İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus bölməsində tarix müəllimi qıtlığı və işsiz müəllimlər...

Ekspertlər qeyd edir ki, rusdilli  məktəblərdə  “Azərbaycan tarixi” fənninin tədrisi yaxşı qərardır, amma əvvəlcə kadr məsələsi həll olunmalı idi

Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində Azərbaycan tarixi fənnini bundan sonra dövlət dilində tədris olunacağı barədə qərar verilsə də, pilot layihə ilə proseslə bağlı problemlər ortaya çıxıb.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən 2022-2023-cü tədris ilində ölkənin hələ ki 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində  Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək. Cari ildə 20 məktəbdə pilotun nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək.

Amma problem ondadır ki, rusdilli  məktəblərin çoxunda “Azərbaycan tarixi” fənnini ana dilimizdə tədris edən müəllimlər yoxdur. Ekspertlər qeyd edir ki, bu yaxşı qərardır, amma əvvəlcə kadr məsələsi həll olunmalı, sonra qərar verilməli idi. Maraqlıdır ki, bu “qıtlığın” fonunda Azərbaycanda işsizlikdən əziyyət çəkənlərin çoxu da elə müəllimlərdir. Məlumatlara görə, işsiz müəllimlərin sayı 60 min civarındadır.

Bəzi ekspertlərə görə, həmin fənni rus dilində tədris edən müəllimlər Azərbaycan dilində o fənni “yola verəcək”, şagirdlər Azərbaycan tarixini nə Azərbaycan dilində öyrənə biləcəklər, nə də rus dilində. Hətta yeni qərarı kadr potensialı araşdırılmamış, şagird düşüncəsi təhlil edilməmiş verilmiş “səriştəsiz və yanlış” kimi qiymətləndirənlər də var. Aydındır ki, bu bir pilot layihəsidir və hələ ki 20 məktəbdə reallaşdırılmasına çalışır. Amma istənilən halda hazırda iki problemin üzə çıxdığı ortadadır. Kadr qıtlığı və şagirdlərin mənimsəməsi məsələsi...

Rus bölməsində Azərbaycan tarixinin dövlət dilində tədrisinin üstünlükləri nədir və problemlər hansılardır?

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Şagirdlərin bölmələr üzrə təhsilalma saylarına baxsaq görərik ki, 1.4 milyon şagird Azərbaycan bölməsində təhsil alır. Rus bölməsində təhsil alan şagirdlərin sayı isə 135 minə yaxındır. Gürcü dilində 1110 nəfər təhsil alır. Eyni zamanda ingilis dili üzrə 5 min nəfərdən çox, fransız dili üzrə 130, türk bölməsi üzrə 300 nəfər şagirdimiz təhsil alır. Bu yaxşı bir rəqəmdir. Azərbaycan Respublikasının Konstitusiyasında və təhsil haqqında qanunda qeyd olunur ki, hər bir şəxs öz ana dilində, eyni zamanda istədiyi dildə təhsil almaq hüququna malikdir. Azərbaycanda bu birmənalı şəkildə təmin olunur. Eyni zamanda biz sıxlığa baxanda görürük ki, əslində ən ciddi sıxlıq türk bölməsi üzrədir. Bu gün məktəblərin türk bölmələrində bir sinifdə şagird sayı ortalama 28-dir. Amma bizə elə gəlir ki, rus bölməsi üzrə şagird sıxlığı çoxdur. Bu belə deyil. Rus bölməsi üzrə şagird sıxlığı ortalama 24 nəfərdir. Digərlərindən fərqli olaraq Azərbaycan bölməsi üzrə hər sinfə 18 nəfər uşaq düşür. Ali məktəblərə uşaqların qəbulunun nəticələrində görürük ki, rus bölməsinin abituriyentləri dövlət dilindən o qədər də yaxşı imtahan vermirlər. Ona görə də nazir Emin Əmrullayevin bu qərarını mən normal qəbul edirəm. Çünki Azərbaycan ərazisində yaşayan hər bir vətəndaş Azərbaycan dilini mükəmməl bilməli, danışmalı, dinləməli, anlamalı, özünü ifadə etməyi bacarmalıdır. Eyni zamanda Azərbaycan tarixi ilə bağlı müfəssəl biliklərə malik olmalıdır. Dünyanın bütün ölkələrində belədir, hər bir xalq öz dilini və tarixini öz dilində çatdırmağa çalışır. Rus bölməsində təhsil alanlara həftədə iki dəfə Azərbaycan dili keçirilirdi, indi onun sayı 3-ə qaldırılıb. Çünki məhz orta məktəbləri bitirən şagirdlər ali məktəblərə qəbul olmaqdan ötrü Azərbaycan dilindən imtahan verirdilər. Amma çox təəssüf ki, qəbul imtahanından yüksək bal toplasalar belə, onlar Azərbaycan dili imtahanından çox zəif nəticə toplayırdılar. Bu yaxşı hal deyil. Ona görə də Azərbaycan tarixinin ana dilində tədris edilməsi çox yaxşıdır. Çünki ədəbiyyat, tarix, Azərbaycan dili kimi fənlər bir az emosional fənlərdir. Onları öz ana dilində daha yaxşı çatdırıla bilirlər. Fikrimcə, bu, milli vətənpərvərlik, milli düşüncə baxımından müsbət nəticəsini göstərəcək. Düzdür, Azərbaycanda kifayət qədər rus bölməsində təhsil alan vətəndaşlar var ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olublar, canlarından keçiblər. Azərbaycan tolerant ölkədir. Hesab edirəm ki, bir sıra dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə edərək spesifik ixtisasların, fənlərin Azərbaycan dilində tədris edilməsini ancaq müsbət qiymətləndirə bilərik. Düzdür, hazırda bununla bağlı vəsait çatışmazlığı var. Əslində "Russkiy yazık" və “Literatura” fənni istisna olmaqla, digər dərsliklərin orijinalı Azərbaycan dilindədir. Yəni dərsliklər əsas variant olan Azərbaycan dilindən rus dilinə tərcümə olunub".

mavina.jpg (73 KB)

Malvina Amirova 

AG Partiya Xanımlar təşkilatının sədri Malvina Amirova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Fikrimcə, Azərbaycan tarixi fənninin məhz Azərbaycan dilində keçirilməsi daha məqsədəuyğundur. Bununla da şagirdlər Azərbaycan tarixini Azərbaycan dilində daha yaxşı dərk edəcəklər. Təbii ki, dərsin necə tədris olunmasından və müəllimin bu dərsi təqdim etməsindən də çox şey asılıdır. Müəllim Azərbaycan tarixini elə yüksək səviyyədə keçməlidir ki, şagird dərk edə, anlaya, mühakimə edə bilsin və ən əsası da maraqlı olmalıdır,  bu, çox önəmlidir. Ümumiyyətlə, mən düşünürəm ki,  Azərbaycanda yaşayan hər bir vətəndaş istər rus bölməsi, istərsə də Azərbaycan bölməsi üzrə olsun, Azərbaycan tarixini bilməlidir, buna  önəm verməlidir. Dövlət də buna xüsusi önəm verməlidir. Azərbaycan tarixi dərslərinin saatı artırılmalıdır. Mən özüm rus bölməsi üzrə təhsil almışam, buna baxmayaraq, Azərbaycan tarixi mənim üçün çox və önəmlidir, övladlarımın da Azərbaycan tarixini yaxşı mənimsəməsi üçün əlimdən gələni edirəm. Şagirdlərə tariximizi dərindən öyrənmələri üçün çox diqqət ayrılmalıdır. Çünki bu gün Azərbaycan tarixini öyrənməyən, bilməyən şagird sabah bir çox problemlərlə üzləşə bilər”.

Övladları rus bölməsində təhsil alan valideyn Afət Əliyeva isə məsələ ilə bağlı narahatlığını ifadə edib: “Əlbəttə, baxmayaraq ki, övladlarım rus bölməsində oxuyurlar, onların Azərbaycan dilini, tarixini mükəmməl bilməsini istəyirəm. Bu qərar da müsbət olardı, bir şərtlə ki, uşaqlar bunu düzgün qavrasınlar. Nəzərə alınmalıdır ki, uşaqlar digər fənləri rus dilində öyrənirlər. Ancaq tarix dərsini ana dilində öyrənmək rus dili bölməsində təhsil alan şagirdlər üçün çətin olacaq. Onlar fənni yaxşı dərk etməyəcəklər. Bu fənni tədris edən müəllimin özü həm Azərbaycan, həm də rus dilində mükəmməl bilməlidir ki, uşaqlar anlamayanda izah etsin. Amma təcrübə göstərir ki, rus bölməsi üzrə dərs deyən müəllimlərin  əksəriyyəti Azərbaycan dilini yaxşı bilmirlər, ya da orta səviyyədə bilirlər”.

Təhsilə yeni baxış - Şahlar Əsgərovun məqaləsi

Şahlar Əsgərov

Professor Şahlar Əsgərov isə mediaya açıqlamasında deyib ki, rus dili bölmələrində Azərbaycan tarixinin ana dilində tədrisi elə ciddi bir problem deyil. Amma bu məsələdə bir qədər dolaşıqlıq var: "Çox yaxşı olardı ki, Azərbaycan tarixi ana dilində tədris olunursa, bu bir sinifdə tətbiq olunmasın. Şagirdlər V sinifdə tarixi ana dilində, yuxarı siniflərdə isə rus dilində öyrənməli olacaqlar. Bu da bir az qarışıqlıq yaradır. Ya bu axıra qədər ana dilində tədirs olunmalıdır, yaxud da rus dilində. Qərar veriləndə bu məqam da nəzərə alınmalı idi".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR