Onlayn ictimai-siyasi qəzet
Kapitulyant Ermənistan hələ də “fal oxları”na, möcüzəyə inam və ümidlə ora-bura vurnuxur. Özünün iki ən yaxın, ən etibarlı və vazkeçilməz qonşusu – Azərbaycan və Türkiyə ilə təcili dil tapıb dinc-yanaşı yaşamaq əvəzinə, İrəvan hökuməti zavallı xalqın xoşbəxtliyini yenə onunla həmsərhəd olmayan kənar dövlətlərdə, min kilometrlərlə uzaqlarda axtarır.
“Miatsum” avantürasından yoğurulan belə 30 illik axmaq siyasətin gətirdiyi sonuclar əyani şəkildə ortada: 44 günlük müharibədəki rüsvayçı məğlubiyyət, “Dəmir qapaz”, güclənən blokada, rəzil və “tullantı ölkə” durumu...
Əfsus ki, özündən əvvəlki xunta rejimini bəyənməyən “mötədil” Nikol Paşinyan hakimiyyəti də üç ildir faktiki sələflərinin səhvlərini təkrarlamaqla məşğuldur. Çünki Rusiyanın əlini buraxmaqla Qərbdən yapışmaq arasında mahiyyətcə fərq yoxdur. Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir.
Ermənistan üçün ən təhlükəsi isə “məxməri” hökumətin eyni vaxtda həm Qərbin, həm də Rusiyanın vassalı kimi özünü imitasiya eləməsidir. Halbuki coğrafiya və regional şərtlər bu ölkəyə Azərbaycan kimi bloklara qoşulmamaq statusunu diktə edir.
Yəni Ermənistan əslində bizim tərəfdaşımıza, hətta müttəfiqimizə çevrilə bilər. İrəvan öz təhlükəsizliyi üçün əsas qarantiyanı Bakı və Ankaradan alarsa, bundan hamıdan çox elə onun özü fayda götürər, udar...
Erməni xalqı üçün hansısa başqa sərfəli variant yoxdur, olmayacaq. Qonşu ölkədə iqtidarlar dəyişsə də, bu gerçək dəyişməyəcək. Bunu hesablamaq üçün geosiyasət eksperti olmağa lüzum yox, bir azca burnundan uzağı görmək yetər. Boşuna vaxt itirib dağa-daşa çıxmasınlar.
Bundan ötrü nə qədər gec deyil və nə qədər çətin olsa belə, erməni rəsmiləri və ziyalıları ölkədə, toplumda, erməni məktəblərində və mediasında türkofobiyanı dayandırmaq, “Türksüz Ermənistan” irqçi şüarı çığıran revanşist-radikal ünsürləri cəmiyyətdən təcrid və ifşa etmək üçün hərəkətə keçməlidirlər. Axı sənin potensial xilaskarın olan böyük, qədim və xeyirxah bir millətə necə kin, nifrət bəsləyə bilərsən?..
Ancaq görün oradan hansı çatlaq səslər eşidirik.
“Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar aparılmır, bu məsələnin “xaç atası” Türkiyədir”.
Sitat Ermənistanın revanşist müxalif siyasətçisi, Xocalı canisi Serj Sərkisyanın sadiq silahdaşı, yunan əslili Eduard Şarmazanova məxsusdur.
“Rusiya bölgədən gedə bilər. Onda biz dərhal Türkiyənin kiçik qardaşı olacağıq. Burda Rusiyanın neytrallaşdırılması baxımından Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin məqsədi artan Rusiya-Qərb münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövcudluğunu zəiflətməkdir. Ermənistandakı antirusiya əhval-ruhiyyəsinin səbəbi də budur”, - Şarmazanov bildirib...
Əvvələn, minnətiniz olsun ki, Ermənistan Türkiyənin “kiçik qardaşı” olacaq. Hələ gör sizin kimi ksenofob-faşistləri, xəstə təfəkkürlü və qəlbi pas bağlamışları, təkəbbürü yerə-göyə sığmayanları ümumiyyətlə qardaşlığa götürürlərmi?
İkincisi, Rusiyanın quberniyasına, maşasına çevrilib nə əldə elədiniz ki? İvanın felinə uyub da Türkə düşmən kəsilməklə xeyrə çatdınızmı? Heç olmasa, normal dövlət qura, erməni xalqını ağ günə çıxara bildinizmi?
Cavablar bəlli. Qərbin sayəsində də dinclik, səadət tapmayacaqsınız. Ona görə ki, “Sem dayı”ya da Kreml kimi müstəqil, əhalisi rifah içində olan Ermənistan yox, asılı, oyuncaq, proksi ölkə lazımdır. Suverenliyini qoruyub saxlaya bilməyən bir ölkə, onun xalqı isə dünyada hörmət-izzət yiyəsi ola, sayıla-seçilə bilməz!
Ondansa, yəni rusun-musun nökəri olmaqdansa, böyük Türkün kiçik qardaşı olmaq caiz və şərəfli deyilmi?! Olmazmı...
Siyasət şöbəsi,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ