İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycana qarşı köhnə taktikanı işə salır - ŞOK DETALLAR

Kreml erməni revanşizmini yenidən alovlandırmaqla növbəti hərbi qarşıdurmaya zəmin hazırlayır, yoxsa...

Son vaxtlar Rusiyada erməni revanşizminin alovlandırılması tendensiyası müşahidə olunur. “İzvestiya” qəzetinin Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla müsahibəsində səsləndirdiyi fikirlər buna sübutdur. Müsahibədə Rusiyanın 90-cı illərdə ermənilərə hərbi dəstəyi vurğulanır, “İzvestiya” əməkdaşının bir neçə dəfə Qarabağı “artsax” adlandırması, sabiq nazirin faktiki olaraq Azərbaycana yenə qarşı dirəniş göstərməyəcəyi təqdirdə Rusiyanın dəstəyini ala bilməyəcəyini etiraf etməsi təsadüfi deyil. “Yeni Müsavat” qeyd edir ki, son çıxışlarında eyni tezisləri Rusiyanın “1 nömrəli agenti” olan keçmiş prezident Robert Köçəryanın da səsləndirməsi diqqət çəkib. 

Ümumiyyətlə, tarixən Azərbaycana qarşı erməni iddialarının arxasında həmişə Rusiya dayanıb. Ermənilərin bu ərazilərə köçürülməsi, Rusiyanın faktiki olaraq özünün proksisi kimi Ermənistanı yaratması, 20-ci əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı, 50-ci illərdə deportasiya, 80-ci illərin sonunda ərazi iddiaları və ərazilərin işğalının ssenariləri məhz Moskvada yazılıb. Təəssüf ki, bu gün Rusiya yenə köhnə metodlardan istifadə etməklə Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir.

Ermənistanın siyasi spektrində rusiyayönümlü revanşistlərin fəallaşması fonunda Moskvanın rəsmi addımları bu prosesi açıq şəkildə stimullaşdırır. Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı səsləndirdiyi bəzi fikirlər bu istiqamətdə əhəmiyyətli siqnallardır. Lavrovun Azərbaycanın işğal olunmuş ərazilərinin məhz Rusiya silahları sayəsində tutulduğunu etiraf etməsi, uzun illər gizlədilən reallığın nəhayət Kremlin öz dilindən təsdiqi kimi qiymətləndirilə bilər. Bu bəyanat, Rusiya Federasiyasının postsovet məkanındakı münaqişələrə necə bir mövqedən yanaşdığını göstərən açıq etirafdır: Moskva, sülhə deyil, nəzarətə və asılılığa üstünlük verir.

Ümumiyyətlə, Ukrayna cəbhəsində uğursuzluğa düçar olan Kreml, öz təsir dairəsini Cənubi Qafqazda möhkəmləndirmək üçün Ermənistandakı revanşist dairələri fəallaşdırmağa başlayıb. Bu strategiyanın açıq məqsədi - Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq, regionda yeni gərginlik yaratmaq və hərbi qarşıdurmanı yenidən gündəmə gətirməkdir. Ermənistan cəmiyyətində militarist ritorikanın artması, Rusiyanın dəstəklədiyi siyasi qüvvələrin yenidən səhnəyə çıxarılması bu planın tərkib hissələridir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

“Yeni Müsavat”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son baş verənləri seçkilərə hazırlıqla əlaqələndirir. Diplomatın sözlərinə görə, Rusiya qəribə şəkildə bu seçkilərə hazırlaşır: “Axı hamıya məlumdur ki, Köçəryan və digər qüvvələrin siyasətə qayıdışı mümkün deyil. Ancaq bu prosesdə Lavrov da iştirak edir. Sadəcə, erməni cəmiyyəti həmin ruspərəstlərin siyasətə qayıdışına həvəsli deyil”.

Politoloq hesab edir ki, digər tərəfdən isə Paşinyanın reytinqi aşağı düşməkdədir: “Əslində o da Rusiyanın istəklərini nəzərə alır. Yəni qərbpərəst siyasətin imitasiyası ilə məşğuldur. Nə KTMT-dən çıxır, nə sərhədçiləri çıxarır. Belə desək, qıcıqlandırıcı çıxışlar olur, amma addımlar Rusiya əleyhinə deyil”.

T.Zülfüqarovun fikrincə, bəli, Moskva yenə köhnə üsullardan istifadə edir, amma reallıqda Qarabağda nəyisə dəyişə bilməz: “Artıq Paşinyan da status mövzusunu bağlayıb. Ona görə hazırda seçkilərə görə oyun gedir. Ancaq güman etmirəm ki, Moskva İrəvanda böyük siyasi dəyişikliklərə hazırlaşır. Hələ ki Ermənistan iqtidarı Rusiyaya sərf edir. Bu oyunda Rusiya Ermənistana həm özünün, həm Qərbin dəstəyini qazanmaq üçün şərait yaradır. Düşünmürəm ki, Kremlin gələn il seçkilərində Paşinyanı dəyişmək planı var. Doğrudur, əvvəl Vardanyan layihəsi var idi. İndi model fərqlidir. Çünki Köçəryan və Sərkisyan parlament seçkilərində qalib gələ bilməz. Üçüncü qüvvəni də buraxmağa risk etmirlər ki, növbəti qərbpərəst meydana çıxa bilər. İndi Paşinyan daha sərfəlidir, parada gedir, Moskvanın sözündən çıxmır...”

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimov isə hesab edir ki, Lavrovun səfəri ərəfəsində Köçəryan Rusiya, İran və Türkiyə ilə əlaqələri inkişaf etdirmək xətlərini önə çəkdi: “Bu, Lavrovun mayın 21-də İrəvanda verdiyi bəyanatlarla oxşardır. Lavrovun "Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir" deməsi Köçəryanın müsahibə üçün səsləndirdiyi tezisin Kreml tərəfindən hazırlandığını göstərir. Lavrov Paşinyan administrasiyasına onu çatdırır ki, Ermənistanın mövqeyi Azərbaycan, Rusiya və Türkiyə ilə əməkdaşlıq perspektivinə əsaslanmalıdır. Bakı ilə Moskva Paşinyanın əvəzlənməsi prosesində fərqli mövqedədirlər. Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə sadəcə olaraq, müəyyən manevr imkanı deməkdir. Bu baxımdan Azərbaycan Paşinyan hakimiyyətinə öz strategiyasının reallaşması perspektivindən yanaşaraq uzunmüddətli yanaşma ortaya qoyur. Ermənistanda rusiyayönümlü siyasi qüvvələrin Paşinyana qarşı müqavimət gücü zəifdir. Hərçənd yenidən təşkilatlanma Moskvanın nəzərindən qaçmır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR