İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Bəzən hakimlər praktiki səhvlərə yol verir və ədalət prinsipini pozur”

Milli Məclisin iclasında Ali və Appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsi müzakirəyə çıxarıldı.

Deputat Razi Nurullayev söz alaraq əvvəlcə hakimləri təyinatla bağlı təbrik etdi. Daha sonra isə bəzi məqamlarla bağlı narahatlığını ifadə etdi: “Qeyd etməliyəm ki, məhkəmələrin işində baş verən müsbət dəyişiklikləri alqışlayırıq. Açığını etiraf edək ki, məhkəmələrlə bağlı gələn ərizələrin də sayı azalıb. Daxil olan ərizələrin əsasən təkrarlanır və onlar da sabiq vəzifəli şəxslərin vəzifələrindən sui-istifadə edərək etdikləri qanunsuzluqlarla bağlıdır və şəxsən mənim bu işləri ölü nöqtəsindən tərpətməyə ya gücüm çatmır, ya da təzyiqlər qarşısında tab gətirə bilmirəm. Məhkəmələr müstəqil orqandır və biz deputatlar onlara göstəriş verə bilmərik, bunu da qəbul edirəm”.

R.Nurullayev dedi ki, bəzən hakimlər, xüsusən də cavan hakimlər, müəyyən nəzəri bilikləri olmasına baxmayaraq, praktiki səhvlərə yol verir və ədalət prinsipini pozur: “Hər zaman vətəndaşın yanındayam, amma bəzi məsələlər var ki, ola bilmirik. Belə ki, bir çox hallarda vətəndaşlar xüsusən də tikinti şirkətlərinə qarşı əsassız iddialar qaldırır və ya mülkiyyət sahiblərinə qarşı pul tələbi irəli sürür. Bu halda iddiaçılar müvəqqəti təmin tədbiri kimi məhkəməyə ərizə verərək sahibkarın əmlakına, pul hesabına və ya qanuni olan başladığı işinə həbs qərardadı alaraq işini iflic vəziyyətə qoyur. Nəzərə alsaq ki, məhkəmələr uzun bir vaxt ərzində işə baxır və yuxarı instansiyalarda mübahisələndirilir, bu vaxt ərzində sahibkar və mülkiyyətçi faktiki olaraq heç bir iş görə bilmir və onun sahibkarlıq hüququ pozulur. Yəni, hakimlər formal ədalət mühakiməsini yox, həqiqi ədalət mühakiməsini həyata keçirməlidir”.

Deputat qeyd etdi ki, əsasən, bu problemlər inzibati və kommersiya məhkəmələrində baş verir: “Nəzərə alsaq ki, sahibkar və ya mülkiyyətçinin də ayrı-ayrı öhdəlikləri olur, həmin sözü gedən və əsassız qoyulan həbs qərardadları sahibkarların işinə çox ciddi maneəçilik törədir. Hakimlərə tövsiyə olunmalıdır ki, uğursuz və perspektivi olmayan işlər üzrə diqqətli olmalı, əsassız həbs qərardadları verilməməli və belə növ işlərə çox vaxt ayırılmamalıdır. Belə ki, hakimlər öz vaxtını da səmərəli keçirməlidir axı. Hər bir əsassız iddia büdcə vəsaitin xərclənməsi deməkdir. İnzibati işlər üzrə hakimlər gözlərini yumub daha çox dövlət qurumunun protokollarını təmin edir. Azmış kimi, bəzi hallarda sahibkara yazılan protokollar əsassız olur, onlar heç məhkəməyə gəlib öz iddialarını müdafiə etmir, amma mülkiyyətçi məcbur olur gəlir, pul xərcləyir yollara, vəkilə və sair. Hakimlər isə bir tərəfli qaydada “protokolu” müdafiə edir, sanki, həmin dövlət qurumuna xidmət edirlər. Məhkəmə sistemi güclu olduğu təqdirdə hüquqi dövlət olaraq güclü olur və cəmiyyətin bütün sahələri inkişaf edir. Misal üçün Singapur! Məhz məhkəmələrin köklü islahatı nəticəsində Singapurda yüksək iqtisadi inkişaf oldu. Bizdə də məhkəmə islahatları davam edir. Ümid edirəm ki, gördüyümüz müsbət nəticələr daha da gözəgəlimli olacaq”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR