Onlayn ictimai-siyasi qəzet
Moskvada Gevorq Minasyan və Anjela Simonyanın “Hakan Fidan: Türkiyənin mümkün gələcək prezidentinin portret ştrixləri” kitabı nəşr olunub. Kitabın təqdimatı Moskvanın əsas kitab evi olan “Biblio-Qlobus”da hələ ötən ay baş tutub.
Musavat.com yekramas.org-a istinadən xəbər verir ki, Türkiyə mediası öz məqalələrində Moskvada belə bir kitabın nəşrinin səbəbləri ilə bağlı bir sıra versiyalar irəli sürüb. Rusiya ermənilərinin saytı yazır ki, bu versiyalara əsasən belə ümumiləşdirmək mümkündür: “Rusiyadakı erməni lobbisinin nümayəndələri Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə çalışırlar”, “erməni lobbisi Rusiyada türkologiyaya nəzarəti ələ keçirməyə çalışır”, “Ermənilər prezident Ərdoğanla Rusiya arasında nifaq salmaq istəyirlər” və s.
Sayt belə materiallardan birini – “Media Günlüyü”nün 21 may tarixli sayında “Hakan Fidanın kitabının sırrı” məqaləsi üzərində dayanıb.
Məqalədə bildirilir ki, kitabın müəllifləri Ermənistan kəşfiyyatının istefada olan polkovniki Gevorq Minasyanla türkoloq Anjela Simonyanın kitabı bir çox suallar doğurub. Ən böyük sürpriz isə iki erməni əsilli müəllifin qələmə aldığı kitabın Moskvada və rus dilində nəşri olub.
““Media Günlüyü”nə danışan tanınmış politoloq, Türkiyə-Rusiya İctimai Forumunun baş katibi Sergey Markov da təsdiq edib ki, Rusiyadakı erməni lobbisinin bəzi nümayəndələri Türkiyə ilə münasibətlərinə xələl gətirməyə çalışırlar. “Bu kitabın Moskvada təqdimatı da erməni lobbisinin dəstəyi ilə təşkil olunub. Kitabın müəlliflərindən biri türkoloqdur. Görünür, erməni lobbisi Rusiyada türkologiya sahəsini nəzarətə götürməyə çalışır. Bu yolla Rusiya-Türkiyə münasibətlərinə təsir göstərməyə çalışır. Fikrimcə, bu kitaba da kontekstdə baxmaq lazımdır” deyə, Markov bildirib.
Azərbaycanlı tarixçi, Qafqaz üzrə ekspert Rizvan Hüseynov isə Türkiyə nəşrinə bunları deyib: “Ola bilsin ki, ermənilər bu kitabı yazmaqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla xarici işlər naziri Fidan arasında nifaq salmağa çalışırdılar. Fidan uğurlu siyasətçidir, parlaq perspektivləri var. Bu, Ərdoğanın xoşuna gəlməyə bilər və onlar arasında gərginlik yarana bilər”.
Qafqaz və Yaxın Şərq üzrə mütəxəssis Ruslan Süleymanov isə senasion iddia irəli sürüb: “Kitab Rusiyada nəşr olunub. Ola bilsin ki, Moskva Fidanın Ərdoğanın varisi olmasında maraqlıdır”.
Adının açıqlanmasını istəməyən rusiyalı ekspertlərdən biri isə nəşrə deyib: “Kitabın nəşrini və təqdimatını həyata keçirən “Dialoq” kitab seriyasının yaradıcısı Yuri Navoyan Rusiyadakı erməni lobbisinin əsas simalarından biridir. Fidanla bağlı kitabı Rusiya-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdinin bir hissəsi kimi qiymətləndirmək olar".
Onun sözlərinə görə, erməni lobbisi Rusiya ictimai rəyinə “Türkiyə Turan dünyası yaratmağa çalışır” fikrini yerləşdirməyə çalışır. “Bu kitabın köməyi ilə Moskvaya siqnal göndərilə bilər: Fidan Türkiyənin yeni lideri olacaq, daha sonra Cənubi Qafqaz və Mərkəzi Asiyada Böyük Turan layihəsini davam etdirəcək”, - o əlavə edib.
Kitabın təqdimatında iştirak edən rusiyalı ekspert Andrey Areşev dzen.ru saytında kitabda yer alan əsas mesajı belə qiymətləndirib: “Avropa İttifaqının Moskvaya qarşı artan düşmənçiliyi fonunda son aylarda Türkiyə ilə Avropa arasında təmaslar intensivləşib. Türkiyənin artan populyarlığı London üçün ağrılı geopolitik nəticələr verə bilər”.
Tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko da bu yaxınlarda öz Telegram kanalında erməni lobbisinin “Böyük Turanın dirçəliş təhlükəsini şişirtdiyini və Rusiya mediasında Türkiyəni iblisləşdirmək məqsədilə genişmiqyaslı kampaniyalar apardığını” yazıb və əlavə edib ki, bu məqsədlər üçün sosial media hesablarının yaradılmasına milyonlarla dollar xərclənir.
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ