İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qafqazda hansı ölkəni Qərbə güzəştə gedəcək - ilginc iddia

“Bütün mümkün ssenarilər təhlil edilir. Hətta ona görə də Rusiya bəzi regionlarda şüurlu şəkildə güzəştə gedə bilər ki, digərlərində nəsə qazansın”. Rusiyada nə baş verdiyini mükəmməl başa düşürlər. Üstəlik, hələ Ukraynada müharibə başlamazdan əvvəl həm Ukraynanın özündə, həm də digər regionlarda cari hadisələri proqnozlaşdırırdılar.

Oxşar fikri “Armİnfo”ya Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Malaşenko deyib. “Bu baxımdan, məsələn, bu gün Cənubi Qafqaz istiqamətində baş verənlər də Moskva üçün sürpriz deyil. Ona görə də diplomatik səviyyədə olan bütün bu bəyanatlar Rusiya Federasiyasının bizi əhatə edən regionlarda mümkün geosiyasi impulslarla bağlı narahatlığını əks etdirir. Biz onu da başa düşürük ki, eyni Aİ-nin Ermənistan-Azərbaycan nizamlanması istiqamətində niyyətləri və hərəkətləri heç bir halda Rusiyanın iştirakı ilə üçtərəfli bəyanatların nəticələrini əks etdirmir”.

Eyni zamanda Malaşenkonun fikrincə, bu gün Moskva, 2020-ci il noyabrın 10-dan etibarən olduğu kimi, Qafqaz problemləri ilə məşğul ola bilməz. O anlayır ki, Aİ və ABŞ-ın indiki mərhələdə Ermənistan-Azərbaycan nizamlanması istiqamətində hərəkətləri, son nəticədə, Rusiyanın bütün Cənubi Qafqazdan çıxarılmasına yönəlib. MKİ direktoru Uilyam Bernsin regiona səfəri, onun sözlərinə görə, Dövlət Departamentinin digər rəsmiləri Moskvaya da təsirsiz ötüşməyib və müvafiq reaksiya alıb. Hansı ki, bu, heç də Qərbin Ermənistanla Azərbaycan arasındakı proseslərin Rusiya Federasiyasının vasitəçiliyindən ikitərəfli müstəviyə çıxarılması istiqamətindəki səylərinin dayandırılması demək deyil. Sonuncu, bu strategiyanın müəlliflərinin fikrincə, gələcəkdə Rusiya Federasiyasının bütün regionda mövcudluğunu neytrallaşdırmağa imkan verəcək. “Gördüyünüz kimi, bütün mümkün ssenarilər nəzərdən keçirilir və təhlil edilir. Hətta ona görə Rusiya bəzi regionlarda şüurlu şəkildə güzəştə gedə bilər ki, digərlərində nəsə qazansın. Amma artıq Moskva, Ankara və Tehran arasında aktiv məsləhətləşmələrin getməsi və bunun Qərbə cavab cəhdi olması bu gün də nəzərə çarpır. Rusiya ikinci cəbhə açmamaq üçün hər şeyi edir. Moskvanın Cənubi Qafqazdakı davranış xətti, digər məsələlərlə yanaşı, həm də bu perspektivi istəməməsi ilə bağlıdır ”, - deyə Malaşenko yekunlaşdırıb.

Rusiya Qafqazdan, Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki vasitəçilikdən sıxışdırılıb çıxarıla bilərmi?

Sərkisyanın istefası - Elxan Şahinoğlu yazır

Elxan Şahinoğlu: “Putin artıq qərar verməlidir ki...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Putinin konkret fikrinin olmadığını bildirdi: “Putinin Qarabağla, yaxud Azərbaycan-Ermənistan qarşıdurması ilə bağlı hər hansı bir konkret fikri, düşüncəsi, planı varmı? II Qarabağ savaşını tez dayandırmağa çalışdı. Hətta Şuşanı zad etməmişdən öncə Kremlin sahibi Bakı və İrəvana zənglər edirdi. Paşinyan razılaşmadı, yaxşı ki, elə razılaşmadı. Azərbaycan Ordusu Şuşanı azad etdi, artıq Xankəndi yolu da açılıb. Təzyiqlər oldu və nəticədə 10 noyabr bəyanatı imzalandı. Hər iki tərəf bəyanatı özünə uyğun şəkildə şərh edir. İndi Putin nə etmək istəyir? Ukrayna ilə bağlı onun konkret düşüncəsi var idi və hazırda onu da həyata keçirməyə çalışır. Amma Azərbaycanla strateji tərəfdaş münasibətləri qurmağa çalışır. Azərbaycanla bu oyunlar keçməz. Putin artıq qərar verməlidir ki, nəyə çox önəm verir. Paşinyan da Putindən narazıdır və son çıxışında da bunu açıq şəkildə ifadə etdi. Rusiyanın öz üzərinə düşəni etmədiyini önə çəkdi. Bizim istək odur ki, Qarabağda qayda-qanun yaratmaqda Rusiya bizə mane olmasın. Ümumiyyətlə, 3 il yarımdan sonra rus sülhməramlılarının bölgəni tərk etməsini istəyirik. Onu zamanında görəcəyik. Putin münaqişənin tam həllini də istəmir. Onun konkret bir fikrinin olmamasından tam yararlanmalıyıq və yararlanırıq da. Düşmənə endirdiyimiz son zərbələr də bunu göstərdi. Rusiya əslində qarşımızda dayana bilmədi, dayanmaq da istəmədi. Amma biz də Rusiya ilə qarşılaşmaq istəmirik. Rusiya sözdə də olsa bizi strateji tərəfdaş adlandırır və bunun üçün də Qarabağdakı problemlərimizin həllində tam şəkildə qarşımızda dayanmayacaq”.

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov: “Moskvanın Tiflisi ”güzəştə getmək" şansı yoxdur"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu ölkənin Ermənistan ola biləcəyini bildirdi: “Məlumdur ki, Ukrayna ilə davam edən müharibə Rusiyanı zəiflədir. Bu savaşın ”rejissorunun" Qərb olduğunu nəzərə alsaq, deməli, planların davamı gəlməli idi. Ümumiyyətlə, uzun illərdir Cənubi Qafqaz uğrunda Moskva ilə Vaşinqton arasında mübarizə gedir. Ermənistanla Azərbaycan arasındakı konflikt isə bu mübarizədə hər iki tərəfin əsas “kozır”ıdır. Ermənistan indiyədək Rusiyanın “çətiri altında” olub. Amma artıq durum dəyişir. Kremlin zəifləməyi İrəvanı narahat edir. Ermənistanın baş naziri Nikol Paşinyan onsuz da qərbmeyilli siyasətçidir. İndi isə onun xüsusilə ABŞ-a doğru addımları daha da sürətlənib. Paşinyan bugünlərdə deyib ki, Qarabağdakı gərginlik Rusiya sülhməramlılarının fəaliyyətini sual altına qoyur. Bu, İrəvanın artıq Moskvadan üz döndərməsinin növbəti təzahürüdür. Ermənistan yəqin ki, bir az sonra Qərbin “çətiri altına” keçəcək. Hansısa güzəştdən isə söhbət getmir. Rusiya uzun illər uğrunda mübarizə apardığı ərazini güzəştə getməz. Belə hallar xüsusilə imperiyaların xarici siyasət kursuna ziddir. Sadəcə olaraq, Moskva artıq Qərbə uduzdu. Və bunun fonunda ortalıqda qalan Ermənistan ABŞ-la əlaqələri gücləndirməyə çalışır. Cənubi Qafqazın digər ölkələri - Azərbaycan və Gürcüstan üçün bu barədə danışmaq tezdir. Çünki rəsmi Bakının xarici siyasəti hansısa dövlətdən asılı deyil. Biz daim balanslı siyasət yeritmişik və bunun bəhrəsini görmüşük. Gürcüstanla Rusiyanın münasibətləri olduqca pisdir. Deməli, Moskvanın Tiflisi “güzəştə getmək” şansı yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR