İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayon rəhbərləri niyə bir-bir həbs olunur – “mini krallıqların” sonu, yoxsa... ?

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb. Bu əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər vəzifəli şəxs saxlanılıb.

Qeyd edək ki, İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, uzun müddət bölgədə əsas fiqurlardan biri hesab olunurdu. Lakin son illər dövlət səviyyəsində aparılan antikorrupsiya siyasəti fonunda onun da adı tez-tez neqativ kontekstdə hallanırdı.

Əslində, Rzayevin saxlanılması ictimaiyyətdə elə də təəccüb doğurmayıb. Çünki son illərdə DTX-nin “rüşvət şəbəkələrinə” qarşı mübarizəsi sistemli xarakter alıb və artıq demək olar ki, Azərbaycanda az qala hər bölgədən bir sabiq icra başçısı məhbəs həyatı yaşayıb. Bu isə həm korrupsiya ilə mübarizənin davamlılığını, həm də rayon idarəetmə modelindəki ciddi struktur problemləri bir daha gündəmə gətirir.

Maraqlıdır ki, əksər hallarda saxlanılan icra başçılarına eyni ittihamlar irəli sürülür - rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, büdcə vəsaitlərinin mənimsənilməsi. Bu isə onu göstərir ki, problem fərdi deyil, sistematik xarakter daşıyır.

Bəzi icra hakimiyyətləri, xüsusilə regionlarda, illərdir “mini krallıqlar” kimi fəaliyyət göstərir. Bir çox hallarda həmin başçılar özlərini mərkəzdən çox, yerli “hakimiyyət” kimi aparır, dövlətin idarəçilik prinsipinə deyil, şəxsi maraqlara əsaslanır. İslam Rzayevin həbsi bu “sistemin davamçısı” kimi qiymətləndirilir.
Təkcə 2019-cu ildən bu günə qədər onlarla rayon rəhbəri müxtəlif korrupsiya ittihamları ilə həbs edilib və bir çoxu artıq məhkəmə hökmü ilə cəza alıb.

Attachment

Musavat.com son illərdə həbs edilən icra başçıları təqdim edir:

Musa Şəkiliyev (Qax) - 2024-cü ilin iyununda saxlanılıb, korrupsiya əməllərində ittiham olunur.
Alimpaşa Məmmədov (Şəmkir) - 2021-ci ildə həbs olunub, 11 il 6 ay cəza alsa da, sonradan 10 ilə endirilib.
İsmayıl Vəliyev (Neftçala) - 2020-ci ildə tutulub, 10 il cəza 6 il 2 aya endirilib.
Vilyam Hacıyev (İmişli) - 2020-ci ildə saxlanılıb, 12 il həbs cəzası 8 il 6 aya endirilib.
Mahir Quliyev (Biləsuvar) - 2020-ci ildə həbs olunub, 11 il cəza 8 il 3 aya azaldılıb.
Namiq Zeynalov (Cəlilabad) - 2020-ci ildə həbs olunub, 12 ildən 11 il 9 aya endirilmiş cəza ilə hazırda məhbəsdədir.
Ceyhun Cəfərov (Kürdəmir) - 2020-ci ildə həbs olunub, 2025-ci ildə azadlığa çıxıb.
Qoca Səmədov (Yevlax) - 2019-cu ildə tutulub, 2023-cü ildə azadlığa çıxıb, az sonra vəfat edib.
Nizaməddin Quliyev (Ağstafa) - 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə həbs edilib, 2021-ci ildə koronavirusdan dünyasını dəyişib.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR