Onlayn ictimai-siyasi qəzet
Son günlər Rusiya və Azərbaycan arasında siyasi və iqtisadi gərginlik yeni mərhələyə qədəm qoyub. Rusiya mətbuatında yayılan bəzi xəbərlər iki ölkə arasındakı münasibətlərdə sarsıntının dərinləşdiyini göstərir. Xüsusilə Rusiyanın Azərbaycan məhsullarına qarşı mümkün idxal qadağası ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir
Bəs görəsən, baş verənlər iki ölkə arasındakı ticarət dövriyyəsinə necə təsir edəcək?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov BAKU.WS-ə açıqlama verib və Rusiyanın son davranışlarını kəskin şəkildə tənqid edib.
Onun sözlərinə görə, Rusiya tərəfinin son addımları ölkəmizə qarşı təzyiq siyasətinin tərkib hissəsidir.
"Bundan əvvəl Rusiya Qroznı üzərində Azərbaycan təyyarəsini vurmuşdu. Ölkəmiz haqlı olaraq Rusiyadan üzr istəməsini, kompensasiya ödənilməsini və cinayətkarların cəzalandırılmasını tələb edirdi. Azərbaycan Beynəlxalq Hüquq çərçivəsində bu tələbi irəli sürmüşdü. Lakin Rusiya indiyə qədər susur. " – deyə deputat qeyd edib.
Bundan əlavə, Aydın Hüseynov bir neçə gün əvvəl Rusiyada azərbaycanlıların yaşadığı evə edilən basqın, iki həmyerlimizin qətlə yetirilməsi və azərbaycanlılara qarşı həyata keçirilən işgəncələrə də toxunub.
"Yenə ölkəmiz bu məsələlərin araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir. Lakin Rusiya bunu etmək əvəzinə öz aqresivliyini daha da genişləndirir. Eyni zamanda Rusiya mətbuatında Azərbaycana, məhsullarımıza qarşı sanksiyaların tətbiq olunacağı ilə bağlı fikirlər səsləndirilir. Rusiya qəbul etməlidir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir".
Deputat Rusiya mediasında yayılan iqtisadi sanksiya təhdidlərini də şərh edərək bildirib ki, bu cür addımlar Azərbaycan üçün ciddi iqtisadi problem yaratmayacaq:
"Azərbaycan öz iqtisadiyyatını şaxələndirmiş formada həyata keçirməyi bacarır. Rusiyaya idxal edəcəyimiz məhsulları başqa ölkələrə rahatlıqla çıxarmaq imkanımız var. Yəni Rusiya bizim hər hansı məhsulumuzun bazarlarına daxil olmasına qadağa qoysa Azərbaycan tərəfinjn itirəcəyi heç nə yoxdur. Rusiya ilə 5 milyard manata yaxın ticarət dövriyyəmiz mövcuddur. Bunların da əksəriyyəti Rusiyadan idxal etdiyimiz məhsullardır. Halbuki bu məhsulları digər ölkələrdən çox asanlıqla və sərfəli qiymətlərlə əldə etmək imkanımız var. Fikrimcə Rusiyanın Azərbaycana iqtisadi baxımdan hər hansı təsir imkanları məhduddur".
Aydın Hüseynov onu da vurğulayıb ki, əslinsə Azərbaycan Rusiyaya daha çox dəstək verib:
"İqtisadi sferada Azərbaycanın Rusiyaya dəstəyi ondan ibarətdir ki, cənub istiqamətində Rusiyanın yüklərinin daşınmasında ölkəmiz önəmli rol oynayır. Rusiya-Ukrayna müharibəsindən sonra məlumdur ki, Rusiya şirkətləri və Rusiya məhsullarına Avropa bazarlarında sanksiyalar tətbiq olunur. Rusiyanın Avropaya çıxışı tam məhdudlaşıb. Rusiya xüsusilə Şimal və Cənub istiqamətlərində Azərbaycanın logistik imkanlarından çox geniş yararlanır. Hesab edirəm ki, Azərbaycanın atacağı addımlar heç də Rusiyanın atacağı addımlardan az deyil".
Millət vəkilinin fikrincə Rusiya bazarlarına Azərbaycanın çıxışına imkan verilməməsini Azərbaycan iqtisadiyyatı üçün hər hansı itki hesab etmək düzgün deyil:
"Əgər Rusiya belə fikirləşirsə bu fikirlərində yanılırlar. Azərbaycan artıq dünyanın əksər ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir. Bu Azərbaycanı orta dəhliz üzərində əsas seqmentlərdən birinə çevirir. Ölkəmizin həm Qərbə, həm də Şərqə çıxış imkanları mövcuddur. Maliyyə və siyasi baxımdan nüfuzlu ölkələrlə ticarət əlaqələrimiz daha da genişlənir. Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi daha yüksək templə inkişafı düzgün siyasətin nəticəsidir. Ölkəmiz ticarət əlaqəsi qurduğu ölkələrlə etibarlı şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığın ölkəmiz tərəfindən yüksək qorunmasının nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın etibarlı tərəfdaş olması dövlətimizin siyasi nüfuzu ilə yanaşı iqtisadi əlaqələrinin daha da genişlənməsini səciyyələndirir".
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ