Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın qərb və cənub bölgəsinin gəlirlərində RF-dən gələn pullar mühüm yer tutur
2023-cü ilin sonunda fiziki şəxslər tərəfindən Rusiyadan xarici valyuta köçürmələrinin həcmi 2022-ci ilin nəticələri ilə müqayisədə təxminən iki dəfə azalaraq 27,8 milyard dollara düşüb. Rusiya Mərkəzi Bankının rəsmi statistikasından aydın olur ki, il ərzində fiziki şəxslərin rublla transsərhəd köçürmələri 25,8 faiz artaraq 1,2 trilyon rubl təşkil edib.
Məlumatdan aydın olur ki, Ukraynada işğalçı müharibə başladıqdan sonra Rusiyadan xalis xarici valyuta köçürmələrinin həcmi 2022-ci ilin əvvəlindən kəskin artıb və 2022-ci ilin dördüncü rübündə pik həddə çatıb: oktyabr-dekabr aylarında 20,4 milyard dollar köçürülüb. Ümumilikdə, 2022-ci ilin sonuna fiziki şəxslərin xarici valyutada köçürmələrinin həcmi 54,3 milyard dollar təşkil edib. Xarici valyutada pul köçürmələrinin həcmində kəskin azalma 2023-cü ilin birinci rübündə başlayıb, ilin sonunadək davam edib.
Qeyd edək ki, Rusiya postsovet ölkələrindən olan əmək qüvvəsi üçün həmişə cəlbedici olub: iş tapmaq imkanları geniş, əmək haqqı öz ölkələrindəkindən yüksək olduğuna görə. Ukraynadakı işğalçı müharibə başladıqdan, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra da - 2022-ci il ərzində də postsovet ölkələrindən Şimala qazanc dalınca gedənlərin sayı azalmayıb. Bu proses yalnız ötən il - Rusiya hakimiyyəti ölkədə vətəndaşlıq alanları Ukrayna çöllərinə açıq ölümə göndərməyə başladıqdan sonra səngiməyə üz tutub. Bu sahədə yalnız Tacikistan fərqlənib - oradan Rusiyaya gedən əmək miqrantlarının sayında 4 min nəfər artım olub.
Rusiyaya qazanca gedənlərin sayının azalması reallıqda oradan postsovet məkanına pulköçürmələrinin azalmasına əsas faktor deyil. Rusiyalı ekspertlər Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin azalmasının səbəblərindən biri kimi texniki çətinlikləri göstərirlər. Məsələn, 2023-cü ilin may ayından Qazaxıstanda bank hesabı açmaq çətinləşib və yayda ilk dəfə olaraq transsərhəd əməliyyatları həyata keçirmək üçün fəal şəkildə istifadə edilən pulköçürmə sisteminə - Unistream şirkətinə qarşı ABŞ sanksiyaları tətbiq edilib. Bundan dərhal sonra xarici banklar sistemlə işləməyi dayandırmağa başlayıblar. Onların arasında Gürcüstanın Georgian Bank of Georgia və TBC bankları da var.
Ekspertlərə görə, Rusiyadan pul köçürmələrinin azalmasına Qərb yurisdiksiyalarının sanksiyalardan yayınma və onların həyata keçirilməsinə nəzarəti gücləndirmək üzrə ümumi siyasəti də təsir edə bilər. Formal olaraq, sadalanan ölkələrin heç biri Qərbin sanksiya rejimlərinə əməl etməyə borclu deyil, lakin maliyyə institutlarının Amerika bankları ilə sıx əlaqəsi və onlara qarşı sanksiyaların riskləri səbəbindən ABŞ kimi Qərb yurisdiksiyalarının məhdudiyyətlərinə əməl etməyə məcbur olurlar.
Müharibə və sanksiyalar yeni başlayanda qonşu ölkələrə köçən Rusiya vətəndaşlarının bir hissəsinin geri qayıtması, ölkədən xarici valyuta ilə köçürmələrdə çətinliklərin yaranması da Şimal qonşudan yaxın çevrəyə pulköçürmələrinin azalmasının səbəbləri sırasındadır.
Maraqlıdır ki, ötən il Rusiyadan Qazaxıstan, Gürcüstan, Ermənistan və Qırğızıstana pul köçürmələri 2022-ci illə müqayisədə 12 faiz azalaraq 7,7 milyard dollar təşkil edib. Bunu həmin ölkələrin mərkəzi banklarının 2024-cü ilin yanvarında dərc olunmuş məlumatları sübut edir.
Bu ölkələr arasında yalnız Ermənistana köçürmələrdə azalma deyil, artım qeydə alınıb. Belə ki, Ermənistan pul köçürmələrinin həcminə görə dörd qonşu ölkə arasında lider olub. Rusiyalılar 2023-cü ildə bu ölkəyə 3,6 milyard dollar göndəriblər (2022-ci illə müqayisədə 15 faiz artım). İkinci yerdə Qırğızıstan olub (2,3 milyard dollar), Gürcüstan (1,5 milyard dollar, 27,2 faiz azalma) isə ilk üçlüyü qapayıb. 2023-cü ildə Rusiyadan Qazaxıstana 0,23 milyard dollar göndərilib.
Göründüyü kimi, dövlətlər arasındakı kifayət qədər soyuq münasibətlərə rəğmən, Rusiyadan Ermənistana pulköçürmələri nəinki azalmayıb, əksinə, artıb. Elə bu mehriban “düşmənlər” arasında ticarət dövriyyəsində də ciddi artım diqqəti cəlb edir. Belə ki, Ermənistanın Statistika İdarəsinin məlumatına əsasən, 2023-cü ildə ölkə ilə Rusiya arasında ticarət dövriyyəsi 43 faiz artaraq 7 milyard 306 milyon dollara çatıb. 2022-ci illə müqayisədə Ermənistanın ümumi xarici ticarətində Rusiyanın payı təxminən eyni səviyyədə qalıb (35,6 faizdən 35,3 faizə qədər azalıb). Ermənistandan ixrac təxminən 39 faiz artaraq 3 milyard 418 milyon dollar təşkil edib. Beləliklə, Rusiya ilə ticarətdə ixrac və idxal demək olar ki, bərabərləşib (47 faiz/53 faiz).
Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyadan əksər qonşu ölkələrə pulköçürmələrinin azalmasının əsas səbəblərindən biri həmin ölkə banklarının ikincili sanksiyalardan çəkinərək Rusiya ilə əməliyyatlara məhdudiyyət tətbiq etməsidir. Lakin bu qorxu nədənsə Ermənistan banklarına aid deyil. Onlar Rusiya ilə əməliyyatları davam etdirir, Rusiya şirkətləri və fiziki şəxslərinə məmnuniyyətlə xidmət göstərirlər. Halbuki ABŞ Maliyyə Nazirliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, hətta Çin banklarına belə əməliyyatları dayandırmaq üçün təzyiq rıçaqlarını rahatlıqla tapıb. Ermənistan banklarına münasibətdə isə həmin rıçaqlar nədənsə “gücsüz” qalıb...
Azərbaycana gəlincə, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ili müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır.
2023-cü il ərzində pul köçürmə sistemləri ilə banklara ümumilikdə 2 milyard 468 milyon manat daxil olub, banklardan kənara isə 616,4 milyon manat köçürülüb. 2022-ci ildə bu məbləğlər müvafiq olaraq 5 milyard 798,6 milyon manat və 1 milyard 4,4 milyon manat təşkil etmişdi. Beləliklə, ötən il pul köçürmə sistemləri üzrə banklara daxil olan vəsait 3 milyard 330,6 milyon manat, banklardan kənara köçürülən vəsait isə 388 milyon manat azalıb. Bu isə o deməkdir ki, illik müqayisədə Azərbaycana pul köçürmələri 57.4 faiz, ölkədən xaricə köçürmələr isə 4.5 faiz azalıb.
Ötən il pul köçürmə sistemləri ilə banklara daxil olan bir ödənişin orta hesabla məbləği 526,6 manata düşüb. 2022-ci ildə orta məbləğ 915,9 manat idi.
Aydındır ki, pulköçürmələrində azalma əsasən Rusiyadan köçürmələrdəki dinamikadan qaynaqlanır. Halbuki Azərbaycandan Rusiyaya gedib əmək miqrantı kimi çalışanların sayının kəskin azaldığını söyləmək mümkün deyil. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlılarına illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. 2022-ci ildə Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi olaraq əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.
Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb. 2023-cü illə bağlı statistika hələ açıqlanmayıb, amma cüzi azalmanın olması gözləniləndir.
Rusiyadan göndərilən pullar Azərbaycanın bir sıra bölgələrində əhalinin gəlirlərində ciddi paya malikdir. Dövlət Statistika Komitəsinin xaricdən göndərilən pul baratları daxilolmalar üzrə apardığı hesablamalar göstərir ki, 2022-ci ildə Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdə olub. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var.
Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik.
Üçüncü yeri hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrinin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib.
Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib.
Göründüyü kimi, şimaldan gələn pulların azalması qərb və cənub bölgəsinin əhalisi üçün kifayət mənfi təsirlərə səbəb ola bilir...
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ