İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçılar ABŞ dövlət borcu tavanını kəskin artırmaq istəyirlər

Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı nümayəndələri yazda dövlət borcunun tavanının artırılmasına nail olmaq niyyətindədirlər.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luizianadan olan respublikaçı) çıxış edib.

Conson bu qərarı dünya bazarlarında çaxnaşmalara yol verməmək istəyi ilə izah edib: “Hər kəs yadda saxlamalıdır ki, biz Respublikaçılar dövlət xərclərini azaltmaq istəyən bir komandayıq və biz bunu kökündən edəcəyik, DOGE (Hökumət Effektivliyi Departamenti – red.) bu istiqamətdə səylər göstərəcək. Lakin biz qiymətli kağızlar bazarlarını və qlobal iqtisadiyyatı qorxutmamaq dövlət borcunun tavanını kağız üzərində artırmalıyıq”.
Consonun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası öz xərclərində milli borcun tavanına çatmaq niyyətində deyil.

Dekabrın 21-də ABŞ-ın hazırkı prezidenti Co Bayden federal hökuməti maliyyələşdirməyi martın 14-dək davam etdirmək üçün Konqresin hər iki palatası tərəfindən əvvəllər təsdiqlənmiş qanun layihəsini imzalayıb. Tramp israr edib ki, sənəddə ölkənin borc tavanının ləğvi və ya əhəmiyyətli dərəcədə artırılması ilə bağlı müddəa olsun, lakin sonda qanun layihəsinin bu bəndi olmayan variantı qəbul edilib.
Noyabrın 15-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 36 trilyon dolları ötüb. ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə bu rəqəm 50 trilyon dolları (ÜDM-in 122 faizi) keçəcək. Agentlik 2029-cu ildən 2034-cü ilə qədər ÜDM-in orta illik artımını 1,8 faiz qiymətləndirir.

Qeyd edək ki, Baydenin hakimiyyəti dövründə Respublikaçılar bir neçə dəfə dövlət borcu tavanının artırılmasına imkan verməməklə hökumət böhranı yaradıblar. İndi Konqresdə hər iki palatadakı üstünlüklərindən istifadə edərək tavanın tamamilə ləğvi, yaxud daha yüksək səviyyədə tətbiqinə nail olmağa çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR