İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “Paşinyanın paktı”nı bu səbəbdən “vurdu”

Moskvada bu təklifin arxasında hansı niyyətlər durduğunu yaxşı başa düşürlər 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirib...

Zaxarova srağagün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların icra olunmasıdır:

“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”.

O qeyd edib ki, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.

Xatırladaq ki, 28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. Prinsipcə, bu vəziyyət və İrəvanın təklifi Moskvanın maraqlarına zidd hesab edilə bilməz. Amma görünür ki, Paşinyan hakimiyyətinə Moskvanın heç bir güvəni qalmayıb və bu səbəbdən prinsip olaraq 10 noyabr sənədini əsas götürür.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Ermənistanın Ukraynadan nümunə götürməli olduğunu vurğuladı: “Ermənistan hakimiyyəti bu gün bütün dünyanın gözləri qarşısında uğursuz və ikibaşlı oyun oynayır. 44 günlük İkinci Qarabağ savaşından və keçən ilin 19 sentyabr antiterror əməliyyatlarından sonra ağır siyasi depressiya keçirən Nikol Paşinyan hakimiyyəti hələlik Qərblə Rusiya arasında bu şəkildə oynamaqdan bir başqa siyasi kurs müəyyənləşdirə bilmir. Ona bir tərəfdən son vaxtlar müstəmləkə ölkələrindən qovulan, xarici siyasəti riyakarlıq üzərində qurulmuş Fransa kimi  bir dövlətin vədləri şirin gəlir, digər tərəfdən isə onu Rusiyadan asılılığın səviyyəsi ciddi düşündürür. Fransanın Ermənistan naminə beynəlxalq müstəvidə atdığı addımlar bir-birinin ardınca fiaskoya uğradıqca, Paşinyan hakimiyyəti daha ciddi düşünmək zorunda qalır. İndi Fransa ilə Ermənistanın münasibətlərində qəribə bir mənzərə yaranıb. Fransada yaşayan və Fransa hökumətini Azərbaycana qarşı qışqırdan erməni diasporunun aparıcı şəxsləri Ermənistanda arzuolunmaz şəxs elan ediliblər və onların Ermənistana girişi qadağan olunub. Baxın, bu şəxslərin Ermənistana gəlməsini erməni hökuməti qadağan etsə də, onlar yenə də Fransanın əli ilə Ermənistan üçün "nələrisə etməkdən" əl çəkmirlər. Ermənistan hökuməti keçən ilin sentyabr ayında Azərbaycan Ordusunun bir günlük antiterror əməliyyatlarından sonra Qarabağ torpaqlarımızı öz xoşuna tərk edib getmiş ermənilərin geri qaytarılması ilə bağlı səsini belə çıxartmasa da, Fransa Senatı bununla bağlı qərar qəbul edir və onları müdafiə etməyə qalxır. Bütün bunlar Fransanın Azərbaycana təzyiq göstərmək üçün erməni diasporunun əli ilə oynadığı oyunlardır. 

Fransanın əsas hədəfi hansı yolla olursa-olsun Cənubi Qafqaza girmək idi. Azərbaycan keçən ilin sentyabr ayının 19-da keçirdiyi lokal antiterror əməliyyatı ilə bu yolu Fransa üçün birdəfəlik qapatdı. Afrikada resurslar əldə etmək uğrunda illərdir apardığı mübarizə uğursuzluqla nəticələndikdən sonra Fransa Cənubi Qafqazda və Orta Asiyada əsaslanmaq yolunu seçmişdi. Fransanın Orta Asiyada əsaslanması da onun birbaşa Cənubi Qafqazda yer ala bilməsindən asılı olan bir məsələdir. Çünki yol olmadan harada əsaslanırsan əsaslan, bundan fayda ala bilməyəcəksən! Yol isə Cənubi Qafqazdan - Azərbaycan üzərindən keçir. Azərbaycan onun Cənubi Qafqaz planlarını 24 saat ərzində torpağa gömdü. Bax Fransanı bu gün qudurmuş it halına gətirən də budur! Bu gün AŞ PA kimi lüzumsuz bir platformadan Azərbaycana göstərilən təziqlərin də arxasında Makron kimi bir yaramaz və uğursuz siyasətçinin barmağı var.  Ancaq Azərbaycan o barmağı da kəsməkdə davam edəcək. O ki qaldı Paşinyanın “silahlara qarşılıqlı nəzarət”, “hücum etməmək haqında pakt” kimi sərsəmləmələrinə, burada da təəccüblü heç nə yoxdur. Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən verdiyi bütün bəyanatlar bu qəbildən olan sərsəmləmələrdən heç nə ilə fərqlənmir. Azərbaycan hökuməti onun bu kimi sərsəmləmələrinə münasibət belə bildirmədi. Adam ortada qalıb! Bir yanda onu şirin vədlərlə aldadan riyakar Fransa, digər tərəfdə isə “Domokl qılıncı”nı onun başı üzərində saxlayan Rusiya dayanıb. Hələ ki hər ikisi ilə oynamağa üstünlük verir. Ancaq eyni zamanda başa düşür ki, bu oyun tezliklə yekunlaşmalı və o, nəhayət seçim etməlidir. Ermənistan üçün indiki dönəmdə gerçək çıxış yolu 10 noyabr sazişinin şərtlərinə əməl edib, bölgədə bir dövlət kimi qalmaq şanslarını saxlamaqdır. Ukrayna olayları Ermənistan hökumətinə düzgün nəticə çıxartmaq üçün bu gün ən yaxşı nümunədir. Alternativ yol 19 sentyabrdan sonra Qarabağ torpaqlarımızda on illər boyunca kök salmış separatçı ermənilərin taleyini yaşamaq olacaq".

Rəşad Bayramov: “Rusiyanın bu dəfə aprel döyüşlərində olduğu qədər inadcıl  davranmayacağını düşünürəm” » Ovqat.com

 Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu yolla Paşinyanın sülhdən yayınmaq niyyətində olduğunu qeyd etdi: “Nikol Paşinyanın təklifləri ucuz populizm olmaqla yanaşı, həm də beynəlxalq ictimai rəydə özünü sülh təşəbbüskarı kimi qələmə verməyə hesablanıb. Paşinyan bu təkliflərlə Azərbaycan əleyhinə təbliğata yeni nəfəs verməyə cəhd edir. Artıq uzun müddətdir ki, ayrı-ayrı dövlətlərin Azərbaycanla bağlı bəyanatlarında və müxtəlif qurumlarda ölkəmiz əleyhinə qəbul olunan qətnamələrin müzakirəsi zamanı davamlı olaraq Azərbaycanın Ermənistana gözlənilən hücumu ilə bağlı qərəzli fikirlər yer alır. Paşinyan da bu təklifi irəli sürməklə həqiqətən də belə bir hücumun gözlənildiyini və bunun baş verməməsi üçün paktın imzalanmasına ehtiyac olduğu təsəvvürünü formalaşdırmağa çalışır. İkinci bir tərəfdən, bu kimi təkliflər həm də ortaya yeni bəhanələr atmaqla sülh prosesini "tormozlamağa" yönəlmiş təkliflərdir. Paşinyan bununla vaxt udmağa və sülh razılaşmasından yayınmağa çalışır. Onun təkliflərinin arxasındakı ən vacib və gizli məqam isə Fransa, ABŞ, Avropa İttifaqı və digərlərini yenidən prosesə qoşulması cəhdi ilə bağlıdır. Belə ki, Azərbaycan belə bir paktın imzalanmasına razılıq verəcəyi halda dərhal ikinci bir təklif ortaya çıxacaq. Ermənistan paktın imzalanması üçün “qarantor” qismində ayrı-ayrı dövlət və qurumların iştirakını təklif edəcək. Başqa sözlə desək, Paşinyan və havadarları bu təklifə vasitəçiliyindən faktiki olaraq imtina etdiyimiz oyunçuların yenidən prosesə qoşulması imkanı kimi baxır. Rusiya da bunu kifayət qədər yaxşı başa düşdüyü üçün Paşinyanın təkliflərinə mənfi münasibət ortaya qoyur. Yoxsa ki, bu, Rusiyanın Azərbaycan sevgisindən irəli gələn mövqe deyil. Sadəcə, danışıqlar prosesində Qərbin iştirakını arzulamadığı üçün belə mövqe sərgiləyir.

“Sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların icra olunmasıdır” deyən Rusiya bununla həm də Zəngəzur dəhlizinə nəzarəti razılaşdırılmış kimi özü həyata keçirmək istəyir. Yəni bir daha təkrar etmək istəyirəm ki, Rusiyanın Paşinyanın təkliflərinin qəbuledilməzliyi ilə bağlı Azərbaycanın mövqeyinə oxşar mövqe sərgiləməsi rəsmi Kremlin özünün maraqlarından irəli gəlir. Ümumiyyətlə isə Paşinyanın qoşunların təmas xəttindən çəkilməsi, silahlara qarşılıqlı nəzarət mexanizmi və hücum etməmək barədə paktın imzalanması ilə bağlı təklifləri qəbuledilməzdir və müzakirə predmetinə belə çevrilməməlidir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR