İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada var, Gürcüstanda olacaq: bəs Azərbaycanda "LGBT cəzası" varmı...


Gürcüstan "gey təbliğatı"nı qadağan edən qanun hazırlayır – tanınmış vəkil “Azərbaycan bu məsələdə Gürcüstandan geri qalmamalıdır” deyir

Bu həftə Gürcüstan parlamentinin Hüquq Komitəsi digər məsələlərlə yanaşı, LGBT təbliğatına görə cərimənin tətbiqini nəzərdə tutan qanun layihələri paketinə baxmağa başlayacaq. "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" konstitusiya qanunu layihəsi və qəbulda olan 18 qanun layihəsinin təşəbbüskarı parlament çoxluğu olub. Yeniliklərə əsasən, eynicinsli nikahlar, cinsiyyətin dəyişdirilməsi, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təbliği və onun təmsilçilərinin təhsil müəssisələrində və mediada yer alması, LGBT nümayişləri qadağandır. Qanunları pozanlar üçün 800 laridən (təxminən 280 dollar - red.) 4000 lariyədək (təxminən 1400 ABŞ dolları - red.) məbləğində cərimə nəzərdə tutulub. Lakin bu normaların dəfələrlə pozulması Gürcüstanın Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olacaq. Dəyişikliklərə əsasən, pozuntunun təkrar törədilməsinə görə üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma qadağası və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

2024-cü iyunun 10-da Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi LGBT təbliğatına qarşı populyar petisiyanı baxılması üçün qəbul edib. “Biz Qazaxıstan Respublikasında açıq və gizli LGBT təbliğatının əleyhinəyik!” adlı petisiya E-Petition.kz rəsmi portalında dərc olunub. Sənəd rəsmi baxılmaq üçün lazımi sayda, yəni 50 min imza toplayıb. Bildirilir ki, ərizəyə baxılma müddəti onun qeydə alındığı tarixdən 40 iş gününə qədərdir.

Rusiyada isə LGBT və pedofiliyanın təbliğatı, həmçinin LGBT məlumatlarının və yeniyetmələr arasında cinsiyyətin dəyişdirilməsini təşviq edən məlumatların nümayiş etdirilməsi 2022-ci ildə qadağan edilib.

Həmin il Rusiya Dövlət Duması ilk oxunuşdaca müvafiq qanun layihəsini qəbul edib.

Qanuna əsasən, qeyri-ənənəvi cinsi münasibətlərin və (ya) üstüntutmanın, həmçinin uşaqlarda cinsiyyətin dəyişdirilməsi istəyi yarada bilən məlumatların təbliği qadağan edilib. “Nümayişetdirmə” və “təbliğat” anlayışlarının ayrılması üçün yeni tərkib də tətbiq olunub.

Uşaqlar üçün qadağan edilmiş tele və radio yayımdakı məzmundan qorunmaq üçün icbari ödənişli abunəlik və əlavə texniki qorunma vasitələri, həmçinin bu məzmunun promo-materiallarındakı yaş nişanlanması da tətbiq edilir. Bundan başqa, reklamla bağlı tələblər də genişləndirilib. Belə ki, reklamlarda qeyri-ənənəvi cinsi münasibətlər və ya üstüntutmaları nümayiş etdirən məlumat ola bilməz.

Qanunla qeyri-ənənəvi cinsi münasibətlər və ya üstüntutmaların təbliğini, o cümlədən də həm yetkin, həm də yetkinliyə çatmamış Rusiya vətəndaşları arasında təbliği qadağan olunub.

Həmçinin Rusiya Federasiyasının inzibati qanun pozuntularına dair Kodeksinə düzəlişlərlə bağlı qanun layihəsi də qəbul edilib. LGBT təbliğatına görə bu cərimələr tətbiq olunur: vətəndaşlar üçün 50-400 min rubl; vəzifəli şəxslər üçün 100-800 min rubl; hüquqi şəxslər üçün 800 min – 5 milyon rubl və ya 90 sutkayadək fəaliyyətin dayandırılması. Pedofiliyanın təbliğinə görə bu cərimələr tətbiq olunur: vətəndaşlar üçün 200-800 min rubl; vəzifəli şəxslər üçün 400 min – 2milyon rubl; hüquqi şəxslər üçün 1-10 milyon rubl və ya 90 sutkayadək fəaliyyətin dayandırılması. LGBT-in nümayiş etdirilməsi və yeniyetmələr arasında cinsiyyətin dəyişdirilməsini təşviq edən məlumatlara görə bu cərimələr tətbiq olunur: vətəndaşlar üçün 50-200 min rubl; vəzifəli şəxslər üçün 100-400 min rubl; hüquqi şəxslər üçün 800 min – 4 milyon rubl və ya 90 sutkayadək fəaliyyətin dayandırılması. Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün isə qanun layihəsi tərəfindən inzibati qaydada Rusiya Federasiya ərazisindən xaricedilmə nəzərdə tutulur.

cc0334c3-0820-41d2-8555-0b022d22.jpg (65 KB)

Azərbaycanda LGBT təbliğatı sərbəstdirmi? Gürcüstan cəriməyə keçir, Azərbaycanda da belə bir qanun olmalıdırmı?

Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, Azərbaycanda LGBT təbliğatı sərbəstdir, hər hansı bir qadağanedici norma yoxdur: “Biz sanki çəkinirik ki, bizə deyərlər bunlar fundamentalistdirlər, bunlar müsəlmandırlar, Avropa dəyərlərni saymırlar. Azərbaycanda belə bir qadağa yoxdur. Gürcüstan isə son zamanlar bu məsələdə kifayət qədər mühafizəkar siyasət yürüdür. Azərbaycan bu məsələdə Gürcüstan praktikasına müraciət etməlidir”.

Əkrəm Həsənov deyib ki, əslində, bütün dünya bu yolla getməlidir: “Son 60-70 ildə dünyada liberal yanaşma dövrü oldu. İndi isə dünya əvvəlki vəziyyətə qayıtmaq üzrədir. Bəşər həmişə dövlətlərin biri-biri ilə savaş şəraitində mövcud olub. Bu, bizim xoşumuza gəlir, gəlmir, dünya həmişə belə olub. Vuruşmaq üçün silahı kim götürüb döyüşə getməlidir? Kişi, kişilər lazımdır! Müharibələri kişilər aparır. Təkcə zor deyil, həm də beyinlə müharibə aparılır. Qadınların isə fiziki imkanları yetərli deyil. Digər tərəfdən kişiləri də qadın doğmalı, böyütməlidir, bu proses də onların xeyli vaxtını alır. LGBT, eyni cinslilərin nikahları dövlətlərin güclənməsinə, biri-biri ilə qarşıdurmasına imkan vermir. Bu gün Donald Tramp Amerikada niyə bu qədər populyardır?  Niyə sonuncu Avropa Parlamentinə seçkilərdə Avropa sağçıları xeyli səs topladılar? Bu, insanların ayılmasının, boş-mənasız məsələlərdən uzaqlaşmasının təzahürüdür. Bu məsələlərin üstünə gedəndə elə anlaşılır ki, dini, mənəviyyatı rəhbər tuturuq. Təkcə bu deyil axı. Bu məsələ ölüm-dirim məsələsidir. Siz dindarsız, dindar deyilsiz, bunun məsələyə dəxli yoxdur. Bolşeviklər hakimiyyətə gəldikləri ilk illərdə liberal dəyərlərə həddən artıq üstünlük verilirdi. Bolşeviklər hətta ailə institutu ləğv etmək istəyirdilər. Qadınlara azadlıq verilməsi, bir kişiyə bağlı olmaması, vərəsəliyin ləğvi kimi məsələləri adi hal kimi qəbul etmək istəyirdilər. Hətta belə bir nəzəriyyə vardı ki, seks su içmək kimi bir şeydir. Sonra isə ayıldılar, gördülər ki, bu dəyərlərlə çox da uzağa getmək mümkün deyil, dövlət qurmaq olmur. Vətəndaş yetişdirmək, tərbiyələndirmək, vətənpərvər ruhda böyütmək vacibdir. Bu isə LGBT ilə mümkün deyil. Tarix də göstərir ki, böyük imperiyalar – Roma, Osmanlı imperiyaları hakimiyyətdəki kişilərin eyş-işrətə qurşanmaları, əsl funksiyalarını unutmalarına görə dağıldı. Daha güclü kişilərdən ibarət dövlətlər gəlib illərin imperiyalarını darmadağın etdilər”.

Əkrəm Həsənov deyib ki, Gürcüstanda LGBT təbliğatına görə cərimənin tətbiqini nəzərdə tutan qanun layihələri paketinə baxmağa hazırlaşdığı bir vaxtda Azərbaycanda “Reproduktiv sağlamlıq haqda” Qanun layihəsi gündəmdədir: “Bu qanun layihəsini ictimaiyyətə açıqlamırlar. Bu məsələni Tulumbacıya qarşı məhkəmədə onun vəkili Ramin Rzayev dedi. Ramin Rzayev sadə vəkil deyil, Publik Hüquqi Şəxslərdən birində sədr müavinidir. Yəni bu məsələlərdən hali olan bir şəxsdir. Ramin Rzayev məhkəmədə dedi ki, süni mayalanma, donor qadınlar, kişilər məsələsi olacaq. Azərbaycanda bu məsələləri – “bicbalalığı” qanuniləşdirməyə, leqallaşdırmaya çalışırlar. Ümid edirəm ki, Azərbaycanda vicdanlı dövlət məmurları bu həddindən artıq biabırçı qanununun parlamentə gedib çıxmağına imkan verməyəcəklər. Təəssüf ki, Gürcüstanda qəbuluna hazırlaşdıqları qanunlar Azərbaycanda heç müzakirə edilmir. Buna çox ciddi ehtiyac var. Azərbaycan bu məsələdə Gürcüstandan geri qalmamalıdır”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR