İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna cəbhəsində vəziyyət BUNA GÖRƏ ƏN AĞIR şəkil alacaq - SENSASİON ŞƏRH

Ötən gün Rusiya müharibə başlayandan bəri Ukraynaya ən böyük hücumlarından birini reallaşdırıb. Məlumata görə, başda Kiyev olmaqla Ukraynanın bütün böyük şəhərləri raket və dron zərbələrinə məruz qalıb. Hücumlar əsasən mülki infrastrukturlara olub. Ukraynanın elektrik enerjisi istehsal edən bir çox müəssisələri vurulub. Bundan əlavə, rus ordusunun həm Donetsk, həm də Kursk istiqamətində irəlilədiyi qeyd olunur.

Ukraynaya qarşı kütləvi raket və dron zərbələri bu gün də davam edir. Bir çox müşahidəçilər Rusiyanın bu hücumlarının Kursk vilayətinin bir hissəsinin Ukrayna tərəfindən işğalına verilmiş cavab olaraq qiymətləndirirlər.

Bəs, Rusiya bu kütləvi hücumları ilə Kursku işğaldan azad edə biləcəkmi?

KURSK.jpg (98 KB)

HEYDER OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, Rusiyanın bənzər kütləvi hücumu bu ilin mart ayında da olub:

“Həmin vaxt Vladimir Putinin prezident seçkilərindən öncə Belqorod Ukrayna tərəfindən ağır atəşə tutulmuşdu. Rusiya da seçkilərdən dərhal sonra Ukraynanın bu hücumuna ağır şəkildə cavab vermişdi. Nəticədə Ukrayna bu ağır bombardmandan xilas olmağı bacardı və ABŞ-dən daha ciddi hərbi yardım almağa başladı. Rusiyanın Ukraynaya son hücumları da bənzər reaksiyanı doğura bilər. Böyük ehtimalla bu hücumlardan sonra NATO ölkələri Ukraynaya göndərdikləri uzaqmənzilli artilleriya silahlarından Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verəcək. Beləcə Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşəcək”.

Siyasi şərhçinin fikrincə, Rusiyanın son hücumları Ukrayna rəsmilərinin uzun müddətdir dilə gətirdikləri arqumenti gücləndirir:

“Bilirsiniz ki, rəsmi Kiyev avropalı tərəfdaşlarını Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verməməkdə günahlandırırdılar. Onlar bunu əli-qolu bağlı şəkildə Rusiyanın hərb maşınının qabağına atılmaq kimi qiymətləndirirdilər. Haqsız da deyildilər. Həmin silahlar Ukraynaya özünü müdafiəsi üçün verilib. Müdafiə isə yalnız atəşə tutulduğun anda üzərinə gələn raketləri zərərsizləşdirmək imkanı deyil. Həm də çəkindiricilik gücünə malik olmaq deməkdir. Sənin əlində uzaqmənzilli silahlar var, amma ondan istifadə hüququn yoxdursa, heç bir zaman çəkindirici güc yarada bilməzsən.

NATO.jpg (122 KB)

Bu ona bənzəyər ki, əlində atom bombası var, amma onu hərəkətə keçirəcək düyməni itirmisən. Belə bir vəziyyətdə sənin arsenalında olan atom bombası yalnız özün üçün təhlükə yarada bilər. Üstəlik, Ukraynanın əlində hava hücumundan müdafiə sistemləri də yoxdur. Odur ki, ona atılan çoxsaylı raket və dronları effektli şəkildə zərərsizləşdirə bilmir. Bu mənada Ukraynanın müdafiəsini gücləndirmək üçün ona F-16-lardan tutmuş “Patriot”lara qədər yetərli sayda müxtəlif hava hücumundan müdafiə sistemləri verilməlidir. Rusiyanı Ukraynaya bomba yağdırmaqdan çəkindirmək üçün Kiyevin ona cavab verəcək gücü və icazəsi olmalıdır. Məncə, bu hücumlardan sonra Avropa ölkələri öz qərarlarına yenidən baxacaq və Ukraynanın gücünü zəiflədən bu və digər amillər aradan qaldırılacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR