Onlayn ictimai-siyasi qəzet
Bir az ala-dolaşıq yazı olacaq, günün ağırlığı var...Müharibə başlayanda, həmin yerləri birinci göyərçinlər tərk edir. Sərçələr bir az başqa canlıdırlar- boz sərçələri deyirəm- onlar doğulduqları yerə bir az daha çox bağlı olurlar. Boz sərçələrin “civ-civ” səsləri əslində gözəl ədəbiyyat deyil, bu dəfə musiqi pritcasıdır, onlar quşlar sinifindən ən sonda tərk edirlər doğma yurdları, daha insanlara ümid qalmayanda, ağaclar yananda, sular quruyanda... Hara gedir o quşlar? Dünyada dinclik, aydın səma olan haralar qaldı? O yerlərə sürü ilə uçandamı insan övladına bu cür əhkam(racon)kəsirlər? İnsan onların azad səmasını alır, raket-mərmi ilə zəhərləyir, azadlğını məhdudlaşdırır.
İnsan onlara bu dünyanı dar edəndə bir gün onlar da insanlara düşmən kəsilə bilirlər. Məsələn, sürü ilə tarana gedirlər. Sərçələr və taran! Balaca- balaca sərçələr(sığırlar və sairə) və bir neçə min ton ağırlığı olan təyyarə adlanan “qanadlı quş”... Bakı-Qroznı təyyarəsi haqda da, ondan əvvəl baş verən 10-larla qəzalarda da quşlara günahkar deyirlər. Dünyanın ən yüksək səviyyəli aeroport xidmətləri quşlarla mübarizədə önləyici tədbirlər görülür, quşları qorxutmaq üçün müəyyən siqnallar verilir, amma...
Mən “qatil quşlar” hekayətlərinə də inanıram, qusların intiqamına da, taranına da. Quşlar min il əvvəl qurduqları “marşrutlar üzrə uçurlar” deyirlər, bu səbəbdən təyyarələrlə toqquşmalar olur. İnsan övladına bu cür taran-etirazı illərdir zooloqlar, ornitoloqlar arasdırır. Saatda 400 kilometr sürətlə uçan bir təyyarənin quş(lar)un toqquşmasının gücü yerdən atılan mərminin enerjisinə bərabər olduğunu da deyirlər. Yəni bu, təkcə təyyarə ilə quşun toqquşması deyil. Bu, təyyarəni məhv edə biləcək mərmi ilə vurulmağa bərabərdir. İnanan da, var, inanmayan da. Bəlkə bu sadəcə, illərdir eşitdiyimiz fantastik versiyadır... Statistika isə deyiur ki, hər il 5 mindən çox təyyarə-quş toqquşması baş verir. Bu "toqquşmaların" əksəriyyəti uçuş və ya eniş zamanı baş verir. Quşlar adətən, buludların altında uçurlar. Quşlarla toqquşma hallarının 75% -i 300 m hündürlükdə, 20% -i 300 ilə 1500 m arasında, qalan 5% - yerdən daha böyük məsafədə qeydə alınıb. Təyyarənin ən çox vurulan hissələrinə gəlincə, 45%-i mühərrikə, 12%-i kabinəyə dəyir. Bununla belə, quşların iki mühərrikə də taranı da olur ki, bu da təyyarə qəzasını qaçılmaz edir.
Sərçələr və onun kimi digər quşlar azaddırlar, göyərçinlərin bu cür seçimləri azdır. Ev göyərcinləri ancaq “əmr” və onlara izn veriləndə uçarlar, vəhşi göyərçinlər də var, onlar isə azad hesab oluna bilərlər, əvvəllər daha “qürurlu” idilər, məsələn, “Torqovı” da tez-tez toplaşardılar, hər atılan dəni yeməzdilər. İndi xırda bazarların, yanında belə tuma aldanırlar, özlərini gözdən salırlar. Yəqin ki, bnunun səbəbləri də insanlarla bağlıdır.
Quşbazları yadıma salıram. Şuşa məcsidinin qarşısında onlar hərdən dəqiqələrlə gözlərini göydən çəkməzdilər. Quşlara onlar da ad qoyardılar: “Barmağı üzüklü”, “Ag kəkilli”, “Qara quyruq...” Sən ha baxsanda onları səmada ayırd edə bilməzdin, o quşların sirrini də, sehrini də, sevgisini də onlar bilirdilər. Səmaya xəsisliklə buraxardılar, onlar da əsir saxlayardılıar, amma quşlar onların əlində də, səmada da xoşbəxt kimi görünərdilər, süzərdülər.
İbtidai sinifdə oxuyanda bizim dövrün uşaqlarına belə sualı tez-tez verirdlər: “Ağacda üç sərçə oturub, birini daşla vurdun, neçəsi qaldı?” Cavabı düşünmədən deyənlər də vardı, guya çətin riyazi tənliyi həll edibmiş kimi düşünüb, soyləyənlər də. Məqsəd “quşu vurmaq olmaz” deyildi, bu sual-cavabda. Biz müharibədən xeyli əvvəl sərçələri daşla vuranda onlara acımırdıq, indi onlar insan övladına niyə acısınlar ki...
İnsanlar onların adlarını da əllərindən alıblar. Müharibədə “ptiçkalar” indi ölüm “quşlarıdırlar”. Dinc quşların yerini onlar tutublar. Quşların “intiqam hekayələri”ni xəfifə almayın, bir ölkənin bayrağını yarıyadək endirmək “gücündə” ola da bilirlər...
Nazim Sabiroğlu,
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ