Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas: “Rövşən Əsgərovun Azərbaycan vətəndaşlığı varsa, ölkə ərazisində saxlanıldığı təqdirdə heç bir halda Rusiyaya verilə bilməz”
“Nə? Harada? Nə vaxt?” intellektual yarışmasının tanınmış oyunçusu Rövşən Əsgərov Rusiyada axtarışa verilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Axtarışa verilmə ilə bağlı məlumat nazirliyin bazasına yerləşdirilib.
Qeyd edək ki, Rövşən Əsgərov bir müddət əvvəl Rusiyada ekstremist və terrorçuların siyahısına salınmışdı.
R.Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.
İstintaq iddia edir ki, o, öz Facebook səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
Xatırladaq ki, 2022-ci ildə R.Əsgərov Facebook hesabında paylaşım edib. O yazıb:
“Rusiyada, Moskvanın mərkəzində, Psevdo-Tarix Muzeyinin yaxınlığında təcrübəli qarətçinin abidəsi var. Forma geyinmiş qatil G.K.Jukov həm də oğru idi. O, "şəxsi istifadəsi üçün" Almaniyadan “əhəmiyyətli miqdarda” mebel, sənət əsərləri və digər müxtəlif kubok əşyalarını çıxarırdı. Bu, onun işi üzrə aparılan istintaq zamanı qeyd olunub. Bax, beşqat Sovet İttifaqı Qəhrəmanı belədir".
Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev “Yeni Müsavat”a açıqlamasında Rövşən Əsgərovun Azərbaycanda saxlanacağı təqdirdə Rusiyaya təhvil verilib-verilməyəcəyinə aydınlıq gətirdi: “Ümumiyyətlə, cinayət işlərinə dair hüquqi yardım və ekstradisiya məsələləri Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Prossesual Məcəlləsi, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kşinyov Konvensiyası, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Qeyd edilən məsələ ilə bağlı hüquqi nöqteyi-nəzərdən ilk növbədə diqqət yetirməli olduğumuz məsələ Rövşən Əsgərovun vətəndaşlığı məsələsidir. Əgər Rövşən Əsgərovun Azərbaycan vətəndaşlığı varsa, ölkə ərazisində saxlanıldığı təqdirdə heç bir halda Rusiyaya verilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 13.1-ci maddəsinə əsasən xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxsin istintaqı və məhkəməsi Azərbaycanda aparılmalıdır. Rusiya isə Kişinyov Konvensiyasına uyğun olaraq onun ərazisində açılmış cinayət işinin materiallarını Azərbaycana göndərməlidir. Yox, əgər Rövşən Əsgərovun Azərbaycan vətəndaşlığı yoxdursa, bu zaman məsələ fərqli ola bilər.
Belə ki, Azərbaycanın hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanununa və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə (Kişinyov Konvensiyası) uyğun olaraq xarici dövlətə verilə bilərlər. Lakin burada vacib məsələ ondan ibarətdir ki, Rusiyada cinayət hesab edilən əməl Azərbaycanda da cinayət sayılmalıdır.
Kostitusiyanın 70-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ