Azərbaycanın xarici siyasət gündəliyinə aid bir sıra məsələlər barədə məlumat verilib. Rusiya diplomatları həmçinin Bakı və Azərbaycan yepiskopu Aleksi ilə görüşüblər.
Lakin görüş üçün yer seçimi əlbəttə ki, diqqət çəkir. Nəzərə alsaq ki, son aylar Bakı və Moskva münasibətlərində sərinlik hökm sürür. C.Bayramovla görüşdə verilən müsbət mesajlar münasibətlərdə normallaşmanın hər iki tərəfini marağında olduğu göstərir. Bəs yerli ekspertlər görüşün Bakıda keçirilməsində mesajı necə dəyərləndirirlər? Səfirlərlə müzakirələrdə anti-Avropa tezisləri Bakının Aİ ilə münasibətlərini gərginləşdirə bilərmi? Bakıdakı toplantının Federasiya Şurasının sədri Matviyenkonun İrəvana səfərlə eyni vaxta olması təsadüf etməsi də maraqlı detaldır...
Oqtay Qasımov
“Yeni Müsavat”a bu görüşü şərh edən siyasi analitik Oqtay Qasımovun sözlərinə görə, rus səfirlərin Bakıya toplaşması olduqca diqqətçəkici hadisədir: “Bakı ilə Moskva arasında münasibətlərdə təzadlı məqamlar olsa da, ölkələr öz diplomatlarını daha yaxın coğrafiyaya çağıraraq tədbirlər təşkil edirlər. Bu məsələdə Azərbaycanın Avropaya yaxın olduğunu nəzərə ala bilərik. Eyni zamanda Azərbaycan Rusiya üçün etibarlı məkandır, bizə etimad göstərilir. Bura həm də təhlükəsizliyin təmin olunduğu məkandır. Ona görə Moskvanın seçimi Bakı olub”.
O.Qasımovun fikrincə, görüşdə Qərbdən gələn təhdidlərin müzakirə edilməsi postsovet məkanına mesaj xarakteri də daşıya bilər: “Keçmiş bir postsovet ölkəsində Qərbin təhdidlərinin müzakirə edilməsi həmin dövlətlərə ismarış verilməsi anlamına gəlir. Yəni Moskva demək istəyir ki, Rusiya ilə Qərb ciddi konflikt içindədir və "qoca qitə"yə yaxınlaşmaq sizə ciddi problemlər yarada bilər. Bu mesajın xüsusən də Ermənistana verildiyini güman edirəm".
Qabil Hüseynli
Professor Qabil Hüseynli isə hesab edir ki, Bakıda görüşün keçirilməsi Rusiyanın xahişi əsasında ola bilər: “Bu tədbir Moskvada da baş tuta bilərdi. Görünür ki, Kreml diplomatları Cənubi Qafqaza toplamaq fikrinə düşüb. Gürcüstanda mümkün deyildi, Ermənistanla əlaqələr ziddiyyətlidir, Azərbaycanla soyuqluğa baxmayaraq yenə də Bakı münasib yer kimi seçilib. Onların Avropa ölkələrinin birində yığışması da gözlənilən deyildi. Rusiya üçün ya Minsk, ya Bakı etibarlı məkan sayıla bilərdi. Amma niyə məhz Moskvanın özündə toplantı keçirilməməsi kifayət qədər qəribədir. Məncə, Rusiya həm Azərbaycanla əlaqələri gündəmə daşıyıb, yəni təkcə Lavrovun müavini ilə diplomatların görüşü məsələsi deyil, Bayramovla müzakirələr də əhəmiyyətli detaldır, həm də Qərbə göstərilir ki, Cənubi Qafqazda təsirlərimiz qalmaqdadır”.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Rusiya ilə əlaqələrdə həmişə diqqətli olub, Moskvanı narazı salan addımlar atmayıb: “Amma biz eynisini görə bilmirik. Bakıda keçirilən görüşlə paralel şəkildə Rusiya liderinin köməkçisinin verdiyi müsahibə qətiyyən uyğun gəlmir. Rəsmi Moskvanın Bakı ilə münasibətlərə yanaşması ikitirəlikdən ibarətdir. Zənnimcə, liderlər səviyyəsində danışıqlara ehtiyac var. Çünki aydınlaşdırılmalı məsələlər çoxdur. Xüsusən də təyyarə hadisəsindən sonra yaranmış qeyri-müəyyənliyə son qoyulmalıdır. Prezidentlər müzakirə aparmalıdırlar ki, Azərbaycan-Rusiya əlaqələrinin yeni mərhələsinə keçid etmək mümkün olsun. Bu şəkildə davam etməklə narahatlıqlar artacaq”.
Əli Mustafaya
Siyasi təhlilçi Əli Mustafaya görə, regional təhlükəsizliyin qavranması Azərbaycan və Rusiya üçün fərqlidir: “Azərbaycan bu anlayışa daha çox milli təhlükəsizliyin təminatı prizmasından baxırsa, Rusiya üçün bu, bölgənin öz nüfuz dairəsində qalması anlamını daşıyır. Biz bölgədə sərbəst və müstəqil olmaq, öz daxili siyasətimizi azad şəkildə müəyyənləşdirmək istəyirik. Rusiya isə Cənubi Qafqazı hələ də öz geopolitik maraqları çərçivəsində görmək istəyir. Burada bizim suverenliyimizlə Rusiyanın təhlükəsizlik maraqları arasında ciddi fərqlər var. Bizim üçün əsas olan müstəqillikdirsə, Rusiya üçün bu, bölgədə öz təsir imkanlarını qorumaq və digər aktorların daxil olmasına qarşı çıxmaqdır”.
Ə.Mustafa bildirib ki, rus diplomatlarının Azərbaycanın xarici siyasəti ilə bağlı suallar verməsi təsadüfi deyil: “Bu suallar vasitəsilə Azərbaycanın Qərblə münasibətləri, regionda yeni güc balansının formalaşması və bu prosesin Rusiyanın maraqlarına təsiri araşdırılır. Rusiya anlayır ki, bölgədəki nüfuzu getdikcə zəifləyir və bu onun üçün narahatedici məqamdır. Mövcud durumda Azərbaycan daha çox balanslaşdırılmış siyasət yürütməyə çalışır. Rusiya da, digər beynəlxalq güclər də Azərbaycanın bu tarazlıq siyasətini diqqətlə izləyir. Çünki Azərbaycanın regiondakı rolu artır, maraqları daha konkret və prinsipial şəkildə ifadə olunur. Rusiya isə həm hərbi-siyasi alətlərlə, həm də diplomatik yollarla bölgədə qalmağa çalışır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ