İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayev: “Məzarına baxıb dedim ki, ay Elxan, axır ki, qovuşdun oğluna...”

“Elxan Qasımovu universitet illərindən tanıyırdım. Mən birinci, o isə dördüncü kursda oxuyurdu. Həmin vaxtlar o, “Əhməd haradadır?” filmindən çox məşhurlaşmışdı.

Daha sonra 1970-ci illərdə kinostudiyada görüşdük, o vaxtdan dostluq münasibətlərimiz başladı. Elxan Qasımov Azərbaycan kino mədəniyyətində uzun illər çalışıb. O, ikinci rejissor kimi də işləyib, bədii filmlər çəkib. Hətta bir filmində çəkilmişəm”.

Bu sözləri Xalq artisti Rasim Balayev mərhum dostu, həmkarı Elxan Qasımovla bağlı xatirələrini Musavat.com-la bölüşərkən deyib. Rasim Balayev mərhum dostunun insani xarakterlərindən də söz açıb:

“Elxan Qasımov çox mülayim, şirindil, zarafatcıl, hər kəsin xeyir-şərinə yarayan adam idi. Lakin oğlu faciəli şəkildə dünyasını dəyişəndən sonra toylara, hətta dostlarının ad günlərinə getmədi. Yəni harada musiqi səslənirdi, ora getmirdi. Oğluna çox bağlı idi. Əvvəllər hər gün, sonra isə tez-tez onun məzarı üstünə gedirdi. İndi də oğlunun yanında dəfn olundu. Baxıb ürəyimdə dedim ki, ay Elxan, çox Samir, Samir, oğlum deyirdin, axır ki, qovuşdun oğluna...

Mənim üçün çox ağırdır, çox pərişanam, yaxın dost itirmişəm. Allah Elxan Qasımova rəhmət etsin”.

Xatırladaq ki, Əməkdar artist, kinorejissor Elxan Qasımov bu gün Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında dəfn edilib.

Qeyd edək ki, sənətçi bir müddət əvvəl qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Mayın 9-da əməliyyat olunan Elxan Qasımovun müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilmişdi.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR