Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının lideri Rəsul Quliyev Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini şərh edib.
Musavat.com-a özəl açıqlamasında Rəsul Quliyev sülhməramlıların nəzərdə tutulmuş tarixdən öncə yola düşməsini tarixi hadisə kimi dəyərləndirib:
“Rusiya silahlı qüvvələrinin “sülhməramlı misiyasının” nəzərdə tutulmuş 5 illik müddətdən (yəni 2025-ci il əvəzinə) daha tez bir zamanda Azərbaycanı tərk etməsi Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin zirvəsidir. Bu həm də xalqımızın, dövlətimizin və hər bir azərbaycanlının uğurudur.
Doğrudur Rusiya “sülhməramlılarının” Xankəndi azad edildikdən sonra o ərazilərdə saxlanılması absurd olardı. Və ya 5-10 zirehli maşının və 1000-ə yaxın əsgərinin Ukraynada “daha vacib olması” nəzəriyyəsi də düz deyildir. Çünki bu kiçik miqdarlı silahlı qüvvənin Ukraynada heç bir əhəmiyyəti yoxdur. Orada hər gün Azərbaycandan çıxarılmış əsgər qədər adam öldürülür. Ukrayna üçün Ermənistandakı Rus silahlı qüvvələri daha çox yarayardı.
Bu günlər - yəni rus qoşunlarının Azərbaycandan çıxarılması bizim bir dövlət olaraq tarixi salnaməmizə yazılacaqdır. Azərbaycan torpaqlarına 1812-1813-cü və 1828-1829-cu illərdə yerləşdirilmiş Rus silahlı qüvvələri 190 ildən sonra, çox qısa bir zamanda (məsələn maksimum 6 ay müddətində) yenidən Azərbaycana qayıdacaqlar əminliyi ilə ölkəni tərk etdilər. Ona görə də belə asanlıqla Azərbaycanı tərk edəcəklərinə bir çoxları o cümlədən də mən inanmırdım. Ona görə bu hadisə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Heç şübhəsiz ki, yuxarıda qeyd etdiyim kimi tariximizə qızıl hərflərlə yazılmaqda olan bu günü - tarixə həkk etdirmiş Prezident İlham Əliyevin adı da eynən…
Sonuncu Rus əsgərinin Azərbaycanı tərk edəcəyi gününün elan edilməsini səbirsizliklə gözləyirik. Uğur olsun!"
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ