Onlayn ictimai-siyasi qəzet
Yeqor Bortnik MDB ölkələrində öz təhlükəsizliyi ilə bağlı narahatdır və bu səbəbdən bəzi ölkələrə getməkdən çəkinir
“Bi-2" rok qrupunun vokalisti Leva (əsl adı Yeqor Bortnik) Bakıdakı konsertini ləğv etmək qərarına gəldiyini bildirib. Lent.az Rusiya mediasına istinadla bildirir ki, vokalist etiraf edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana qastrol səfərinə gəlməkdən qorxur. "İndi, görünür, fasilə verməli olduğumuz vaxtdır. Mən də hamı kimi eyni qorxulara qalib gəlirəm. Mən də həyatımı dəmir barmaqlıqlar arasında bitirmək istəmirəm. Mənim üçün bu bir qədər qorxulu yuxudur", - Bortnik əlavə edib.
Məlumat üçün bildirək ki, Yeqor Bortnik 1972-ci ildə Minskdə anadan olub. O, Belarus əsilli rusiyalı müğənni, bəstəkar və aktyordur. 1988-ci ildə Aleksandr Uman (Şura) ilə birlikdə “Bi-2" rok qrupunu yaradıb. Qrup 2000-ci ildə "Brat 2" filminin saundtreki olan “Polkovniku nikto ne pişet” mahnısı ilə geniş populyarlıq qazanıb.
Yaradıcılıq fəaliyyəti boyunca Yeqor Bortnik bir çox albom və mahnılar yazıb, həmçinin “Brat 2" (2000), "Voyna" (2002) və “Sestri” (2001) kimi filmlərdə rol alıb.
Yeqor Bortnikin yaradıcılığı və fəaliyyəti Rusiya və MDB ölkələrində geniş tanınır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra müğənni Rusiyanı tərk edərək, İsrailə köçüb. Daha sonra Rusiyanın Qələbə Günü və Rusiya vətəndaşları ilə bağlı kəskin açıqlamalar verib. Bu səbəbdən Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin ifaçının “xarici agent” kimi tanınmasını tələb edib və az sonra onun adı bu siyahıya daxil edilib.
Bütün bu qalmaqallardan sonra “Bi-2" qrupunun bir neçə konserti müxtəlif səbəblərdən ləğv edilməyə başlayıb. Məsələn, 2023-cü il aprelin 24-28-də Türkiyədəki Kəmərdə keçirilməsi planlaşdırılan konsertləri ləğv edilir. Konsertin keçirilməsinə az qalmış Bortnik heç bir səbəb göstərmədən gecənin ləğv edildiyini açıqlayıb və sosial şəbəkədə sadəcə "Kəmərdəki konsertim ləğv olundu" yazıb. Məsələ ilə bağlı tədbiri təşkil edən rəsmilər tərəfindən heç bir açıqlama verilməyib.
Həmin vaxt mətbuatda qrupun Dubaydakı konsertinin də ləğv edildiyi barədə məlumat yayılmışdı.
Həmin ilin iyununda isə Qazaxıstanın Semey şəhərində planlaşdırılan konsert meşə yanğınları zamanı baş verən faciəvi hadisələrə və ictimaiyyətin müraciətlərinə görə ləğv edilib.
Qrupun 2024-cü ilin yanvarında Tailandın Phuket adasında verəcəyi konsert də ləğv edilib. Məlumata görə, “Bi-2" musiqiçiləri yanvarın 24-də Tailandın Fuket şəhərində nümayişdən sonra iş icazəsi olmadan saxlanılıblar. Daha sonra məhkəmə onların hər birini üç min baht cərimələyib. Yanvarın 31-də qrup üzvləri sərbəst buraxılaraq İsrailə göndərilib.
Qrup sosial hesablarında 25 fevral-1 mart tarixlərində Almaniyanın bir neçə şəhərində konsert verəcəkləri ilə bağlı afişalar paylaşıblar.
O ki qaldı Yeqor Bortnikin Bakıya gəlməkdən imtina etməsinin səbəblərinə, xatırladaq ki, onun təmsil etdiyi rok qrupu hələ 2014-cü ildə Bakıda konsert verib. Belə ki, qrup 30 may 2014-cü il tarixində Yaşıl Teatrda konsert proqramı ilə çıxış edib. Həmin konsertdə qrup Qərb üslubunda mahnılar ifa edərək tamaşaçıların zövqünü oxşamağa çalışıb. Bundan əlavə, 2014-cü ilin sentyabr ayında da “Bi-2" qrupu eyni məkanda konsert verərək, sayca 9-cu "16+" adlı albomunu təqdim edib.
Yayılan iddialara görə, Yeqor Bortnikin bu dəfə Bakıya gəlməkdən imtina etməsinin səbəbi Rusiya faktoru ilə bağlıdır. Belə ki, qeyd etdiyimi kimi, Yeqor Bortnik son illərdə Rusiyanın siyasi mövqeyinə qarşı tənqidi mövqe sərgiləyib və Bortnik açıq şəkildə Putinin siyasətini dəstəkləmədiyini bildirib. Bu səbəbdən Rusiyada qadağalarla üzləşib, konsertləri ləğv olunub və “xarici agent” siyahısına salınıb. Rusiyaya qarşı tənqidi mövqeyi olan bəzi şəxslərin postsovet məkanında müxtəlif təzyiqlərlə üzləşdiyini nəzərə alsaq, Bortnikin ehtiyatlanması da təsadüfi olmaya bilər. Bəzi ehtimallara görə, o, ümumilikdə MDB ölkələrində öz təhlükəsizliyi ilə bağlı narahatdır və bu səbəbdən bəzi ölkələr getməkdən çəkinir.
Bununla yanaşı, “Bi-2" qrupunun əvvəllər də müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində planlaşdırılan konsertlərinin naməlum səbəblərdən ləğv edilməsi tendensiyası göstərir ki, qrup təkcə Azərbaycana deyil, müxtəlif ölkələrə qastrol səfərləri ilə bağlı problemlər yaşayır.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ