İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi səfərbərlik xofu

Rusiyada növbəti hərbi səfərbərlik ehtimalının çox müzakirə olunması hakimiyyəti narahat etməyə başlayıb. Novator.az-ın məlumatına görə, ölkənin “Meduza” internet nəşri Kremldəki mənbələrə istinadla yazır ki, Prezident Administrasiyasından media qurumlarına indən belə səfərbərlik mövzusuna mümkün qədər toxunmamaq, hətta şayiələri də təkzib etməmək tapşırılıb.

Kremlə yaxın KİV-lərdən birinin əməkdaşı “Meduza”ya deyib ki, səfərbərliklə bağlı xəbərlər, o cümlədən yeni səfərbərliyin elan olunacağı haqda iddialara verilən rəsmi təkziblər böyük diqqət cəlb edir, geniş auditoriya toplayır: “Bu da hakimiyyətin narahatlığına səbəb olub. Təkziblərin şayiələrin qarşısını almadığı, əksinə, daha da gücləndirdiyi aydınlaşıb. Cəmiyyətdə belə bir yanaşma var ki, hakimiyyət təkzib edirsə, deməli, xəbər doğrudur”.

Məlumata görə, Prezident Administrasiyasından media qurumlarına tapşırılıb ki, indən belə material hazırlayanda səfərbərlikdən yox, insanların müqavilə əsasında hərbi xidmətə götürülməsindən bəhs etsinlər, həm də prosesin olduqca uğurla həyata keçirildiyini vurğulasınlar.

Xəbəri “Meduza”ya ötürən mənbə qeyd edib ki, xüsusilə 2024-cü ilin prezident seçkisi ərəfəsində səfərbərlik mövzusunun cəmiyyətdə yaratdığı həyəcan Kremlə əl vermir: “Bu, insanların ovqatını təlx edən mövzudur. Bəzilərini hətta etiraza sövq edə, prezident Vladimir Putinin tərəfdarı olan seçicilərdən kimlərisə onun əleyhinə səs verməyə yönəldə bilər”.

“Meduza”ya danışan mənbə səfərbərliyin növbəti dalğasının olub-olmayacağını bilmədiyini də söyləyib.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin olunub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin mayında baş nazir kürsüsünə qayıdıb, 2012 və 2018-ci illərdə yenə prezident mandatı alıb. Onun 2024 və 2030-cu illərdə də dövlət başçısı postuna namizəd olmaq hüququ var.

2022-ci il fevralın 24-də Ukraynaya qoşun yeridib total müharibəyə rəvac verən Vladimir Putin həmin il sentyabrın 21-də qismən hərbi səfərbərliyi nəzərdə tutan fərman imzalayıb. Fərmana uyğun olaraq ilin sonunadək Rusiyada 300 mindən çox adamın səfərbərliyə alındığı, onların təxminən yarısının döyüş bölgəsinə göndərildiyi bildirilir.

Neçə vaxtdır Rusiyanın döyüşlərdə ağır itkilərə məruz qaldığı üçün daha bir neçə yüz min adamı hərbi səfərbərliyə cəlb edəcəyi barədə söz-söhbət dolaşır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR