Onlayn ictimai-siyasi qəzet
Filmlərin çəkilməsi üçün keçirilən kastinqlərdən danışacağıq. Görəsən kastinq aktyora daha çox nə üçün lazımdır?
Musavat.com bildirir ki, moderator.az-a açıqlama verən əməkdar artist, Akademik Musiqili teatrın aparıcı aktrisası Nahidə Orucova müasir dövrdə təşkil olunan film kastinqlərindən narazılığını bildirib. Sənətçi deyir ki, o illərdə kastinqlər tamam başqa cür keçirilirdi:
"Mənim yadımdadır, əvvəlcə foto kastinqi olurdu. Obrazın kostyumlarını verirdilər, qrimini edirdilər. Deyirdilər ki, belə bax, belə fikirləş, belə dayan. Bax onu çəkirdilər. Sonra komissiya, kinoşünaslar yığılıb müzakirə edirdilər. Əgər fotosınaqdan keçdinsə video sınaq olurdu. Bir səhnəni əzbərləyirdin, tərəf müqabilinlə oynayırdın. Çox filmlər olub ki, həm foto, həm də video sınaqlardan keçmişəm, amma çəkilməmişəm. Həmin filmdə məni epizodik, kiçik rollara dəvət ediblər. Səbəbi mənə də qaranlıq qalıb. Mən orada baş rolda çəkilən sənətçidən heç də zəif olmamışam. Ona görə də film həyatım uğurlu olmayıb. İndi də kastinqlər keçirilir, amma mənə elə gəlir ki, sadəcə bir "quş qoymaq" üçün. Çünki necə ola bilər ki, yeni yazılan ssenarilərə mən düşə bilməyim? Nəyə görə? Bəzən də rejissorlar deyir ki, arıqlayıb, şarımını itirmisən, bizə o faktura lazım idi. Guya kilo alanda çəkirdilər də", - deyə aktrisa bildirib.
Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirib ki, kastinq şirkətləri təkcə aktyor seçimi ilə məşğul olmur.
"Bəzən ssenarilər aktyorları nəzərdə tutularaq yazılır. Amma kastinq agentliyi təkcə seçim etmir ki. İstənilən ulduz olsa belə onun yaradıcı təqdimata ehtiyacı olmasa belə, maliyyə və hüquqi tərəfini nizamlamaq üçün kastinq agentliyi ilə əməkdaşlıq etməlidir. Aktyorlar öz qonorarları uğrunda mübarizə aparmamalıdırlar. Mübarizəni onların agentləri aparmalıdır. Kastinq agentliklərinin lazımlığı ondadır ki, onların hüquqları tapdalanmasın, qonorarları yüksək olsun. Ən azı onların çəkdikləri zəhmət adekvat olsun. Filmin, aktyor heyətinin təsdiqində aktyor agentliklərinin rolu olmalıdır. Kastinq agentlikləri mütləq olmalıdır. Onlar inkişaf etməlidir, Azərbaycanda güclü ən azı 2-3 belə şirkət olmalıdır. Biz ittifaq olaraq Səbuhi Məmmədov ilə əməkdaşlıq edirik. Biz onun bu agentliyini dəstəklədik və onların saytının yaratmasına kömək etdik. Bir şərtimiz də bu oldu ki, bu agentlik onun təkcə onun əməkdaşlıq etdiyi aktyorlar üçün deyil, digər sənətkarlar üçün də əlçatan olmalıdır. Kastinqin düzgün təşkil edilməsi həm də filmin uğuruna kömək etmiş olacaq və hər sənətçi də öz rolunu layiqincə ifa edəcək", - deyə Əli İsa Cabbarov deyib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ