Onlayn ictimai-siyasi qəzet
Son aylarda Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Rusiya xəttində baş verən proseslər Azərbaycanın diqqət mərkəzindədir. Regionun gələcək taleyinə birbaşa təsir edən bu proseslər sülh gündəliyinin reallaşmasını çətinləşdirən əsas faktor kimi ortaya çıxır.
Ermənistanda revanşist ritorikanın yenidən güclənməsi və bu meylin Rusiya tərəfindən dolayı və ya açıq şəkildə dəstəklənməsi narahatlıq doğurur.
Rusiya siyasi və hərbi dairələrində son vaxtlar Ermənistanla bağlı verilən açıqlamalarda açıq-aşkar revanşist ovqat sezilir. Ən diqqətçəkən məqamlardan biri Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı verdiyi bəyanat oldu.
Lavrov etiraf etdi ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı Rusiyadan alınan silahlardan istifadə olunub. Bu etiraf təkcə tarixi bir faktın dilə gətirilməsi deyil, həm də Rusiyanın Cənubi Qafqazda oynadığı “vasitəçi” rolunun nə qədər formal olduğunu göstərir.
Bu bəyanat Kremlin hələ də Ermənistanın maraqlarını qorumağa yönəlik siyasət yürütdüyünün göstəricisidir. Ermənistan cəmiyyətində Lavrovun bu sözləri “Rusiya bizə borcludur” fikrini daha da gücləndirib və revanşizmə yeni stimul verib.
2020-ci il Vətən müharibəsində məğlubiyyətdən sonra Ermənistanda müəyyən müddət revanşist qüvvələr zəifləmişdi. Lakin son dövrlərdə həm müxalif dairələrdə, həm də bəzi media platformalarında “yeni müharibə”, “Qarabağın qaytarılması” və “Türkiyə və Azərbaycana qarşı ittifaqlar” mövzuları daha tez-tez gündəmə gətirilir.
Bu meylin sosial dəstək tapması da diqqətdən yayınmamalıdır. Revanşist qüvvələr cəmiyyətin psixoloji məğlubiyyət kompleksini manipulyasiya edərək, yeni nəsli “itirilmiş torpaqları geri almaq” ideologiyası ilə tərbiyələndirməyə çalışırlar. Belə bir vəziyyətdə Rusiyadan gələn istənilən dəstək, bu ideoloji axının legitimləşməsinə xidmət edir.
Paşinyan hökuməti hər nə qədər Qərbə inteqrasiya kursu yürütməyə çalışsa da, Ermənistanın Rusiya ilə təhlükəsizlik baxımından hələ də dərin asılılığı mövcuddur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanın mövqeyi zərifləsə də, Rusiya ilə hərbi-texniki əməkdaşlıq tamamilə dayandırılmayıb.
Lavrovun səfəri Rusiyanın Ermənistana yönəlik siyasətində yenidən fəallaşdığını göstərir. Bu fəallıq sülh və sabitlik naminə deyil, regiondakı mövqelərini bərpa etməyə və Qərbə qarşı geosiyasi əks-hərəkətə hesablanmış addımdır. Ermənistan da bu geosiyasi rəqabətdən maksimum dərəcədə istifadə etməyə çalışır.
Cənubi Qafqazda sülh prosesi çətinliklərlə üzləşdiyi bir vaxtda Ermənistan və Rusiya dairələrindən gələn bəyanatlar bu çətinliyin səbəblərini bir daha aydın göstərir.
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın “İzvestiya” qəzetinə verdiyi müsahibə və bu qəzetin məsələ ilə bağlı ritorikası Rusiyanın hələ də Ermənistanın əli ilə regionda mövqeyini qorumağa çalışdığını sübut edir.
“İzvestiya” qəzetinin Karapetyanla apardığı müsahibədə bir neçə mühüm məqam diqqətdən yayınmamalıdır. Birincisi qəzetin əməkdaşı söhbət boyu dəfələrlə Azərbaycanın Qarabağ bölgəsini “artsax” adlandırır. Bu, Rusiya mediasında hələ də separatçı ritorikanın dolayısı ilə təşviq edildiyini göstərir. Bu, sadəcə termin seçimi deyil, Kremlin bölgəyə baxış bucağının göstəricisidir.
İkincisi və daha önəmlisi isə Karapetyanın özü tərəfindən səsləndirilən fikirlərdir: o açıq şəkildə bildirir ki, Ermənistan Azərbaycana qarşı dirəniş göstərməsə, Rusiyanın hərbi-siyasi dəstəyini itirə bilər. Bu etiraf onu göstərir ki, Moskva üçün Ermənistan yalnız o halda dəyərli müttəfiqdir ki, regionda Azərbaycan və Türkiyəyə qarşı balans elementi kimi çıxış etsin.
Belə yanaşma sülh prosesinə deyil, qarşıdurmanın davamına hesablanıb. Ermənistanın öz siyasətini suveren qərarlara deyil, Moskvanın maraqlarına uyğun qurması, ölkəni faktiki olaraq geosiyasi proksi vəziyyətinə salıb. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın son çıxışları da bu xəttin davamı kimi görünür. O da Karapetyan kimi Ermənistanın Rusiya ilə münasibətlərini yalnız hərbi-siyasi müttəfiqlik çərçivəsində deyil, həm də anti-Azərbaycan platforması kimi görür. Koçaryan açıq şəkildə iddia edir ki, Ermənistanın yeganə qurtuluş yolu “Qarabağ məsələsində güzəştə getməməkdən” keçir. Bu, revanşist ritorikanın siyasi elita səviyyəsində necə qorunub saxlandığını göstərir.
Ermənistanın Azərbaycan ərazilərinə olan iddiaları və bu iddiaların gerçəkləşdirilməsində Rusiya hər zaman həlledici rol oynayıb.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi: XIX əsrdə, xüsusilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyası İran və Osmanlıdan kütləvi şəkildə erməniləri Azərbaycan torpaqlarına, xüsusilə Qarabağa və İrəvan xanlığının ərazisinə yerləşdirdi.
Məqsəd – müsəlman-türk əhalinin demoqrafik üstünlüyünü zəiflətmək idi.
1918-1920-ci illərdə Zəngəzurda, Qarabağda və İrəvan ətrafında erməni silahlı dəstələri – faktiki olaraq Rusiya tərəfindən silahlandırılmış və yönləndirilmiş qüvvələr – azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçirdi.
1948-53-cü illərdə 100 mindən çox azərbaycanlının Ermənistan ərazisindən zorla köçürülməsi Moskvada planlaşdırılmış və həyata keçirilmiş siyasi kampaniya idi.
Qarabağ münaqişəsinin alovlanmasında da Sovet rəhbərliyinin, daha sonra isə Rusiya Federasiyasının Ermənistana verdiyi hərbi və siyasi dəstək mühüm rol oynayıb. 1990-cı illərin əvvəllərində Ermənistan ordusunun Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Rusiyanın verdiyi silah və təlim dəstəyi ilə mümkün olub. Bütün bu faktlar göstərir ki, Ermənistan tarixi boyunca Azərbaycan ərazilərinə qarşı həyata keçirdiyi istənilən ekspansionist planı təkbaşına deyil, Rusiya dəstəyilə gerçəkləşdirib.
Ermənistan bu ərazilərin faktiki işğalçısı olsa da, əsl geosiyasi operator Moskva olub.
Rusiyanın Ermənistanı yalnız öz maraqları üçün bir alət kimi istifadə etməsi artıq açıq şəkildə görünür.
Ermənistanın Rusiya üçün əhəmiyyəti onun suverenliyində deyil, bölgədə balansı pozmaq üçün bir mexanizm rolunda olmasıdır. Bu mexanizm zaman-zaman aktivləşdirilir – gah mediada “Arsax” ifadəsi ilə, gah hərbi yardım və ya siyasi bəyanatlarla, gah da revanşist çıxışlarla.
Azərbaycan üçün bu reallıq, sülh prosesində Rusiya vasitəçiliyinə ehtiyatla yanaşmağı zəruri edir. Ermənistanın sülhə gəlməsi təkcə İrəvanın siyasi iradəsinə deyil, həm də Kremlin niyyətlərinə bağlıdır. Tarix göstərir ki, bu niyyətlər nadir hallarda bölgədə sabitlik və barış yönündə olub.
Şahanə Rəhimli
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ