İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sektorları ilə bağlı İLGİNC ADDIM - DETALLAR

Bəzi valideynlər bildirirlər ki, rus sektorunda tarix fənnindən başqa coğrafiya və ədəbiyyatın da Azərbaycan dilində tədris olunacağı gözlənilir - ekspertlərin şərhi

Məlum olduğu kimi, paytaxt məktəblərinin birinin rus sektorunda təhsil alan 5-ci sinif şagirdinin valideynləri Azərbaycan tarixi fənninin rus dilində deyil, Azərbaycan dilində tədris olunmasına etiraz edərək Elm və Təhsil Nazirliyini məhkəməyə veriblər.

Calibir.az-ın yaydığı məlumata görə, valideynlər rus bölməsində təhsil alan məktəblilərin Azərbaycan dilində kompleks şəkildə təqdim olunan materialı tam mənimsəyə bilmədiklərini əsas gətirərək, Azərbaycan tarixinin rus dilində tədris olunmasını tələb edirlər. Onların fikrincə, 5-ci sinif üçün rus dilində hazırlanmış “Azərbaycan tarixi” dərsliyi uşaqlar üçün daha başa düşülən və öyrənilməsi asandır. Valideynlərin vəkili məhkəmədə çıxış edərək bildirib ki, mövcud vəziyyət məktəblilərin və onların valideynlərinin konstitusiya hüquqlarını pozur.

Məhkəmədə Elm və Təhsil Nazirliyinin nümayəndəsi çıxış edərək, Azərbaycan tarixi fənninin dövlət dili olan Azərbaycan dilində tədris olunmasının qanunvericilikdə müəyyən edilmiş normalara uyğun həyata keçirildiyini vurğulayıb. Nazirlik təmsilçisi əlavə edib ki, bu yanaşma ölkədə təhsil standartlarının bir hissəsidir və dövlət dilinin qorunması ilə əlaqədardır. Hər iki tərəfi dinləyən məhkəmə iddianı qəbul edərək məsələnin müzakirəsi üçün növbəti məhkəmə iclasını 14 fevral tarixində keçirəcəyini elan edib. Bu məsələ ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Əksəriyyət təhsil ekspertləri, valideynlər və ictimaiyyət nümayəndələri məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər.

Bəzi təhsil ekspertlərinin fikrincə, Azərbaycan tarixi kimi mühüm bir fənnin dövlət dilində tədris olunması zəruridir, çünki bu, şagirdlərin yalnız tarixi bilikləri deyil, həm də dövlət dilini mənimsəmələri üçün vacibdir. Ekspertlər hesab edirlər ki, dövlət dilində tədris edilən fənlər yalnız dil biliklərini inkişaf etdirməklə qalmır, həm də milli kimliyin formalaşmasına töhfə verir.

Digər tərəfdən, bəzi valideynlər rus bölməsində təhsil alan şagirdlərin dil baryeri səbəbindən mövzuya tam hakim ola bilmədiyini və bunun onların təhsil keyfiyyətinə mənfi təsir etdiyini iddia edirlər. Onların fikrincə, Azərbaycan tarixi rus dilində tədris olunarsa, şagirdlər öz vətənlərinin tarixini daha dərindən və asanlıqla öyrənə bilərlər.

Sosial şəbəkələrdə də məsələ ilə bağlı geniş müzakirələr gedir. Bəziləri hesab edir ki, bu tələb dövlət dilinə qarşı hörmətsizlik kimi qəbul edilə bilər, digərləri isə valideynlərin hüquqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayır.

Bu müzakirələrin qızışdığı bir vaxtda daha bir iddia ortaya atılıb. Bəzi valideynlər bildirirlər ki, yaxın gələcəkdə rus sektorunda tarix fənnindən başqa  coğrafiya və ədəbiyyatın da Azərbaycan dilində tədris olunacağı barədə qərar verilə bilər.

Bəs bu iddia nə dərəcədə özünü doğrudur?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Tədris ili may ayının sonunda yekunlaşmalıdır” – Kamran Əsədov

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, rus bölməsində  tarix fənninin Azərbaycan dilində tədrisinin ardınca coğrafiya və Azərbaycan ədəbiyyatı fənlərinin də dövlət dilində keçirilməsi növbəti yanlış addım olar: “Bu cür dəyişikliklərin tətbiqi cəmiyyətdə dil siyasəti, təhsil keyfiyyəti baxımından problemlər yaradacaq. Həm qanunvericilik, həm də dünya təcrübəsi kontekstində bu addım təhsilalma hüququnun pozulmasıdır. Azərbaycanda təhsil qanunvericiliyi dövlət dilinin qorunması və təbliğini nəzərdə tutur. "Təhsil haqqında" Qanunun 7-ci maddəsində qeyd edilir ki, dövlət dilində təhsil əsasdır, lakin ölkədə yaşayan digər millətlərin və xalqların dillərində də təhsil təmin edilə bilər. Bu maddə rus bölməsinin mövcudluğunu qanuni əsaslarla qoruyur, lakin dövlət dilində müəyyən fənlərin tədrisi məsələsi də qanun çərçivəsində mümkün ola bilər. Hazırda Azərbaycan tarixi fənni rus bölməsində Azərbaycan dilində tədris olunur, bu da dövlət dilinin gücləndirilməsi siyasətinin bir hissəsi kimi dəyərləndirilir".

Ekspertin fikrincə, bu təşəbbüsün tətbiqi müəyyən müsbət nəticələr və çətinliklər yarada bilər: “Bir tərəfdən, bu addım dövlət dilinin inkişafına və milli-mədəni dəyərlərin təbliğinə xidmət edir. Coğrafiya və  ədəbiyyatın Azərbaycan dilində tədrisi şagirdlərin dövlət dilində daha yüksək səviyyədə savadlanmasına kömək edə bilər. Statistik göstəricilər göstərir ki, rus bölməsində təhsil alan bir çox şagird Azərbaycan dilində kifayət qədər sərbəst danışa bilmir. Bu isə onların dövlət idarəçiliyində, ictimai həyatda və əmək bazarında inteqrasiyasına mənfi təsir göstərir. Belə dəyişikliklər onların dil bacarıqlarını artırmaqla bu problemlərin həllinə töhfə verə bilər.

Digər tərəfdən, bu yanaşma valideynlər və şagirdlər arasında narahatlıq yarada bilər. Valideynlər çox vaxt övladlarının rus dilində tam təhsil almasını istəyir və əlavə dil baryerinin təhsildə çətinliklərə səbəb olacağını düşünür. Əgər şagirdlər Azərbaycan dilində kifayət qədər hazırlıqlı deyilsə, bu, onların həm dərs nəticələrinə, həm də fənlərə marağına mənfi təsir göstərə bilər. Dünya təcrübəsinə baxdıqda, belə bir dəyişiklik mütləq mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, Qazaxıstanda rus bölmələrində müəyyən fənlərin qazax dilində tədrisi tətbiq olunur, lakin bu proses illərlə davam edən hazırlıq işlərindən sonra həyata keçirilir. Şagirdlərin və müəllimlərin adaptasiyası üçün xüsusi təlimlər təşkil edilir və yeni tədris materialları hazırlanır.

Azərbaycanın rus bölmələrində coğrafiya və Azərbaycan ədəbiyyatının Azərbaycan dilində tədrisi müasir dil siyasətinin və təhsil siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin bu, kompleks yanaşma tələb edir. İlk növbədə, şagirdlərin dil bacarıqlarını artırmaq üçün əlavə hazırlıq proqramları həyata keçirilməli və dərs materialları müvafiq şəkildə hazırlanmalıdır. Eyni zamanda müəllimlər üçün dil tədrisi üzrə ixtisasartırma kursları təşkil olunmalıdır. Statistik göstəricilərə əsasən, rus bölməsində dərs deyən müəllimlərin 30%-ə qədəri Azərbaycan dilində dərs keçmək üçün kifayət qədər hazırlıqlı deyil. Bu isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bütün bu amillər nəzərə alındıqda, bu təşəbbüsün tətbiqi yalnız rəsmi qurumların qərarları ilə deyil, həm də cəmiyyətin və təhsil işçilərinin iştirakı ilə müzakirə olunmalı və mərhələli şəkildə həyata keçirilməlidir. Əks halda, bu siyasət gözlənilən nəticələri vermək əvəzinə, əlavə problemlər və narazılıqlar doğura bilər. Azərbaycanda təhsilin milli-mədəni dəyərlərə uyğun inkişafı ilə yanaşı, hər bir şagirdin hüquq və ehtiyaclarına uyğun şəraitin yaradılması vacibdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR