İnsanlara hürriyət, millətlərə istiqlal!

Region ölkələri seçim qarşısında: NATO, KTMT, yoxsa...

Politoloq: “Ermənistan və Gürcüstan hər zaman siyasəti  gücün hansı tərəfdə olduğunu nəzərə alaraq qururlar, Azərbaycan isə...”

Cənubi Qafqaz regionu dünyanın ən parçalanmış regionlarından biridir. Bölgənin üç ölkəsi öz xarici siyasət prioritetlərində müxtəlif vektorlar seçdilər ki, bu da kiçik bir regionda NATO, KTMT, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi, vahid gömrük məkanı, eləcə də üçüncü yolun tərəfdarlarının yaranmasına səbəb oldu. Bu vəziyyət həm yaxın, həm də uzaq qonşular, eyni zamanda nüfuzlu güc mərkəzləri olan xarici oyunçuların regional konfiqurasiyalarda iştirakına şərait yaratdı".

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov 44 günlük müharibədən sonra regionda gedən prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı hələlik müttəfiqlik səviyyəsinə çatmayıb. “Lakin konkret layihələrin həyata keçirilməsində birlik, səmərəlilik nümayiş etdirirlər və çoxsaylı qarşılıqlı fəaliyyət, tərəfdaşlıq formatları əldə ediblər, - o əlavə edib.

Ekspert qeyd edir ki, Ermənistan-Rusiya və Ermənistan-İran formatları paralel olaraq inkişaf edib: “Rusiya və Ermənistan vahid ittifaq yaradıblar, Ermənistanla İran isə strateji tərəfdaşlığa malikdirlər. Ancaq Moskva üçtərəfli formatın formalaşmasına imkan vermədi, yəni bu ölkədəki maraqlarını Tehranla bölüşmək istəmədi. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti isə bu üçtərəfli tərəfdaşlıq perspektivlərini alt-üst etdi”.

F.Məmmədovun sözlərinə görə, Qərb - ABŞ və Aİ region ölkələri ilə situasiyalara uyğun münasibətlər qurdu, lakin 2020-ci ilə qədər zəmanətli heç nə təklif edə bilmədi, yalnız Gürcüstanın Aİ ilə assosiasiya sazişi imzalamasına müvəffəq oldu.

Region ölkələrinin gələcək seçimləri nə ola bilər?

Politoloq bu suala cavabında deyib: “Azərbaycan və Türkiyə bütün fəaliyyət sahələrini əhatə edən müttəfiqlik münasibətlərini rəsmiləşdirib. Gürcüstan strateji tərəfdaş statusunda qalaraq bu üçtərəfli formatda iştirakını davam etdirir. Ermənistanın bu konfiqurasiyada tərəfdaş kimi iştirak perspektivi görünür. Azərbaycan-Türkiyə oxu kommunikasiya komponentinin yenilənməsi hesabına yeni cəlbediciliyə malikdir.

Rusiya hələ də Ermənistanın rəsmi müttəfiqi olaraq qalır, lakin İranla hansısa yolla qruplaşmaq istəmir və bu niyyətdə görünmür. Ermənistanda Rusiya ilə münasibətlərdə boşluq yarandığına görə Qərb regionda fəallaşıb. ABŞ və Aİ Ermənistanı himayə etmək üçün fəal şəkildə Rusiyanı əvəz etməyə çalışırlar. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dəstəyin rəsmiləşdirilməsi üçün “yerdə” resurslar kifayət qədər olmadığı üçün bu dəstək Ermənistanın sərhədləri ilə məhdudlaşır". 

Cənubi Qafqazda nüfuz uğrunda dünyanın güc mərkəzlərinin mübarizəsinin getdiyi məlumdur. Bu da bölgənin üç ölkəsini bir sıra çətinliklərlə üz-üzə qoyur şübhəsiz. Seçim etmək məcburiyyəti ilə üz-üzə. Belə bir vəziyyətdə region ölkələrinin gələcək seçimləri nə ola bilər? Bu tendensiya daha da şiddətlənsə seçim etməkdən başqa çıxış yolu qalmasa Azərbaycan, Gürcüstan və Ermənistanın seçimi necə ola bilər? -NATO, KTMT, Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi?

AZƏRBAYCAN-TÜRKİYƏ İTTİFAQI FORMALAŞIR..." - » Dövrün Nəbzi - İnformasiya  Portalı

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov  “Yeni Müsavat”a bildirdi ki, yaxın tarixi yada salsaq Cənubi Qafqazda dəfələrlə müxtəlif qlobal güc mərkəzlərinin təsir imkanlarının gah zəiflədiyini, gah da gücləndiyini görərik. Bu da Cənubi Qafqazda ABŞ başda olmaqla Qərblə Rusiya arasında zaman-zaman ənənəvi siyasi rəqabətin, mübarizənin meydana gəlməsi ilə müşayiət olunub: “Müəyyən dövrlərdə Rusiyanın təsiri daha da artıb, müəyyən zamanlarda isə Qərbin təsiri artıb, Rusiyanın təsiri zəifləyib. Amma heç birinin təsiri tamamilə sıradan çıxmayıb. Donald Trampın hakimiyyəti dövründə ABŞ-ın, Qərbin Cənubi Qafqazda təsir imkanları zəifləmişdi. Bu da Rusiyanın təsirinin artmasına gətirib çıxarmışdı. Amma Co Bayden hakimiyyətə gəldikdən sonra, xüsusilə də Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın Cənubi Qafqazda təsir imkanları azalmağa başladı. Müharibə Rusiyanın təsir imkanlarını zəiflətdi. Bu da ən çox Cənubi Qafqazda özünü göstərməyə başladı. Nəticədə Ermənistan kimi Rusiyanın əlaltısı olan dövlət Rusiyadan, Rusiyanın hökmranlıq etdiyi təşkilatlardan məsafə saxlamağa, Qərbə meyllənməyə başladı”.

Politoloq qeyd etdi ki, Ermənistan və Gürcüstan hər zaman gücün hansı tərəfdə olduğunu nəzərə alaraq münasibətləri buna uyğun olaraq qururlar.  Bundan sonrakı dövrdə də hansı qütbün gücü daha çox olacaqsa Cənubi Qafqaz dövlətlərinin seçimi də həmin istiqamət olacaq: “Hazırkı vəziyyət isə onu göstərir ki, Rusiyanın təsir imkanları zəifləyib. Ona görə də Cənubi Qafqazın üç ölkəsindən ikisi açıq-aşkar Rusiya qütbündən uzaqlaşmaq xəttini nümayiş etdirir, NATO-ya, Avropa İttifaqına istiqamətlənirlər. Azərbaycan isə daha çox müstəqil siyasət yürütmək, bütün tərəflərlə normal münasibətlərdə olmaq xəttini yürüdür. Azərbaycan nə KTMT-yə, Avrasiya İqtisadi Birliyinə üzv olur, nə də NATO-ya, Avropa İttifaqına daxil olmaq istəyir. Lakin mən hesab edirəm ki, hər üç Cənubi Qafqaz respublikası öz gələcək inkişaflarını daha çox Qərb qütbünə aid təşkilatlarla birlikdə olmaqda görəcək. Azərbaycan bu zaman da öz milli maraqlarından irəli gələn siyasəti həyata keçirəcək və Qərblə yanaşı, lazım olan sahələrdə Rusiya tərəfinə də üstünlük verəcək”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR