Onlayn ictimai-siyasi qəzet
Biz bu sətirləri yazanda NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz regionuna səfəri hələ başlamamışdı - deyirdilər ki, indi gələr, bu saat gələr.
Amma biz əvvəldən bu fikirdəydik ki, Stoltenberqin regiona səfəri müstəsna əhəmiyyət kəsb edən məsələ deyil - düşünürdük ki, o, prinsipcə, gələ də bilər, gəlməyə də, bunsuz da təkcə dünya deyil, eyni zamanda bizim region da qazan kimi qaynayır, Qərblə Rusiya arasındakı qarşıdurma getdikcə daha qabarıq və aktual xarakter daşıyır və bunun sərhədləri artıq çoxdan Ukrayna çərçivəsindən kənara çıxıb.
Amma Stoltenberqin proqnozlaşdırılan Cənubi Qafqaz səfəri bir neçə aspektdən əhəmiyyət kəsb edir.
Birincisi, NATO bütün deyilənlərə rəğmən, Bakı və İrəvan arasında yaşanan problemlərdə tərəf olmaq istəmir. İkincisi, Bakı Tiflisdən və İrəvandan fərqli olaraq NATO-ya və Avropa İttifaqına inteqrasiya ilə bağlı planlar qurmur. Tiflisin bu aspektdəki cəhdləri hamıya çox yaxşı məlumdur. Ukrayna müharibəsi başlayandan sonra bu ölkə bir az ehtiyatla davranmağa başlasa da müharibədən əvvəl hamı onu NATO-nun qeyri-rəsmi, qeyri-formal üzvü adlandırırdı.
Müharibə də prinsipcə, qonşu Tiflisi əvvəlki yolundan döndərə bilməyib - ən azı ona görə ki, Gürcüstan da Avropa İttifaqına üzv olmaq üçün namizəd-dövlət statusu aldı və bu, onu deməyə əsas verir ki, proses hələ davam edir və heç kim Tiflisin avrointeqrasiya ilə bağlı planlarının üstündən xətt çəkməyib...
O ki qaldı Ermənistana, bu kontekstdəki olaylar hamıya çox yaxşı məlumdur. Erməni baş nazirin geosiyasi planları, bəyanatları ilə bağlı gecə-gündüz danışılır və burada təkrara ehtiyac yoxdur. Bircə onu deyək ki, Avropanın da Ermənistanla bağlı planları deyəsən, adi söz-söhbət xarakteri daşımır və səhv etmiriksə, bugünlərdə Avropa Paralamenti İrəvanın kontinental strukturlara inteqrasiyasını gücləndirmək haqda xüsusi qətnamə də qəbul etmişdi. İndi baxaq, görək, nə olur?..
Təkcə ruslar yox, elə çox adam belə hesab edir ki, İrəvanın avro-ehtirasları yalnız və yalnız Paşinyanın əməlləridir. Belədirmi? Güman etmirik. Ermənistanı Rusiyanın orbitində saxlayan keçmiş Dağlıq Qarabağ problemi idi. O alınmadısa, deməli, Rusiya da Ermənistana daha lazım deyil və onun üçün daha varlı və səxavətli “dayı” tapmaq elə də problem deyil. Amma əksəriyyət bu fikirdədir ki, bu yolda İrəvan hələ çox tər tökməli olacaq. Ona görə ki, İrəvan Bakıdan və Tiflisdən fərqli olaraq Rusiyadan uzaqlaşmaq üçün bu illər ərzində real olaraq heç bir addım atmayıb və öz müstəqilliyinə real məzmun verməyə cəhd etməyib. Odur ki, onun Moskvanın təsirindən çıxmaq cəhdləri elə də asan olmayacaq...
Bir daha Azərbaycana gəldikdə isə, o, aşkar avro-inteqrasiya əlamətləri biruzə verməsə də, Qərbdə bir neçə amili nəzərə alırlar. Birincisi, Bakı Cənubi Qafqazın ən güclü və varlı, ələlxüsus da real müstəqilliyi, xüsusən də real iqtisadi müstəqilliyi olan ölkəsidir. Bu baxımdan Qərb və xüsusən də NATO ona biganə qala bilməz.
İkincisi, NATO-nun özü ilə olmasa da, Bakının Ankara ilə çox intensiv hərbi-siyasi əməkdaşlığı var və burada sual yaranır: bəs Ankara kimdir? NATO-nun ən aparıcı üzvlərindən biri!..
Odur ki, burada “Dostumun dostu mənim də dostumdur!” prinsipi rol oynamağa başlayır. Bütün təzadlara baxmayaraq, Qərb siyasətçiləri realist insanlardır və onlar görürlər ki, kiçik ölkə olsa da, Azərbaycan real gücdür və onsuz, onun geosiyasi və geoiqtisadi resurslarını nəzərə almadan regionda iş qurmaq natamam olardı. Həm də Azərbaycan Xəzərə və Mərkəzi Asiyaya mühüm girişdir, hətta “açar ölkədir”. Bütün bunları Brüssel nəzərə almaya bilərmi?..
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ